Jurnalist mənzilləri və kirayə evlərin sınıq stolu

Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilən mənzillər artıq hazırdır. 2010-cu ildə imzalanan bu sərəncam jurnalist dairələrində böyük sevinclə qarşılandı. Hamı səbr və intizarla bu mənzillərin tikilməsini gözləyirdi. May ayının əvvəlində Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun mənzillərin 22 iyulda jurnalistlərə paylanacağı barədə dediklərindən sonra KİV-lərdə bu barədə olan müzakirələr başlanıb. Mövqelər fərqlidir. Bunu anlamaq olar. Amma öz həmkarlarımız tərəfindən evsiz jurnalistləri aşağılamaq cəhdləri təəccüblüdür. Bu günlərdə “Yeni Müsavat” qəzetinə açıqlamasında “Turan” Agentliyinin rəhbəri Mehman Əliyev bu mənzilləri “itin qabağına atılan sümük” adlandırıb. Mehman Əliyev ən azından jurnalist etikasını gözləyə bilərdi.

… Azərbycanda 20 il bundan əvvəl əsası qoyulan müstəqil medianın yaradıcıları sovet hökümətinin KİV üçün yaratdığı bütün imtiyazlardan bəhrələnən jurnalistlər idi. İstər “Azadlıq” qəzeti, “Turan” İA, “Azərbaycan” qəzeti və digər flaqman qəzetlərdə işləyənlər elə dünənə qədər sovet Azərbaycanının ideoloji prinsiplərinə sədaqət nümaiş etdirən və imtiyazlardan yararlananlar idi..

Azərbaycanın müstəqil KİV-inin tarixi mənim gözlərim qarşısında vərəqlənib. Siyasi ehtiraslar üzərində cövlan edən qəzet səhifələri romantik ideyalar üzərində köklənərək juralistin sosial problemlərini bir kənara tullamışdı. Biz mitinqlərdən reportaj yayır, məmurların, siyasi liderlərin çıxışlarını qeyd edir, ayrı-ayrı şəxslərə mənsub olan qəzetlərdə təhlillər yazırdıq. Bütün 90-lar və 2000-ci illər jurnalist təşkilatlarının peşəkarlıq layihələri ilə bağlı seminarlarının qüssəli hekayətləri ilə örtülüb. Bu illərdə jurnalistin sosial problemlərini bir dəfə ortaya qoyan təkliflər paketi müzakirəyə belə, çıxarılmayıb.

…Qəzetlərdə işlədiyim o zamankı günləri xatırlayrım. Bir qəzetin sahibi qəfildən istiqaməti dəyişib oturuşmuş ictimai-siyasi bir qəzeti krossovod qəzeinə çevirərək jurnalistləri küçəyə atdı, digəri isə təsisçidən aldığı pulu qamaralyıb aradan çıxaraq 3 ay maaş almayan jurnalistləri taleyin ümidinə buraxdı. İşlədiyim digər bir qəzetin yiyəsi isə deputat idi. İndi həbsxanadadır. Aylarla gecikdirilən əmək haqqını tələb edəndə bizə açıq şəkildə dedi ki, “parlamentdə sizin kimi 10-larla jurnlist mənə yalvarır ki, onları işə götürüm.. Şükür edin sizi qovmuram”… Pərən –pərən düşmüş jurnalistlərin taleyi ilə bir jurnalist təşkilatı, Həmkarlar İttifaqı maraqlanmadı.. Əmək müqaviləsi olmayan, vergi ödəməyən, sığortası olmayan bu jurnalıistlər həmin o 90-lardan bu günə çatan “hədiyyə buketidir” Mehman müəllim… O zamanlar qəzetlər də satılırdı, reklam da var idi…

2005-ci ildə Parlament Jurnalistləri Birliyi jurnalistlərin mənzil problemi ilə bağlı təşəbbüs qaldıranda yeganə məqsədi bu çarəsiz insanların səsini eşitdirmək idi. Axı bu necə olur? Özünün başı üstə bir dam olmayan bir jurnalist hər rahatlığı olan adamaların sosial problemindən necə yaza bilərdi? Təşəbbüsümüz Mətbuat Şurasının sədri Əflatun Amaşovdan tutmuş bir sıra aparıcı qəzetlərin rəhbərləri tərəfindən dəstəkləndi. Hətta bizim o zaman prezident İlham Əliyevə ünvanladığımız müraciəti deputatlar və media rəhbərləri də imzalamışdılar.

…Dövlətin neftdən gələn gəlirləri ölkədə sosial vəziyyəti xeyli dəyişdirib. 90-larda KİV-də olanlar bunu yaxşı bilirlər. Artıq idarələr, firmalar, şirkətlər öz işçilərinin sosial vəziyyətini nəzərə alan iri layihələr həyata keçirirlər. Burda çalışanlar ev üçün ipoteka götürür, bankdan kredit alır, putyovka əldə edir.. Bəs jurnalistlər hardadı? Niyə onların ev almaq, bankdan rahat, adam kimi kredit götürmək arzusu belə, süngü ilə qarşılanır? Bizi itə tay edirlər? Niyə biz xarici ölkə KİV-lərində çalışanların sosial vəziyyətinə ağzımızın suyu axa-axa qulaq asmalıyıq?

18 ildir mətbuatadayam. Yazılarım, müsahibələrim.. Jurnalist cameəsində tanıyanlar bilir. Amma bu illər ərzində ev ala bilmədim. Çünki aldığım əmək haqqı evə gündəlik çörəkpulu, kirayə pulunu ödəməyə yetdi… Vəssalam. Beləcə ömür ötür keçir… İpotekadan yaralana bilmirəm, bankdan da kredit vermirlər… Ev almaq üçün isə mənim tanıdığım başqa yol yoxdur, cənab Mehman Əliyev… Evlərin ədalətli çəkildə bölünəcəyinə ümidimi isə qıra bilmərəm. Çünki ümid həmişə sonda ölür.

… 2010-cu ildə Prezidentin imzaladığı sərəncam KİV-də çoxdan arxa planda olan jurnalistlərin sosial vəziyyətini ön plana çıxarıb… Mənzərə kədərlidir. Açıq qalmış xeyli suallar var. Həmkarlar İttifqaının sədri Səttar Mehbalıyev demişkən, jurnalistləri “yazıq” vəziyyətdən çıxarmaq üçün onların sosial vəziyyətində ciddi dəyişikliyə ehtiyac var..

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO