İctimai Televiziya 9 yaşını qeyd edir – Baş direktor Cəmil Quliyevdən

Bu gün İctimai Televiziya və Radionun 9 yaşı tamam olur. İctimai Televiziyanın son bir illik fəaliyyətini necə qiymətləndirirsiniz? İctimai Televiziyanın missiyasına, qarşıya qoyduğu məqsədlərə nail ola bilmisinizmi? Gələcək hədəfləriniz nədir?

Modern.az-da danışan televiziyanın baş direktoru Cəmil Quliyev bu və digər sualları cavablandırıb:

“Televiziya ölkədə, cəmiyyətdə gedən mühüm proseslərdən kənarda qalmamalıdır”

“İctimai Televiziya 9 yaşını qeyd edir. Bu illər ərzində formalaşmış İctimai Televiziyanın özünəməxsus siması var və hesab edirəm, ölkənin ən uğurlu televiziya kanallarından biridir. Təbii ki, son bir ildə çalışmışıq İctimai Televiziyanın fəaliyyətini daha da yaxşılaşdıraq, genişləndirək. Bu istiqamətdə müəyyən uğurlar var. Hamıya məlumdur ki, müasir insan zamanın tələblərinə cavab verməli, onun qarşıya qoyduğu vacib məsələləri həll etməyi bacarmalıdır. Bu gün Azərbaycanın ictimai həyatında çox böyük, əhəmiyyətli proseslər gedir. Ölkəmiz yeniləşir, müxtəlif sahələrdə çox geniş islahatlar aparılır. Dövlət başçısı İlham Əliyevin səyləri nəticəsində Azərbaycan həm daxili, həm də xarici siyasətdə böyük uğurlar əldə edib. Təbii ki, televiziya da ölkədə, cəmiyyətdə gedən mühüm proseslərdən kənarda qalmamalı, bu prosesləri işıqlandırmalıdır. Ona görə də İctimai Televiziyanın üzərinə bu işdə çox böyük məsuliyyət düşür. Bu səbəbdən bir il ərzində çalışmışıq ki, ölkədə baş verən yenilikləri, mühüm hadisələri geniş işıqlandıraq, eyni zamanda ictimaiyyətin təkliflərini, tələblərini, tövsiyələrini nəzərə alaraq yeni rəngarəng verilişlər hazırlayaq. Ötən müddət ərzində televiziyanın maddi-texniki bazasını gücləndirməyə, bir sıra yeni texnologiya tətbiq etməyə də səy göstərmişik. Əsas məqsədimiz bir il ərzində İctimai Televiziyanın fəaliyyətini daha da genişləndirmək və inkişaf etdirmək olub”.

“Əlillərin fəaliyyəti ilə bağlı yeni layihə hazırlayırıq”

“İctimai Televiziyanın əsas qayəsi öz fəaliyyətində azərbaycançılığı, milli-mədəni dəyərlərimizi təbliğ etmək, plüralizmi daha da genişləndirmək, rəngarəng mədəni irsimizi qorumaqdır. Bu məqsədlə ictimai-siyasi məsələlərin daha da geniş əhatə olunması, elmin, təhsilin inkişafı ilə bağlı yeni proqramların işlənməsi, müxtəlif mədəniyyət, incəsənət layihələrinin inkişaf etdirilməsi, ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqların fəaliyyəti ilə əlaqədar yeni verilişlərin hazırlanması nəzərdə tutulur. İctimai TV-də uzunömürlü və yeni yaranan maraqlı verilişlər var. Bunlara misal kimi “Ortaq məxrəc”, “Diqqət mərkəzi”, “Açıq dərs” və s. adlarını çəkmək olar. Eyni zamanda “Ortaq məxrəc”in konsepsiyasına uyğun “Müzakirə vaxtı” adlı veriliş efirə çıxıb. “Müzakirə vaxtı”, “Ortaq məxrəc” verilişlərinin aparıcısı Vəsilə Vahidqızıdır. “Diqqət mərkəzi” verilişinin aparıcısı isə Jalə Sabirqızıdır.

İctimai-siyasi verilişlərin inkişafı sahəsində “Carçı” proqramını xüsusi qeyd etmək istəyirəm. Bu proqram ölkənin həyatının əks olunmasında çox böyük əhəmiyyət kəsb edir və sorğular göstərir ki, “Carçı” tamaşaçılar tərəfindən baxılır.

Bu verilişlərin davamı kimi “Həftənin yekunu” analitik proqramımız var. Burada həftə ərzində ölkədə baş verən ictimai-siyasi hadisələrə analitik prizmadan qiymət verilir və müəyyən proseslər tamaşaçılara açıqlanır. Verilişin aparıcısı Şaiq Məmmədovdur.

Biz çalışırıq ki, ölkədə gedən inkişafla bağlı yeni verilişlər hazırlayaq. Məsələn, çox populyar bir verilişimiz var – “Diqqət mərkəzi”. Bu sahədəki verilişlərin çeşidini daha da artırmışıq. Məsələn, “Regional inkişaf” adlı verilişdə regionların inkişafı, əhalinin müxtəlif sosial məsələləri ilə bağlı problemlər qaldırılır, müzakirə olunur, onların həlli yolları araşdırılır.

Proqramlar haqqında danışarkən “Yeni gün”ü xüsusi qeyd etmək istəyirəm. Televiziya tənqidçiləri səhər proqramını “mini televiziya” adlandırırlar. Bu gün yerli teleməkanda müxtəlif səpkili belə proqramlar mövcuddur. İctimai Televiziyanın “Yeni gün” səhər proqramı özünəməxsusluğu və orijinallığı ilə seçilir. Yay fəslində də işləmişik. Bu proqram həftənin 6 günü 4 saat ərzində efirdə olur. Biz yeni mövsüm üçün “Yeni gün”ün dekorasiyasını, tərtibatını dəyişmişik. Çalışırıq ki, bu verilişə elm, təhsil, mədəniyyət, media sahəsində çalışan maraqlı adamları dəvət edək, gün ərzində baş verən müxtəlif hadisələrlə tamaşaçıları tanış edək. “Yeni gün”də “Retro musiqi”, “Kino musiqi” kimi xoş ovqat yaradan yeni rubrikalar da var.

Vacib verilişlərdən biri “Qarabağ sərvətləri”dir. Burada erməni təcavüzü nəticəsində ölkəmizin 20 faiz ərazisinin işğalı və həmin ərazilərdə məhv olmuş maddi-mənəvi irsimiz, onlarca kənd, qəsəbə, şəhərə dəymiş zərərin qiymətləndirilməsi məsələsi və s. öz əksini tapıb. Yüksək reytinqi olan bu verilişi Jalə Sabirqızı aparır.

Biz radioda “Qarabağ” adlanan veriliş hazırlamağa başlayırıq. Yeni layihədir, efirə həftədə bir dəfə çıxacaq. Ümumiyyətlə, fəaliyyətimizdə İctimai Radionun çox böyük rolu var. Radionun kollektivi də artıq 9 ildir ki, efirdədir. Burada 3 departament mövcuddur və onlar rəngarəng verilişlər hazırlayırlar.

Elm, təhsil sahəsində “Açıq dərs” verilişi ilə yanaşı “Təbiəti sevənlər” adlı çox maraqlı verilişimiz də var. İctimai Televiziyada daha bir maraqlı layihə yaradılıb. Test imtahanlarında ən yüksək bal toplamış və ali təhsil müəssisələrinə daxil olmuş abituriyetnləri orada təbliğ edirik. Gün ərzində onlar efirdə göstərilirlər. Bu da İctimai TV-nin maarifləndirmə siyasətinin bir qoludur.

Biz çalışmışıq ki, bu səpkili verilişlərin həm əhatə dairəsini genişləndirək, həm də sayını artıraq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əlillərin həyatı, ümumiyyətlə, sosial sferada çalışan insanların fəaliyyəti ilə bağlı yeni layihə hazırlayırıq.

Milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı ilə bağlı bir sıra veriliş hazırlamışıq. Bunlar “Yurd inciləri”, “Bizim ellər”, “Yadigarlar”, “Ozan məclisi” və s. dir.  “Muğam sədası” İTV və Beynəlxalq Muğam Mərkəzinin layihəsidir. “Yadigarlar” verilişi görkəmli ziyalılar və onların varisləri haqqında yeni layihədir. Verilişin aparıcısı tanınmış jurnalist Flora Xəlilzadədir.

Biz daim çalışırıq ki, media ilə sıx əlaqə saxlayaq. Bu məqsədlə yay mövsümündə “Media və zaman” verilişi hazırlanıb. O, tanınmış jurnalist Xalid Niyazov tərəfindən aparılır.

İctimai Televiziyanın əsas məqsədlərindən biri hərbi-vətənpərvərlik məsələlərinə diqqət yetirməkdir. Hər həftə İctimai TV-də “Salam, Əsgər!” verilişi efirə çıxır. Bundan başqa, milli qəhrəmanların doğum günündə həm İctimai TV, həm də İctimai Radioda onlar haqqında məlumatlar verilir.

İTV idman mövzusuna da diqqət yetirir. Bu ilin fevralında Qış Olimpiya Oyunlarını, ardınca futbol üzrə dünya çempionatını nümayiş etdirdik. Sentyabrdan isə Avropa-2016 futbol çempionatının seçmə oyunlarının nümayişi başlanacaq. Gələcəkdə də bu istiqamətdə başqa layihələr həyata keçiriləcək. Elə bu yaxınlarda iki layihə efirə gedəcək. Biri “Sərhədsiz idman”, digəri isə yenə idman mövzusunda “İcmal” verilişi olacaq.

Uşaqlarla bağlı bizdə çox populyar “Biri varmış, biri yoxmuş”, “Addım-addım” verilişləri var. Sentyabrdan başlayaraq yeni musiqili uşaq verilişlərimizin efirə çıxması nəzərdə tutulub”.

“Bilirsiz ki, İctimai Televiziyanın nəzdində “Carçıfilm” yaradıcılıq birliyi fəaliyyət göstərir. Burada müxtəlif səpkili sənədli filmlər istehsal olunur. Biz də çalışdıq ötən dövrdə birliyin filmotekasını daha da zənginləşdirək, burada maraqlı mövzular öz əksini tapsın. Bir il ərzində “Carçıfilm”də azsaylı xalqlarla bağlı sənədli filmlər çəkilib. Onlar həmin xalqlar tərəfindən çox yüksək qiymətləndirilir. Bunu aldığımız təşəkkür məktubları təsdiq edir. Eyni zamanda “Carçıfilm”də görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimlərinə həsr olunmuş filmlər çəkilib. Məsələn, Məhəmməd Əmin Rəsulzadə, Zəlimxan Yaqub, Əhməd Cəmil, Məmməd Araz, Süleyman Ələsgərov, Çingiz Abdullayev və başqaları barədə.

Nümayiş etdirəcəyimiz filmləri seçərkən çalışırıq ki, o əsərlərdə milli-mənəvi dəyərlərimiz nəzərə alınsın, zorakılıq təbliğ olunmasın, insanların zövqü korlamasın. Təbii ki, efirimizdə dünya mədəniyyətinə, kinosuna töhfə olan filmlərə üstünlük veririk. Ötən il İTV-də bir çox unudulmuş Azərbaycan filmi göstərildi. İndi o filmlər artıq başqa kanallar tərəfindən də nümayiş olunur.

Bizdə daim milli qəhrəmanlara həsr olunmuş filmlər göstərilir. Hazırda Azərbaycanın milli qəhrəmanı, mənşəcə məhsəti türkü İsgəndər Aznaurov, Azərbaycan generalları haqqında filmlər çəkilir.

Bu gün İctimai TV-də uşaq filmlərinin dublyajına xüsusi diqqət yetirilir. Uşaqlar üçün hər səhər film nümayiş olunur. Uşaqlar haqqında Azərbaycan filmlərini (bunların sayı çox olmasa da) Mədəniyyət və Turizm Nazirliyinin köməyilə bərpa etdik. İndi onlar da bizdə nümayiş olunur: “Sehirli xalat”, “Bir qalanın sirri”, “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif” və s. Bununla yanaşı, xarici ölkələrdə istehsal olunmuş, gənc nəslin tərbiyəsinə müsbət təsir göstərən uşaq bədii filmlərini də dublyaj edib göstəririk”.       

“Süjet xətti zəif olan, bəsit seriallar təklif edildiyi üçün yayımlamadıq”

“Serial yayımına gəldikdə, bizə bir neçəsi təklif olunub. Bədii-estetik səviyyəsi o qədər yüksək olmadığı üçün onları nümayiş etdirməyə lüzum görmədik. Çünki İctimai Televiziya elə bir televiziyadır ki, burada serial nümayiş olunanda çox səviyyəli, maraqlı, milli-mənəvi dəyərlərimizə ziyan gətirməyən serial olmalıdır. Səviyyəli, tamaşaçının zövq alacağı, onun mənəviyyatını, daxili aləmini daha da zənginləşdirəcək serial təklifi olsa, nümayiş etdirməyə məmnuniyyətlə hazırıq. Amma süjet xətti zəif olan bəsit serialları İctimai Televiziyada göstərməyə və tamaşaçının qiymətli vaxtını buna sərf etməyə qətiyyən dəyməz”.

“Beynəlxalq əlaqələrimız inkişaf etməkdədir”

“Avropa Yayım Birliyinin üzvü kimi beynəlxalq sahədə də fəaliyyətimiz genişlənib. Aprel ayından “TRT Avaz”la “Yeni gün” proqramında canlı bağlantı aparmışıq. Yeni mövsümdə bu bağlantı davam edəcək. “Euronews” kanalı ilə saziş imzalamışıq. Bu sahədə də işimizi genişləndiririk.

Eyni zamanda bir çox ölkənin ictimai televiziyaları ilə sıx əlaqədəyik. Onlarla proqram mübadiləsi aparırıq. “Dostluq körpüsü” verilişi çərçivəsində Türkiyə, Gürcüstan, Tatarıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstanın proqramları bizdə yayımlanır. Hesab edirəm ki, bu cür qarşılıqlı iş İctimai Televiziya üçün çox vacibdir. Tamaşaçılar həmin veriliş vasitəsilə başqa məmləkətlərdə hazırlanan proqramlarla tanış olurlar. Bu layihə mart ayından həyata keçirilir.

Ədəbi dilin qorunmasına da həssaslıqla yanaşırıq. Bizdə Azərbaycan dilinin qorunması üzrə komissiya var. Mütəxəssislər həm aparıcılara, həm də redaktorlara tövsiyələr verirlər. 

İctimai Televiziyada yaradıcılıq işləri ilə yanaşı maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində də iş aparılır. Texniki baxımdan müasir tələblərə cavab verən yeni avadanlıq alınır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO