Hər il qurultay keçirməli olan mətbuat şurası iki ildir qurultay keçirmir

İki ildir Azərbaycan jurnalistlərinin qurultayı keçirilmir. Mətbuat Şurasının nizamnaməsinə görə, qurultay – şuranın ali orqanıdır və ildə bir dəfədən az olmayaraq keçirilməlidir.

Mətbuat Şurasının sonuncu – 5-ci qurultayı 2008-ci il iyunun 20-də olub. Bəs növbəti qurultay(lar)?

Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu “Media forum” saytına açıqlamasında deyib ki, 2010-cu ilin əvvəlində 2009-cu ilin hesabatı ictimaiyyətə təqdim olunub: “Mətbuat Şurasının ümumi yığıncağı keçirilib və hesabat da verilib. Yığıncaqlar ildə bir dəfə olmalıdır, sadəcə, bir neçə ay o tərəf, bu tərəf keçirilə bilər. Həmin hesabat kifayət qədər geniş şəkildə mətbuata verildi. İldə bir dəfə hesabat yığıncağı olmalıdır və oldu da. Orda ictimaiyyət nümayəndələri, şuranın üzvləri, o cümlədən İdarə Heyətinin üzvləri iştirak edirdilər”.

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə də “Media forum”a deyib ki, 2009-cu il dekabrın 30-da İdarə Heyətinin iclasında qurumun həmin il üçün hesabatı təsdiqlənib, 2010-cu ilin yanvarında isə hesabatın təqdimatı keçirilib.

Lakin Rəhim Hüseynzadə hesabat təqdim olunan tədbirin qurultay, yoxsa yığıncaq olduğunu deməyib: “Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşovdan, yaxud onun müavinlərindən soruşa bilərsiniz. Qurultay olub-olmamasını Əflatun müəllimdən dəqiqləşdirin”.

“Media forum” saytı iki həftəyə yaxındır sözügedən məsələ ilə bağlı Əflatun Amaşovdan hər hansı açıqlama ala bilmir.

“Media forum”un araşdırmasından bəlli olub ki, Mətbuat Şurasının 2009-cu il üçün hesabatı ictimaiyyətə 2010-cu il yanvarın 27-də qurumun ofisində təqdim olunub.

Mətbuat Şurasının nizamnaməsinə görə, qurultay şuranın fəaliyyətinə dair mühüm perspektiv məsələlər üzrə qərarlar qəbul edir; şuranın nizamnaməsini təsdiqləyir, ona əlavələr və dəyişikliklər edir; İdarə Heyətini, sədri, Nəzarət-Təftiş Komissiyasını seçir; şuranın əmlakının formalaşdırılması və istifadəsi prinsiplərini müəyyənləşdirir; şuranın icra orqanlarının fəaliyyətinə dair hesabatları dinləyir və təsdiqləyir; Jurnalistlərin Peşə Davranışı Qaydalarını, ona əlavə və dəyişiklikləri, şuranın illik büdcəsini təsdiqləyir; şuranın yenidən təşkili və ya ləğvi barədə qərar çıxarır.

Bu məsələlər barədə qurumun 2010-cu il yanvarın 27-də keçirilən yığıncağında müzakirə aparılmayıb və qərarlar qəbul edilməyib.

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı “Media forum” saytına deyib ki, əgər bir il ərzində Mətbuat Şurasının qurultayı keçirilməyibsə, bu, şura üzvlərinin, onu yaradanların hüquqlarının pozulması kimi qəbul edilməlidir: “Bu, Mətbuat Şurasının daxili işidir. Ancaq nizamnamə pozuntusu baş veribsə, Ədliyyə Nazirliyi də məsələyə müdaxilə edə, qurultayın keçirilməsini tələb edə bilər. Yəqin ki, bu barədə Mətbuat Şurası üzvlərinin də fikrini soruşmaq lazımdır. Onlar belə bir suala cavab verməlidirlər ki, hüquqlarının pozulmasına necə baxırlar? Bu zaman bəlli olacaq ki, üzvlər Mətbuat Şurasının fəaliyyətini nə dərəcədə izləyirlər və nə qədər məlumatlıdırlar”.

Mətbuat Şurasının rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, quruma 176 KİV üzvdür. Bunlardan 34-ü gündəlik, 68-i həftəlik və aylıq qəzet, 15-i informasiya agentliyi, 21-i jurnalist təşkilatı, 17-si jurnal, 21-i isə bölgə nəşridir.

Mətbuat Şurasının nizamnaməsinə görə, üzvlüyə qəbul olunan hüquqi şəxslər, gündəlik qəzetlər, informasiya agentlikləri və jurnalist birlikləri ildə bir dəfə şərti maliyyə vahidinin 135 misli miqdarında, həftəlik və ya aylıq qəzet və jurnallar isə 90 misli miqdarında üzvlük haqqı verirlər.

Şura üzvünün şuranın tədbirlərində iştirak etmək; şuranın fəaliyyətinə nəzarət etmək və bununla əlaqədar olan məsələlər barədə təkliflər vermək; şuradakı fəaliyyəti ilə əlaqədar hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün şuraya müraciət etmək; hüquq və vəzifələrinə aid hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, şuranın müvafiq orqanlarına etirazını bildirmək və şikayət vermək hüquqları var.

Nizamnaməyə görə, şuranın növbədənkənar qurultayı şuranın icra orqanının, təsisçilərdən üçdə birinin, eləcə də şura üzvlərinin üçdə birindən az olmayan hissəsinin və yaxud sədrin təşəbbüsü ilə çağırıla bilər. Növbədənkənar qurultay qərar qəbul olunduğu gündən bir ay müddətində çağırılır.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO