Jurnalist Qadınlar Assosiasiyası yeni layihəyə start verdi

“Jurnalistlər bütün dünyanı gəzir və eyni zamanda həmkarlarımızın yazdıqları məqalələr digər xalqlarda millətimiz haqqında fikir formalaşdırır. Biz tariximizi necə təbliğ eləsək, digər xalqlar da bizi o cür qəbul edəcəklər. Tariximizi olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq bizim vətəndaşlıq borcumuzdur”. “Azadinform” xəbər verir ki, bu fikirləri Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası ilə Beynəlxalq Mətbuat Mərkəzinin təşkil etdiyi “Tariximizi öyrənək” layihəsinin təqdimatında və ilk master-klassında Assosiasiyanın prezidenti Sevil Yusifova bildirib. Azərbaycan tarixinin araşdırılaraq yeni kitabların yazıldığını bildirən S.Yusifova təəssüf ki, tariximizin hələ də açılmayan səhifələri və öyrənilməyən məqamlarının olduğunu bildirib: “Orta məktəb dərsliklərində problemlər var. Dərsliklərdə qüsurların olması insanları çaşdırır və suallar ortaya çıxarır”.

Bu sahədə çoxlu sayda qüsurların olduğunu vurğulayan S.Yusifova qeyd edib ki, bütün bu qüsurlardan doğa biləcək səhvlərin olmaması üçün biz jurnalistlər üçün “Tariximizi öyrənək” layihəsini həyata keçirməyi labüd bildik. Qeyd edək ki, bu gün start götürən layihənin ilk master-klassı olaraq “Milli kimliyimiz” mövzusu məruzə olunub. Məruzəni magistr-tarixçi Tariyel Faziloğlu edib. Layihə müddətində jurnalistlərin özlərinin təşəbbüsü ilə çıxış etməsinə də imkan yaradılacaq. Bundan başqa [email protected] elektron poçtuna yazmaqla tariximizin istənilən dövrü və tarixi şəxsiyyətlərimiz haqqında da məlumat əldə etmək mümkündür. Xatırladaq ki, layihənin növbəti master-klassı “Ermənilərin mənşəyi və Qafqaza gəlməsi” məruzəsi ilə 23 dekabr 2011-ci ildə, saat 11:00-da BMM-in mətbuat zalında keçiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO