“Jurnalist Qadınlar “ın “mənzil təşəbbüsünə ” mediadan geniş dəstək gəldi

Bu günlərdə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə “Milli mətbuatın 135 illik yubileyi: jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması yolları” mövzusunda Dəyirmi Masa təşkil edilib. Dəyirmi Masada media rəhbərlərinin deputatların ictimai-siyasi xadimlərin iştirakı ilə jurnalistlərin sosial durumunun yaxşılaşdırılması yolları araşdırılıb və hökumətə konkret təkliflər irəli sürülüb.

Jurnalistlərin mənzil probleminin həlli yollarının axtarılıb tapılması yönümündə aparılan müzakirələr əsasında jurnalistlər adından prezident İlham Əliyevə müraciət qəbul edilib.

Müraciətdə bildirilir: “Milli mətbuatımızın inkişafı istiqamətində görülən işlər heç şübhəsiz Azərbaycan jurnalistləri qarşısında dayanan bir sıra problemlərin aradan qaldırılmasına o cümlədən onların sosial vəziyyətinin yaxşılaşdırılmasına imkan yaradır. Bununla yanaşı jurnalistlər hələ də cəmiyyətimizin aztəminatlı sosial təbəqəsinin təmsilçiləri kimi onları gündəlik qayğılarla əhatə edən və peşə fəaliyyətinə ciddi maneə yaradan problemlərin həllində çətinlik çəkir. Hazırda Azərbaycan jurnalistlərinin qarşısında duran ən böyük çətinliklərdən biri də onların mənzil problemlərilə bağlıdır. Uzun illərdən bəri müstəqil Azərbaycan mətbuatının inkişafında təmənnasız xidmət edən milli mətbuatımızın təməl maarifçilik missiyasının daşıyıcısı olan bu yolda istedad və bacarıqlarını əsirgəməyən jurnalistlərimizin əhəmiyyətli bir hissəsi hələ də evsizlikdən əziyyət çəkir və öz vicdanlı əməyinin müqabilində əldə etdiyi vəsaitlərlə mövcud bazar iqtisadiyyatı münasibətləri çərçivəsində bu problemlərin öhtəsindən gələ bilmir”.

Tanınmış jurnalist Nicat Dağlar sözügedən müraciəti yüksək qiymətləndirdiyini və bunu alqışladığını bildirdi: “Bu problem doğrudan da aktualdır. Xeyli müddətdir ki bu məsələ müxtəlif qurumlar qarşısında qaldırılıb. Ancaq təəssüflər olsun ki hələlik ortada bir nəticə yoxdur. Mətbuatın 135 illiyilə bağlı silsilə tədbirlər nəzərdə tutulur və mətbuatda da gedən məlumatlara görə hansısa jurnalistlər üçün yubileylə əlaqədar təqdimetmə və mükafatlandırma mərasimləri olacaq. Ancaq çox yaxşı olardı ki jurnalistlərin əsas problemi hesab olunan mənzil problemi həll olunsun. Çünki xeyli sayda jurnalist kirayədə qalır. Hansısa pul və digər mükafatların verilməsi jurnalistikanın problemlərinin həlli demək deyil. Bu gün jurnalistlər olduqca az məvaciblə işləmək məcburiyyətindədir və qazandıqları məvacib də onların kirayəsinə gedir. Bununla belə jurnalistikada ictimai əsaslarla fəaliyyət göstərənlər var. Nəticədə onlar digər problemlərini həll edə bilmir. O baxımdan ümid edirəm ki sözügedən müraciət dövlət başçısı tərəfindən müsbət qarşılanacaq və jurnalistlərin mənzillə təmin olunmasına göstəriş veriləcək. Ən azından bizim dövlətin hazırkı maliyyə imkanları bunu reallaşdırmaq gücündədir. Çünki hər il müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi üçün milyonlarla vəsait xərclənir. Dövlətin imkanları olmasaydı bu kimi məsələləri qabartmamaq olardı. O baxımdan jurnalistlərin mənzil probleminin həll edilməsinin vaxtı çatıb. Mən özüm də uzun illərdir kirayədə qalıram. Mənim kimi yüzlərlə jurnalist kirayədə yaşayır”.

“525-ci” qəzetin redaktoru Yaşar Əliyev də sözügedən təşəbbüsü alqışladığını bildirdi: “Bizim dövlətin imkanları günü-gündən artır genişlənir. O baxımdan təbii ki jurnalistlərin mənzil problemi öz həllini tapmalıdır.

Çünki jurnalistika Azərbaycanda elə bir sahədir ki yüz il də işləsələr imkanları hesabına ev ala bilməzlər. Aldıqları cüzi məvacib ancaq gündəlik xərclərə çatır. Azərbaycan mətbuatının jurnalistikasının yaşamasını çiçəklənməsini istəyiriksə burada çalışanların mənzil şəraiti dövlət səviyyəsində öz həllini tapmalıdır.

Ona görə də sözügedən müraciəti müsbət qəbul edirəm. Çünki jurnalistin başqa gəlir yeri və yüksək məvacibi yoxdur. Ona görə də mütləq dövlət dəstəyi olmalıdır. Bunun müəyyən formaları var və həmin formalardan birini tətbiq etmək lazımdır. Ya kooperativ şəkildə ya da digər. Belə olarsa bu dövlətin jurnalistlərə olan qayğısının böyük bir təzahürü olardı”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO