İran mətbuatı Azərbaycan, Türkiyə və Atatürkü təhqir etdi

Fevralın 26-da Təbrizin “Traktor” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-cəzirə” klubu arasında keçirilmiş görüşdə azarkeşlərin ingilis dilində yazılmış “Güney Azərbaycan İran deyil” plakatını qaldırması hələ də İran mediasının gündəmindən düşməyib.

APA-nın məlumatına görə, İranın bir çox saytı, o cümlədən də tanınmış “Baztab” plakat haqqında yazıb. Saytın yazdığına görə, plakatı qaldıranlar azarkeş qismində stadiona daxil olan pantürkistlər olub: “Bəzi pantürkist qruplar illərlə çalışırlar ki, öz zəif tərəflərini stadionlarda tamaşaçıların arasında gizlətsinlər. Hətta 2006-cı il May qiyamlarında da onların çağırışlarına cavab verən olmadı. Hər şeydən əvvəl bilmək lazımdır ki, bu pantürkist təxribatçıların işidir. Onlar tamaşaçı qismində stadionlara daxil olurlar. Həmin plakat da bu insanların təxribatlarından biridir. Bu cür qeyri-adi hərəkətlərilə qarşı tərəfin əsəbi ilə oynayırlar”.

Yazının sonunda oxucuların Azərbaycana, xalqımıza, Türkiyəyə və Atatürkə aid təhqiramiz şərhləri yerləşdirilib. Şərhlərdə bu cür təxribatların Azərbaycan Respublikası və Türkiyə tərəfindən dəstəkləndiyi yazılıb. Saytda təhqirlərin yerləşdirilməsi İranda yaşayan soydaşlarımızın da ciddi narazılığına səbəb olub. Onlar şərhlərə çox sayda etiraz cavabları yazaraq sayta ünvanlasalar da, “Baztab” həmin şərhləri yerləşdirməyib.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktor” futbol komandası “Əlcəzirə” ilə qarşılaşıb. 72 min nəfərlik stadionu 100 mindən çox azarkeş dolduraraq 90 dəqiqə boyunca “Yaşasın Azərbaycan!”, Azərbaycan var olsun istəməyən kor olsun!”, “Türk dilində mədrəsə!” şüarları səsləndirib, ingilis dilində “South Azerbaijan is not İran!” və “1992 Khojali Genocide” plakatlarını qaldırıblar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO