Ictimai teleradioda struktur yenilənib

İctimai Televiziya və Radio Yayımları Şirkətində struktur yenilikləri aparılıb. Yanvarın 11-də “Media forum” saytına danışan şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov bildirib ki, televiziya və radionun xəbərlər departamentləri birləşdirilib.

Tahir Məmmədovun sözlərinə görə, İnformasiya Departamentinə telejurnalist İlham Sərxanlı direktor təyin edilib: “İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Yayımları Birliyinin üzvüdür, ümumilikdə bu şəbəkədə yer alan dünyanın məşhur informasiya qurumları ilə həmkar olaraq çalışır. Biz strukturlarımızı və bütünlükdə informasiya şəbəkəmizi də həmkarlarımızın iş prinsipinə uyğunlaşdırırıq.

İctimai Teleradio öz xəbər proqramlarında Avropa Yayımları Birliyinin xəbər bankından istifadə edir, həm də ciddi şəkildə Avropa Yayımları Birliyinin xəbər şəbəkəsində öz informasiyalarını yerləşdirmək üzərində çalışır. Artıq Azərbaycanla bağlı xəbərlər həmin beynəlxalq xəbər şəbəkəsinə çıxarılacaq və bununla əlaqədar xəbərlər sisteminin daha müasir tələblər səviyyəsində qurulması üçün müvafiq dəyişikliklər aparılıb.

Digər dəyişiklik milli azlıqlar üçün hazırlanan proqramlarla bağlıdır. Bildiyiniz kimi, İctimai Teleradio milli azlıqlar üçün ayrıca proqramlar hazırlayır. Bu istiqamətdə fəaliyyəti daha da dərinləşdirmək, təkmilləşdirmək üçün həmin proqramlar şirkətin nəzdində fəaliyyət göstərən “Carçı-Film” Yaradıcılıq Birliyinin tərkibində hazırlanacaq”.

Tahir Məmmədov qeyd edib ki, artıq Analitik Proqramlar Departamenti müstəqil fəaliyyət göstərəcək: “Əvvəllər informasiya və analitik proqramlar bir departamentdə hazırlanırdı. İctimai Televiziya və Radio Yayımları Şirkətinin beynəlxalq öhdəlikləri artdığı zamanda geniş spektri əhatə edən analitik proqramları genişləndirmək, təkmilləşdirmək, digər ölkələrlə olan telekörpüləri sistemli və mütəmadi etmək üçün departamentin bundan sonra müstəqil fəaliyyət göstərməsinə qərar verilib. Analitik Proqramlar Departamentinə əvvəlki kimi Anar Yusifoğlu rəhbərlik edəcək”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO