Jurnalistikada etik və hüququ meyarlar

“Jurnalistikanın ali məqsədi həqiqətdir, obyektivlik isə jurnalistlərin əsas professionallıq meyarıdır. Jurnalist heç bir fakt və fikri saxtalaşdırmamalı və ya qəsdən təhrif olunmuş şəkildə təsvir etməməlidir”. Bu fikirlər Azərbaycan Jurnalistlərinin Peşə Etikası Kodeksində əks olunub. Bəlkə də fikirləşmək olar ki, media əhli bu prinsiplərə əməl etsə, bir çox problemlərdən yan keçmək olar. Ancaq medianın iqtisadi idarəetmə sistemi, daha geniş auditoriya toplamaq iddiası, cəmiyyətdə müxtəlif güc sahiblərinin maraqları fərqli məqamları diktə edir. Bu normal hal olsa da bir hallarda etik prinsiplərdən uzaq düşməyə və məsuliyyətin azalmasına gətirib çıxarır.

Bəzən jurnalistikada peşəkarlığın aşağı düşməsindən, müasir mediamızın geri qalmasından söhbət açılır. Kimlərinsə bu peşəkarlığı və yaxud qeyri peşəkarlığı necə və hansı meyarlarla müəyyənləşdirdiyini bilmirəm. Ancaq onu əminliklə deyə bilərəm ki, istər elektron mediada ciddi proqramlar, istərsə də, çap mətbuatında həmin səpkili yazılar geniş auditoriya tərəfindən o qədər maraqla qarşılanmır.

Cəmiyyət sakit tonda verilən informasiyanı deyil, daha çox radikal, haylı-küylü məlumatları eşitməkdə maraqlıdır. Qəzetdə bir qalmaqal yazısı versən, onu oxuyan daha çox olacaq. Çap mətbuatında dərc olunan əhəmiyyətli yazının, hər hansı tv-də yayımlanan ciddi verilişin reytinqi isə çox aşağı olmaqla yanaşı, hətta bəziləri belə səpkili yazılara və yaxud verilişlərə qeyri-ciddi yanaşır. Təbii ki, bunun səbəbləri çoxdur. Əlqərəz real vəziyyət belədir.

Ona görə də peşəkar bir yazar ya jurnalistikadan uzaqlaşmalıdır, ya da axına qoşulub qalmaqallı, qərəzli yazılar yazmalıdır. Məncə, auditoriyanın darlığından narahat olmağa dəyməz. Əsas odur ki, jurnalist kiminsə diktəsilə deyil, doğru bildiyinin arxasınca gedir və həqiqət olanı yazır. Bir məsələni düzgün anlamaq lazımdır ki, ciddi bir yazı kimisə tərifləmək, kimisə söymək və yaxud ütülənmiş fikirlərdən ibarət söz yığnağı deyil.

Ancaq normal demokratik cəmiyyətin əsas atributlarından sayılan söz azadlığının ictimai və etik məsuliyyətlə vəhdətdə olması birmənalıdır. Etik prinsiplər bir çox hallarda KİV-in probleminə çevrilir. Məhz bu məsələlərin aydınlaşmaması “Diffamasiya haqqında”qanun qəbul edilib edilməməsini müzakirə obyektinə çevirir. Həmin qanun layihəsinin istər tərəfdarlarının, istərsə də, əks cəbhənin nümayəndələrinin öz arqumentləri var. Hər iki tərəfin səsləndirdiyi fikirlərlə razılaşmaq olar. Ancaq bir məsələ var ki, “Diffamasiya haqqında” qanunun qəbul edilib-edilməməsi mətbuatın əsas problemlərini həll etmir. Çünki KİV-ın inkişafını tənzimləyən də, jurnalistin az və ya çox dərəcədə davranışına təsir edən də halal iqtisadi faktordur.

Etik məcəllə, jurnalist etikası və digər məqamlarla bağlı bəzi xarici ölkələrin təcrübəsinə diqqət yetirmək pis olmazdı. Ümumiyyətlə, dünyanın 40-a yaxın ölkəsində jurnalist təşkilatları etika məcəlləsini qəbul ediblər. Bu sənədlərdə birmənalı olaraq ən ümumi prinsiplər, faktların doğruluğu, dəqiqliyi, yoxlanması və sairə nəzərdə tutulur. Əcnəbi ölkələrin qəbul etdiyi həmin etika məcəllələrində jurnalist məsuliyyəti və vicdanlığı, təqsirsizlik prezumpsiyası və fərdin müdafiəsi, informasiya azadlığı, məlumatların azad əldə edilməsi, mənbələrin konfidensiallığı peşə sirri və s. məcəllədə əks olunur. Bunun işlənmiş mükəmməl ən son nümunəsi İtaliya Mətbuatının Milli Federasiyası və Milli Jurnalistlər Şurası tərəfindən qəbul edilən Jurnalistlərin Vəzifələri haqqında Xartiyadır. Həmin ölkələrin təcrübəsinə nəzər saldıqda digər maraqlı məqamlara rast gəlmək olar. Hətta bəzi qəzetlər daxili prinsiplər qəbul ediblər. Bunlar bəzi hallarda, xüsusilə, seçki dövründə seçkilərin şəffaf işıqlandırılması və bir çox vaxtlarda ümumi prinsiplər məqsədilə həyata keçirilir.

Media quruluşlarının əsas prinsipləri bunlar olub: ”Etibarlılıq, ədalətlilik, balanslılıq və qərəzsizlik”. Avropa məkanında etibarlı informasiya, bu məlumatın bütün mahiyyətini əhatə edir. Auditoriya verilən məlumata etibar etmirsə bu potensial oxucu itkisi deməkdir. Media biznesini yaxşı həyata keçirmək üçün hətta seçki dövrlərində işıqlandırmanın etibarlılığı önəmlidir. Etimadı qazanmaq bir fürsətdir. Həmin ölkələrin media təcrübəsi göstərir ki,etibarlı informasiya mənbəyi olmaq üçün jurnalist heyəti hər gün sübut etməlidir ki, informasiya ədalətlidir, dəqiqdir və bütün baxışlar üçün açıqdır. Demokratik proseslərə dəstək vermək məqsədilə media ilk növbədə vətəndaşların maraqlarına əsaslanan işıqlandırmanı həyata keçirir.

Xarici medianı ideallaşdırmaq fikrində deyiləm. Çünki müstəqil KİV-in problemsiz olduğunu düşünmək düzgün olmaz. Ancaq Amerikalı jurnalist Coan M.Lisoski maraqlı bir fikrini xatırlayıram. Həmin şəxsin qənaətincə, “Amerika cəmiyyətini düşündürən, narahat edən məsələnin gündəmə gətirilməsi vətəndaşın marağına xidmətdir, ona görə də biz həqiqəti təkrarlamaqdan çəkinmirik”.

Mənim fikrimcə, Azərbaycan KİV-ləri də əsassız qalmaqallardan uzaq olaraq, cəmiyyəti düşündürən, narahat edən məsələləri gündəmə gətirməkdən, ciddi yazıları yazmaqdan, həqiqəti vurğulamaqdan çəkinməməlidir. Media mənsubu diqqəti əsas oyunçuların hərəkətlərindən daha çox, hadisələrin mahiyyətinə yönəltməlidir. Bu yazını Hötenin fikirləri ilə tamamlamaq istərdim: “Həqiqəti həmişə təkrarlamaq lazımdır, çünki ətrafımızda daim yanlış fikirləri təbliğ edənlər olur”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO