JuHİ sədri Moskvada beynəlxalq konfransda iştirak edib

Dekabrın 8-11-də Moskva şəhərində “Şərqi Avropada jurnalistikanın gələcək təminatı” mövzusunda beynəlxalq konfrans keçirilib. Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistlər Şəbəkəsi və Rusiya Jurnalistlər Birliyi tərəfindən təşkil edilən konfransda Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramına daxil olan ölkələrdən Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Ermənistan və Azərbaycandan, həmçinin, Şərqi Avropanın keçmiş sosialist sisteminə aid olmuş dövlətlərdən 200 nümayəndə iştirak edib.
Jurnalistlərin Həmkarlar İttifaqından (JuHİ) “Üç nöqtə”yə verilən məlumata görə, konfransın gedişində yuxarıda adı çəkilmiş ölkələrdə medianın durumu, həmçinin, yeni media təşəbbüsləri mövzusunda müzakirələr aparılıb. Media sahəsində ortaya çıxan yeni proseslər və onların tənzimlənməsi mexanizmləri xüsusilə diqqət mərkəzində olub. Onlayn medianın inkişafı, elektron medianın durumu, internet medianın çap və elektron media ilə qarşılıqlı münasibəti konfransın müzakirəsinə təqdim edilib.
Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Aydan Vayt, Thomson Fondunun İnkişaf Direktoru Richard Tynen, Rusiya Jurnalistlər Birliyinin sədri Vsevolod Boqdanov, Avropa Jurnalistlər Şəbəkəsinin təmsilçisi konfransda çıxış edərək yeni media təşəbbüsləri və onlara münasibət məsələsində mövqelərini ifadə ediblər.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Konfransda “Gələcəkdə Etik Jurnalistikanın qorunması və inkişaf etdirilməsi” mövzusunda məruzə ilə ilə çıxış edib. JuHi sədri çıxışında Azərbaycanda medianın durumu, etik prinsiplərin tənzimlənməsi və inkişaf etdirilməsi mexanizmləri barədə məlumat verib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO