“Həzrəti Yusif” filmi, SÖZ-ün qüdrəti

Yaşadığımız Ramazan günlərində “Space” telekanalının efirində yayımlanan “Həzrəti Yusif” serialı qısa müddətdə özünə xeyli auditoriya toplaya bilib. Film İran kinematoqrafçılarının istehsalıdır. Lakin onu mahiyyətcə bir ölkənin, bir xalqın, hətta konkret bir regionun filmi kimi dəyərləndirmək olmur.
“Həzrəti Yusif” bir çox parametrlərinə görə özündə ümumbəşəri dəyərləri cəmləşdirə bilən nadir filmlərdəndir. Burada peşəkar dublyajın da əhəmiyyəti böyükdür. Filmi səsləndirən aktyorların yerli-yerində seçilməsinin şahidi olur tamaşaçı. Mətnin oxunuşunda lazımsız pafos yaradaraq sözü öz orbitindən çıxmış durumda təqdim etmək, sözləri yazıldığı kimi oxuyaraq tələffüzün qaydalarını gözləməmək kimi seyrçinin ürəyini bulandıran əlamətlərin olmaması filmi bir qədər də əhəmiyyətli duruma gətirib. Fikrimcə, sonuncu söylədiyim də çox vacib amillərdəndir.
Vaxtilə ANS telekanalının “Titanik” filmini çox professional biçimdə dublyaj etdiyini qeyd etmişdim. Buna görə məni qınayanlar da tapılmışdı.Yaxşıya yaxşı deyərlər. “Titanik”ə birinci dəfə tamaşa edənlər onun Azərbaycan dilində lentə alındığını zənn edə bilərdilər. Bu böyük mətləblərin insanlara çatdırılması naminə konturları ustalıqla cızılmış məsələnin köməkçi bir tərəfi…

“Həzrəti Yusif” filmi haqqında internet materiallarına baxıram. Məlum olur ki, 45 seriyadan ibarət filmi İranın tanınmış kinorejissoru Fərəcullah Sələhşur ekranlaşdırıb. Film “CineSalam prodakşn”da tərcümə və dublyaj olunub. Filmi Azərbaycanın xalq artistləri İlham Əsgərov, Həmidə Ömərova, əməkdar artist Kazım Abdullayev, aktyorlar Elşən Rüstəmov, Məmməd Səfa, Şəfəq Əliyeva, Qədir Mirzə, Natəvan Qeybani, Pərviz Bağırov və digər 20-yə yaxın peşəkar aktyor səsləndirib.

“Həzrəti Yusif ” serialındakı Yaqub Peyğəmbərin (ə) obrazını səsləndirən xaq artisti, Azərbaycan Akademik Milli Dram Teatrının artisti İlham Əsgərov bildirib ki, “bu film nəinki mənim, filmi seyr edən bütün insanların da həyatında böyük izlər buraxır. “Həzrəti Yusif ” filmindəki əsas rollardan birini də mən səsləndirirəm. Bu mənim həyatıma böyük təsir elədi. Hisslərimin təmizlənməsində bu filmin böyük rolu oldu”.

“Həzrəti Yusif”də baş verənlər indiyədək müxtəlif mənbələrdən oxuduğumuz təkzibedilməz tarixi faktların məcmusudur. Mənim filmdə diqqətimi özəl olaraq çəkən məqamsa dünyanı idarə etməyə ən böyük iddialı, hər şeydən uca SÖZ-ün burada göstərdiyi şücaətləri seyr etməkdir. Təbii ki, söhbət qiymətli SÖZ-dən gedir. Fərqi yoxdur ki, onu 10 yaşlı uşaq səsləndirir və ya ahıl yaşlı qoca. Yusifin ən ağır durumlarında onun dadına çatan SÖZ-ü həm də onun hansı formada, hansı tonda deməyidir. O, sadəcə olaraq “bəlkə məndən sizə bir xətər dəymişdir” kimi ifədəni özünəməxsus ifadə formasında deməklə daş qəlbləri əridib muma döndərir, ibrətamiz fikirləri ilə hamının, hətta maddi mənada “sahibinin” də sevimlisinə çevrilə bilir. Fikir verirsinizmi, bu, insanların nisbətən təhsilləndiyi, artıq taxta parçalarına itaət etməyin boş və mənasızlığını anlamağa başladıqları dövrlərə təsadüf edir. İnsanlar zaman-zaman ətraflarında baş verənləri dərk elədikcə təkallahlılığa doğru gedirlər. Bunu onlara anladansa kiçik yaşlı, “əcnəbi qulam” Yusif olur. Bütün bunların “gözlənilən”, “olacaq” kimi dəyərləndirilməyinə baxmayaraq, həmin ifadələrin insanların davranışında, gələcəkdə – Yusif peyğəmbərdən sonrakı dövrlərdə böyük, qanlı müharibələrin qarşısının alınmasında əvəzsiz rol oynadığının fərqində olmaya bilmirsən. Burada Azərbaycan xalqının folklor yaddaşında yaşayan ““ho-ho” var dağa qaldırar, “ho-ho” var dağdan endirər” deyimi yadıma düşür. İnkişaf etmiş hesab olunan indiki dövrü götürək. Çağdaş həyatımızda dünyanın nüfuzlu media qurumlarının öz əməkdaşlarına təlim etdiyi “insanlara yanaşma formulaları”, “həmsöhbətə münasibətdə ton və taktikanın düzgün seçilməsi praktikasının tətbiqi”, “müxtəlifbaxışlılara münasibətdə balansın qorunması” və s. də həmin seçilmiş, ali insanların əsrlərlə etdiyi təlqinlərin nəticələridir. İnsanlar bu yollardan sapdırılanda iri və ya kiçik miqyaslı fəlakətlərin baş verməsi dediklərimizə əyani sübutdur.

Bir sözlə, istərdim ki, tamaşaçılar ərsəyə gətirənləri və dublyaj yaradıcılarını böyük sevgilərə layiq olan bu filmin bütün detallarına diqqət edərək, ona təkcə dini baxış bucağından yanaşmasınlar, həm də böyük SÖZ-ün qüdrəti prizmasından onun dünyəvi əhəmiyyətini dərk etsinlər. Bütün hallarda yüksək peşəkarlıqla dublyaj olunmuş bu film yaradıcı heyətin və “Space” telekanalının həm də mənəvi boşluqların doldurulmasına istiqamətlənən Ramazan günlərində insanlara çox dəyərli hədiyyəsidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO