Jurnalist Azər Sarıyevdən media əhvalatları

Jurnalistlər iş prosesində və ya adi həyatda bəzən maraqlı əhvalatlarla üzləşirlər. Modern.az saytı mütmadi olaraq belə olmuş əhvalatları təqdim edir. Jurnalist Azər Sarıyev də bu sırada olan qələm sahiblərindədir. 

Azər Sarıyev jurnalist fəaliyyətinə “Avrasiya” qəzetində başlayıb. 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri işləyib. Daha sonra “Palitra” qəzetinin baş redaktoru olub (1999-2003). “Millət”, Hürriyyət”, “Kaspi” qəzetləri, “Azadinform” informasiya agentliyi ilə əməkdaşlıq edib. 2003-cü il avqustun 18-dən 2014-cü ilədək Mərkəzi Seçki Komissiyasında mətbuat katibi postunda çalışıb. Ötən il bir müddət AzərTAc-ın Türkiyə Respublikasındakı xüsusi müxbiri vəzifəsinində işləyib.
Modern.az saytı onun söylədiyi əhvalatları təqdim edir.

– 1998-ci ilin yazı idi. ANS TV-nin parlament müxbiri Eldəniz Vəliyev “Qulp” proqramı üçün sorğu keçirirdi. Sual belə idi: “ABŞ-ın Azərbaycandakı səfirinin adı və soyadı nədir?”. O zamankı səfir də Stenli Eskudero idi.
Deputatların cavabları:
1- ci deputat: “Vallah o kişi ilə yaxşı münasibətlərimiz var e… Esperodur, nədir…”.
2-ci deputat əvvəl sualdan yayındı və uzaqlaşmağa başladı. Jurnalistin əl çəkmədiyini görüb hirsləndi: “Sən bu sualı mənə verməklə Amerika-Azərbaycan münasibətlərini korlamaq istəyirsən”.
P.SHəmin deputatlar bu gün MM-də təmsil olunmurlar, adlarını desəm, məni qınayarlar ki, indi deputat deyillər deyə, cəsarətlənmişəm. Ona görə də ad çəkmədim.

***

– Operator qızlardan biri yazıları dəhşətli dərəcədə səhvlə yığırdı. Qəzetin baş redaktoru onun Cəlil Məmmədquluzadənin də adını səhv yazdığını görüb hirsləndi: 
– Heç olmasa, Mirzə Cəlilin adını düz yaz da…
– O kimdir e?..
– Sən Cəlil Məmmədquluzadəni tanımırsan?
– Nəyimə lazımdır e. O məni tanıyır, mən də onu tanıyam?..

***
– Xüsusi statusu olan jurnalist xanım şöbə müdiri, redaktor və baş redaktor saya salmırdı. Birbaşa təsisçiyə hesabat verirdi. Hər gün axşamüstü azı bir saat təsisçinin kabinetində topladığı materiallar barədə məlumatlar verirdi. Qəzetin iqtisadiyyat yazarı haradasa deyib ki, “o xanım, təsisçiyə hesabat verəndən sonra redaksiyada yanımda oturmuşdu, ondan təsisçinin iyisi gəlirdi”. 
Kabinetlərə girib-çıxmağı xoşlayan redaktorlardan biri bunu eşidib hirslənib: “Əclaf gədənin danışığına bax e. Mən də hər gün təsisçinin yanında oluram, indi məndən də onun iyisi gəlir?”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO