Jurnalist ad qoydu

Qələm adamı üçün bir çətin iş də yazısına sərlövhə (başlıq) qoymaqdır. Maraqlıdır, yazı əhli başlığı necə qoyur? Əvvəl yazıb sonra başlıq seçir, yoxsa sərlövhə qoyub sonra yazır?

Köşə yazarı Şahvələd Çobanoğlu başlığı yazının qapısı sayır: “Başlıq həm də oxucuya qarmaq atmaqdır. Yazı başlığına ümumi peşəkar tələblər öz yerində, hər yazıya onun məzmununa uyğun konkret yanaşmaq lazım gəlir”.

Köşə yazarı deyir ki, tələbəlik illərindən başlıq işinə xüsusi marağı olub: “Deyəsən, bu iş məndə indi də pis alınmır. Redaktoru olduğum qəzetlər başlıqları ilə həmişə seçilib, müəllif yazılarını çıxsaq, bütün yazıların başlıqlarına xüsusi nəzarətə önəm vermişəm. Köşə yazılarının adlarına böyük tələbkarlıq göstərməmişəm, məncə, burada əsas amil onların müəllifidir. Amma onların başlıqları da müəyyən tələblərə cavab verməlidir”.

Ş.Çobanoğlu bildirir ki, hərdən yazıya başlığı əvvəlcədən qoyur: “Bəzən yazını yalnız başlığa görə yazmışam. Bu marağı içimdə öldürməyə çalışsam da, tam öldürə bilməmişəm. Amma yazını oxutdurmaq naminə ona məzmununa aid olmayan başlıq qoymağı qəbul etmirəm. Yazını oxutdurmaq naminə istənilən başlığı seçmək düz deyil. Şit başlıqlar, məzmuna yad başlıqlar yazını gözdən salır. Hər yazının məzmununda onu ən yaxşı səviyyədə oxutdura biləcək bir başlıq var. Yoxdursa, deməli, heç yazı deyil”.

Jurnalist başlığını sonradan qoyduğu yazılarının daha çox olduğunu bildirir: “Bəzən əvvəlcədən qoyduğum başlıq sonradan dəyişib. Hətta başqası mənim yazıma daha yaxşı başlıq təklif edəndə utanmadan onu götürmüşəm. Hər kəs də həvəslə əlində bir yazı yanıma başlıq üçün gələ bilər. Kollektiv düşüncənin məhsulu olan başlıqlar da bəzən çox yaxşı alınır”.

Köşə yazarı Zamin Hacı bir vaxtlar başlıq seçməyə xüsusi önəm verdiyini xatırlayır: “Təbii ki, yazıya cəlbedici başlıq tapmaq çətindir. Əvvəllər, yəni gündəlik yazmağa keçməmişdən sərlövhəyə çox baş sındırmalı olurdum. Amma indi gündəlik yazdığım üçün bunun üzərində çox da dayanmıram. Həm də belə qərara gəlmişəm ki, başlıqla oxucu cəlb eləmək saxtakarlıq əlamətidir. Yazı yaxşı olsa, oxucu növbəti dəfə də səni axtarıb oxuyacaq və yazının başlığına deyil, müəllifin kimliyinə daha çox fikir verəcək”.

Z.Hacı hazırda daha çox yazının içinin – məzmununun oxunaqlı olmasının əhəmiyyət daşıdığını deyir: “Köşə yazarıyam. Başlıqdan çox mənim imzam, ümumilikdə isə yazının özü daha əhəmiyyətlidir”.

Köşə yazarı Qurban Yaquboğlu öz təcrübəsindən danışır: “Elə olub başlıq əvvəl beynimə gəlib, məzmununa uyğun yazı hazırlamışam. Elə də olub yazı hazırlanandan sonra onun məqsədini, məramını açıqlayan başlıq seçmişəm. Məndə daha çox yazını qurtarandan sonra başlıq qoymaq vərdişi var. Mənə elə gəlir ki, bu daha doğrudur. Amma başlığı əvvəl qoyub yazanlar da az deyil”.

“Bizim yol” qəzetinin reportyoru Natiq Cavadlı sonradan başlıq qoymağa üstünlük verir: “Məncə, bu daha məqsədəuyğundur. Çünki yazdıqca müsahibəni, yaxud məqaləni beynində bişirirsən və bunun nəticəsində başlıq öz-özünə yaranır”.

Bununla yanaşı, N.Cavadlı bəzi hallarda redaktorların qoyduğu başlıqların uğurlu alındığını, bundan müsahiblərin də razı qaldığını etiraf edir: “Amma bu o demək deyil ki, bütün başlıqlar uğurludur”.

Yazı bitəndən sonra ona başlıq qoymaq adəti “Azadlıq” qəzetinin müxbiri Gültəkin Knyazqızında da var: “Amma elə də olur ki, hələ müsahibə ərəfəsində, yaxud informasiya alan zaman önəmli cəhəti, nüans diqqətimi çəkir və onu əvvəlcədən başlıq seçirəm. Nadir hallarda redaktorlar başlığı dəyişdirirlər”.

Müxbir hesab edir ki, yazıya başlığın nə vaxt seçilməsinin xüsusi önəmi yoxdur: “Əsas odur ki, başlıq uğurlu olsun, yazının mahiyyətini aça bilsin, oxucunu cəlb eləsin”.

“Üç nöqtə” qəzetinin müxbiri Afaq Mirayiq hələ müsahibə alan, yaxud informasiya götürən zaman başlıq üzərində düşündüyünü deyir: “Amma yazıya bəri başdan sərlövhə qoymağa qorxuram. Elə zənn edirəm ki, bu mənim fikrimi başqa istiqamətə yönəldə bilər. Amma sonda birinci qərarımın üzərində dayanıram”.

Ancaq A.Mirayiq qeyd edir ki, bəzən qəzetlərdə sərlövhə adamı cəlb etsə də, yazının özündə önəmli heç nə olmur: “Sadəcə, faktların şişirdilməsi üçün cəlbedici başlıq seçildiyini görürsən. Bu, jurnalistika prinsiplərinə uyğun deyil. Müğənnilərin, şou-biznes adamlarının qalmaqalla yadda qalmaq, gündəmdə olmaq istəyinə oxşayır. Yazının özü daha önəmli olmalıdır. Amma ən yaxşısı budur həm yazı oxunaqlı olsun, həm də başlıq cəlbedici”.

“Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı bu gün Azərbaycan mətbuatının sərlövhə problemi olduğunu deyir: “Bu problem bəzi saytlarda, xəbər agentliklərinin bülletenlərində özünü xüsusilə göstərir. Bəzən bir başlıqda on-on beş söz olur. Bu, az qala bir informasiya deməkdir. Məncə, başlıq uzağı üç-beş sözdən ibarət olmalıdır. Başlıq həm də bir növ tapmaca kimi olmalıdır. Yəni oxucu ona lazım olan informasiyanı başlıqdan tam oxumalı deyil. Başlıq oxucunu maraqlandırmalıdır ki, görəsən nə məsələdir?”

Redaktor hesab edir ki, cəlbedici başlığın arxasında yaxşı yazı dayanmalıdır: “Cəlbedici başlıq qoyurlar, amma oxuyanda görürsən, hadisə, misal üçün, İndoneziyada baş verib. Başlıq lakonik, yazını açan olmaqla bərabər oxucunu aldatmamalı, mahiyyətcə hadisələrin baş vermə məkanını da özündə əks etdirməlidir”.

X.Kazımlının sözlərinə görə, elə jurnalistika janrları var ki, ona müraciət edəndə əvvəl başlıq qoyub sonra yazmaq olar: “Misal üçün, köşə yazıları, replika xarakterli yazılar. Amma əksər janrlarda – misal üçün, müsahibələrin, reportajların, xəbərlərin başlığı sonda qoyulur. Bir qayda olaraq belədir”.

Başlıq qoyarkən məşhur ifadələrdən, atalar sözlərindən, kəlamlardan istifadə eləmək də uğurlu alınır. Redaktor misal çəkir ki, 2008-ci ildə Ermənistanda prezident seçkisindən sonra keçirilən etiraz aksiyaları silah gücünə yatırılanda bu haqda bəhs edən yazıya “İrəvanda hal qalmadı” başlığı qoyub: “İrəvanda xal qalmadı”da “xal” sözünü “hal” sözü ilə əvəzlədim və çox uğurlu, Ermənistandakı durumu bütünlüklə əks etdirən başlıq alındı”.

X.Kazımlı hər bir halda başlığın məsuliyyətinin redaktorun üzərində olduğunu deyir: “Amma müxbirin öz yazısına başlıq qoyması vacibdir. Çünki müxbirin qoyduğu başlıq redaktora fikirləşmək üçün qida verir. Ola bilər ki, müxbirin hazırladığı başlıqda beş söz var, redaktor onların dördünü dəyişib birini saxlamaqla daha orijinal, daha cəlbedici başlıq düzəldir”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO