Jurnalistika fakültəsində aparılan monitorinq dəhşətli nəticələr verib

Azərbaycanda jurnalistika ixtisası almaq istəyən abituriyentlərdən qabiliyyət imtahanı götürülməlidir. Bu barədə çərşənbə günü “Trend”ə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib. “Mətbuat Şurası olaraq, Azərbaycanın ali təhsil məktəblərinin jurnalistika fakültələrində monitorinq keçirmişik.

Monitorinqin nəticələri bizi razı salmayıb. Çünki bu gün jurnalistika fakültəsində təhsil alan tələbələrin çoxu bu fakültəyə təsadüfən düşdüyünü deyir. Onların yarıdan çoxu bakalavr pilləsini bitirdikdən sonra bu sahədə təhsilini davam etdirməyəcəyini bildirib. Görünür, jurnalistika sahəsində təhsil sisteminin yenidən qurulmasının vaxtı çatıb” – Amaşov əlavə edib.

Onun sözlərinə görə, bu yenidənqurmanın əsasında qabiliyyət imtahanlarının bərpası dayanır. “Qabiliyyət imtahanının bərpa olunması bu sahədə mövcud olan problemləri nisbətən həll edə bilər. Ondan sonra jurnalistika təhsilinə maraq da artar, jurnalistika fakültəsini bitirənlər də kifayət qədər yetişmiş jurnalistlər olar və nəticə olaraq Azərbaycan jurnalistikası da, Azərbaycan mətbuatı da qazanar” – Amaşov vurğulayıb. MŞ sədri magistr təhsili almaq istəyən jurnalistlərin esselərinin Şura tərəfindən yoxlanılması məsələsinə də aydınlıq gətirib.

“Azərbaycan Mətbuat Şurası özünün mütəxəssislərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə həmin sənədlərin yoxlanması üçün ezam edəcək. Magistr olmaq istəyən şəxslərin esseləri Mətbuat Şurası tərəfindən yoxlanacaq. Burada söhbət tələbələrin publisistik, bədii təfəkkürlərinin və yaradıcılıqla bağlı bacarıqlarının yoxlanmasından gedir” – o deyib. Amaşov hesab edir ki, magistr dərəcəsi almaq istəyən insanlar o pilləyə layiq olmalıdır.

“Mətbuat Şurası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu təşəbbüsünü alqışlayır” – o bildirib. TQDK sədri Məleykə Abbaszadə bir neçə gün öncə bildirib ki, komissiya jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların yazılarının yoxlanması üçün Mətbuat Şurasına müraciət edəcək. Mətbuat Şurasına olu nan müraciətdə yazılı işlərin yoxlanması məsələsinə münasibət bildirilməsi təklif olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO