İlham Əliyev: Bu gün biz artıq XXI əsrin kontraktını icra edirik

“1994-cü ildə imzalanan “Əsrin kontraktı” XX əsrin kontraktı idi. Bu gün biz artıq XXI əsrin kontraktını icra edirik. Cənub Qaz Dəhlizi XXI əsrin kontraktıdır və məhz 1994-cü ildə imzalanmış kontrakt və ondan sonra əldə edilən uğurlar bugünki reallığı mümkün etmişdir”.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün 22-ci Beynəlxalq Xəzər Neft və Qaz – Caspian Oil & Gas 2015 və 5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji – Caspian Power 2015 sərgilərinin açılış mərasimində çıxışı zaman deyib.
İlham Əliyev bildirib ki, 1996-cı ildə Şahdəniz qaz yatağı üzrə beynəlxalq konsorsiumla kontrakt bağlanmışdır: “O vaxt dünyanın neft qaz sektorunda qaz amili o qədər də böyük əhəmiyyət daşımırdı. Ölkələrin enerji təhlükəsizliyi o vaxt bilavasitə qaz ehtiyatları ilə bağlı deyildi”.
Dövlət başçısı deyib ki, Şahdəniz qaz yatağı dünyanın ən böyük qaz yataqlarından biridir və onun işlənməsi bu gün Cənub Qaz Dəhlizinin əsas resurs bazasını təmin edir: “O vaxta qədər isə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft kəmərləri inşa edilmişdir. Beləliklə tarixdə ilk dəfə olaraq Xəzər Dənizi Qara Dəniz ilə və Aralıq Dənizi ilə çoxşaxəli kəmərlər şəbəkəsi ilə bağlandı. Bu da tarixi hadisə idi. Xəzər Dənizi, Qara Dəniz, Aralıq Dənizi əməkdaşlığı formalaşdı. Bu əməkdaşlıq özünü başqa sahələrdə də biruzə verməyə başlamışdır və məhz bu dəhliz vasitəsiə bu gün böyük infrastruktur layihəsi olan Bakı-Tbilisi-Kars dəmir yolu layihəsi icra edilir. Bu da mümkün olmaya bilərdi, əgər biz enerji siyasətimizi düzgün qurmasaydıq. Beləliklə, 90-cı illərin sonlarında görülmüş işlər və 2000-ci illərin əvvəlində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft kəmərləri əlbəttə ki, böyük tarixi nailiyyət idi, imkan verdi ki, Azərbaycan böyük həcmdə valyuta ehtiyatları əldə etsin və ondan səmərəli istifadə edərək biz valyuta ehtiyatlarımızı ölkəmizin əsas inkişaf istiqamətlərinə yönəltdik”.
Dövlət başçısı deyib ki, insanların rifah halı yaxşılaşdı, ölkəmizin iqtisadi inkişafı təmin edildi: “Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən yüksək templərlə inkişaf etmişdir, 300 faiz artmışdır, eyni zamanda ölkə qarşısında duran infrastruktur layihələri icra edilmişdir, sosial məsələlər öz həllini tapmışdır. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük dərəcədə azalda bilmişik, bu gün ümumdaxili məhsulıumuzda neft amili hardasa cəmi 30 faiz təşkil edir və beləliklə ölkə iqtisadiyyatının şaxələndirilməsi işində biz böyük nailiyyətlərə imza atmışıq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO