“İçərişəhər” qoruq idarəsində soyqırımı gününə həsr olunmuş elmi-praktik konfrans təşkil edilib

Aprelin 1-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans və qoruq idarəsi tərəfindən hazırlanmış “31 Mart – tariximizin faciəli səhifəsi” adlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tarix üzrə elmlər doktorları, professorlar Solmaz Rüstəmova-Tohidinin “1918-ci il mart hadisələri: Bakının müsəlman əhalisi erməni əsirliyində (AXC Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında)”, Anar İsgəndərovun “Lənkəran qəzasında daşnak hərbi birləşmələri tərəfindən yerli əhaliyə qarşı həyata keçirilən soyqırımı” və digər tədqiqatçı alimlərin məruzələri dinlənilib.

Bildirilib ki, 1918-ci il mart ayının 30-dan başlayaraq Bakıda erməni-bolşevik qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı yönəlmiş qırğınlar aprelin 2-nə kimi davam edib. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, Naxçıvan kimi geniş bir coğrafiyanı əhatə edən erməni ekspansiyası nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib, xalqın onilliklər boyu qazandığı maddi və mənəvi sərvətlər dağıdılıb talan edilib, böyük qaçqınlar və didərginlər ordusu meydana çıxıb.

Diqqətə çatdırılıb ki, 1918-ci ilin mayında təşəkkül tapan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyulun 15-də xalqımıza qarşı ermənilər tərəfindən işlənmiş soyqırımı cinayətinin həqiqi miqyasını və çoxsaylı qurbanlarını aşkara çıxarmaq məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb. Lakin 1920-ci ilin aprelində hakimiyyəti qəsb edən bolşeviklər bu tarixi faciəni ört-basdır edərək süni beynəlmiləlçilik ideologiyasını ortaya ataraq, xalqımızın yaddaşından həmin qanlı cinayəti silməyə çalışıb.

Vurğulanıb ki, xalqımıza qarşı törədilmiş bütün soyqırımı hadisələrinin anılması və həmin faciələrin unudulmaması üçün dahi şəxsiyyət Heydər Əliyev 1998-ci il martın 26-da Fərman imzalayaraq 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan edib. Əsrlərboyu xalqımıza qarşı törədilmiş, lakin məqsədli şəkildə ört-basdır edilmiş qanlı soyqırımı və deportasiya hadisələrinin əsl mahiyyəti məhz həmin tarixi Fərmandan sonra tarixçilər, tədqiqatçılar, arxivşünaslar tərəfindən tədqiq edilməyə başlanılıb, qaranlıq səhifələrə aydınlıq gətirilib.

2018-ci il yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Tariximizin ciddi təhrifə uğramış bu səhifələrini yenidən, həqiqət meyarları ilə işıqlandırmaq baxımından respublikamızda hazırda ciddi işlər gedir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “31 Mart – tariximizin faciəli səhifəsi” adlı kitabı məhz bu zərurətdən ərsəyə gətirib.

Qeyd edilib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “31 Mart – tariximizin faciəli səhifəsi” adlı elmi məqalələr toplusu “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. İki fəsildən ibarət 504 səhifəlik kitabın elmi redaktoru, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi, işçi qrupu isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Elmi-Mədəni Mərkəzin direktoru Cavid Kazımov, filologiya üzrə fəlsəfə doktoru, tədqiqatlar sektorunun müdiri İradə Musayeva və tədqiqatlar sektorunun tarix üzrə elmi işçisi Nərmin Alıyevadır.

Kitabda 40-dan çox müəllifin araşdırmasının yer aldığını söyləyən natiqlər bildiriblər ki, ölkəmizin tanınmış mütəxəssislərinin, eləcə də Rusiya və Türkiyə universitetlərində çalışan görkəmli alimlərin mart qırğınları ilə bağlı tədqiqatları, eləcə də hadisəyə isti-isti münasibət bildirən o zamankı ictimai-siyasi xadimlərin, ziyalıların 1918-1919-cu illərdəki dövri mətbuatda işıqlandırılan bir çox yazıları çap edilib. Kitab respublikamızın, eləcə də bəzi xarici ölkələrin kitabxanalarına və universitetlərinə də göndəriləcək.

“31 Mart – tariximizin faciəli səhifəsi” kitabının tariximizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını söyləyən natiqlər belə nəşrlərin xarici dillərə tərcümə olunaraq daha geniş coğrafiyada yayılmasının zəruriliyini vurğulayıblar.

dfsdffdsfs

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO