Jurnalist təşkilatlarının rəhbərləri prezidentə müraciət etdi

Beş jurnalist təşkilatının rəhbərləri hazırda 3 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan “Bizim yol” qəzetinin yazarı Müşfiq Hüseynovun əfv edilməsi xahişi ilə prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“Media forum” saytı xəbər verir ki, müraciətdə M.Hüseynovun və onun ailəsinin taleyindən narahatlıq ifadə olunur: “Son aylar həm Müşfiq Hüseynov, həm məhbusla görüşən ailə üzvləri, həm də onun vəkilləri jurnalistin səhhətinin ağırlaşdığını dəfələrlə bəyan ediblər. Aldığımız məlumata görə, o, ağır formada vərəm xəstəliyindən əziyyət çəkir və belə bir xəstəliyin həbsxana şəraitində müalicə oluna biləcəyi inandırıcı görünmür”.

Jurnalist təşkilatlarının rəhbərləri indiki vəziyyətdə M.Hüseynovun günahının dərəcəsini və ona verilən cəzanın ədalətliliyini müzakirə etmək fikrindən uzaq olduqlarını vurğulayır: “Amma istənilən cəzanın məqsədi insanı islah etməkdir. Bizi bu gənc jurnalistin gələcəkdə sağlamlığını bərpa etmək, əmək fəaliyyətini hər hansı formada davam etdirmək imkanını itirməsi təhlükəsi narahat edir. Onu isə evdə iki və dörd yaşlı uşaqları, işsiz ailə yoldaşı gözləyir.

Biz humanizm prinsiplərini əsas tutaraq Müşfiq Hüseynovu əhv etməyi və bununla da ona müvafiq şəraitdə keyfiyyətli müalicə almaq imkanı yaratmağı sizdən xahiş edirik”.

Müraciəti “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Jurnalistika və İnkişaf Mərkəzinin sədri Qulu Məhərrəmli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı imzalayıblar.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO