Çiynində yəhudi başı gəzdirən azərbaycanlı

“Media forum” saytı mərhum jurnalist Məmməd Nazimoğlunun müxtəlif illərdə qələmə aldığı yazılarının təqdimatını başa çatdırır.

Məmməd Nazimoğlu 1959-cu il sentyabrın 28-i Ağdaşda doğulub. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin ilk müstəqil nəşrlərindən olan “Aydınlıq” qəzetinin yaradıcılarından, “Xalq qəzeti”nin baş redaktor müavini, “Ulus” qəzetinin baş redaktoru, “Avropa”, “Yeni Müsavat”, “Azadlıq”, “Şans” qəzetlərinin, “525-ci qəzet”in yazarı, ANS telekanalında efirə gedən “Qulp” verilişinin müəlliflərindən, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olub. 2008-ci il iyulun 6-da vəfat edib.

Sentyabrın 28-i mənim ad günümdü. Yuxarıdakı şəkilə diqqətlə baxsanız, görərsiniz ki, mən 1959-cu il təvəllüdlüyəm. Amma mənə 40-dan çox yaş vermək olmaz.

Mənim cavan qalmağım abırsızlıqla bağlı məsələ deyil. Elə olsaydı, gənc şair Qulu Ağsəs “Bu adam özü abırlı olsa da, qələmi çox həyasızdı” kəlməsini işlətməzdi. Düzdü, mən şairin həmən fikri ilə qətiyyən razı deyiləm. Çünki mənim qələmim də özüm kimi həmişə başıaşağı olub və günlərlə cibimdə başıaşağı vəziyyətdə qalsa da, səsini çıxarmayıb. Mənim cavan görünməyim geneloji (rəbbim, belə bir söz varmı görən?) məsələdi. Üzeyir Hacıbəyovdan 10 gün sonra doğulduğum üçün fəxr edirəm. Dünya binə olandan sentyabrın 28-də nə zəlzələ, nə daşqın, nə sunami, nə tufan, nə də seçki olub. Mən bunu Allahı bir bilən kimi bilirəm.

Dünyaya doğum evində gəlmişəm. Ona görə də Vaqif Səmədoğlunun “Bu şəhərdə bir küçə var, üç addım o yana, üç addım bu yana” şeiri sanıram ki, mənim dünyaya gəlməyimə həsr olunub. Mən doğulanda Mingəçevir Su Elektrik Stansiyası fəaliyyət göstərdiyindən gözümü dünyaya açanda hər yeri işıqlı görmüşəm. Bir tərəfdən də sovet hökuməti Allaha qarşı mübarizə apardığından qulağıma azan səsi yox, atamdan muştuluq istəyən mamaçanın səsi gəlib.

Bütün bəşər övladı təki mən də doğulanda mamaça yanıma bir şapalaq vurub ki, ağlayım və səsim açılsın, ciyərlərim işə düşsün, qursağım genəlsin və mən adam kimi fəaliyyətə başlayım. Yadımdan çıxmamış deyim ki, bu yaşa qədər mamaçanın şapalağından başqa ayrı bir şapalaq yeməmişəm. Çünki sakit və başıaşağı adamam.

Özüm haqqında bir məqamı diqqətinizə çatdıra bilərəm ki, gərək məndən çəkinəsiniz: mən qatığın qara olmasını subut eləməyi bacarıram. Atesit olsam da, Allahsız deyiləm. Bu fikirdəyəm ki, Allah-təala ateistləri öz demokratik imicini qorumaq üçün yaradıb.

Çoxlu lətifə bilirəm. Bir çox lətifələri isə özüm düzəltmişəm. Mən bunun yollarını araşdırmışam və lətifəşünaslıqda heç bir yəhudidən geri qalmaram. Belə desək, mən çiynində yəhudi başı gəzdirən azərbaycanlıyam. Ona görə də fəxr edirəm ki, Azərbaycanda məndən bir dənədi.

İlandan, türmədən və ölümdən başqa heç nədən qorxmuram. Hərçəndi, axır vaxtlar küçə itlərin görəndə çimçəşirəm və məcbur olub Hacıbala müəllimin arxasınca danışıram ki, niyə “vintovka” götürüb bu itləri qanına qəltan eləmir. Bəlkə bu məsələdə Avropa Şurasından çəkinir?

Mən bu yaşıma qədər dörd prezidentlə “işləmişəm”. Heç birindən ziyan görməmişəm. Başqalarını deyə bilmərəm, məndən ötrü onların hamısı demokratik adamdı. Nə istəmişəm, necə istəmişəm, yazmışam. Amma işin tərsliyindən onlarla görüşməyə imkan olmayıb ki, “sayın prezidentim” deyib əllərini sıxam.

Ağlıma gələni yazmaq hərdən məni problem qarşısında qoyub. Bir dəfə məni bir nəfərlə tanış elədilər. Üzümə baxıb-baxıb dedi: “Mən sizi başqa cür təsəvvür eləyirdim”. Cavab verdim ki, yəni “şut” kimi, hə? O da boynuna aldı ki, hə. Bax, onda mənim məşhur kəlamlarımdan biri yarandı: əmioğlu, şut ayrı, şutnik ayrı. Ardınca da mən kişi bətnimdən “Əgər şəxs yalnız bir nəfəri güldürməyə çalışırsa, deməli, o, təlxəkdir” kəlamımı dünyaya gətirdim.

Bir dəfə də qonşunun qızı bizə düşüb məndən Xocalı faciəsinə aid anekdot yazmağı xahiş edib.

Tarix üçün deyirəm: barəmdə ən yaxşı yazıları Qurban Yaquboğlu yazıb və mən bunu heç vaxt unutmayacağam. Qurban Yaquboğlu ilə mənim dostluğum mömünlə ateistin ən bariz sintezidi. Biz biri-birimizə mane olmuruq və biri-birimizin daxili işinə qarışmırıq.

Etiraf edim ki, böyük həsrətlə 50 yaşımın tamam olacağı günü gözləyirəm. Nəsə belə bir ümiddəyəm ki, 50 yaşımda mənə “Şöhrət” ordeni verəcəklər. Əslində bu orden mənə ana südü kimi halaldı. Əgər bir vaxtlar vətənimizin istiqlaliyyətinin əleyhinə çıxanlara “İstiqlal” ordeni verilirsə, mənə niyə “Şöhrət” ordeni verilməməlidi? Hərdən fikirləşirəm: mən bundan artıq nə etməliyəm ki, “Şöhrət”lənim?

Bax, beləcə, fikirləşə-fikirləşə, düşünə-düşünə, yaza-yaza yaşayıram. Heç kimə bir qəpik borcum yoxdu. Pula əl çirki kimi yox, yonca yarpağı üstündəki şeh kimi baxıram: axşam şeh düşür, səhər günəş dəyən kimi buxarlanır… Sonra yenə… Sonra yenə… Həyat da elədi…

Tamam yadımdan çıxmışdı. Donuz ilində anadan olduğumdan 2007 mənim ilimdi. İlin başa varmağına hələ 3 ay var. Mən biləni, yaşamağa dəyər…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO