“Hoy Los Angeles” qəzetində Azərbaycanda dini tolerantlıq barədə məqalə dərc edilib

ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” nəşrində baş redaktor Alexandro Masiyelin Azərbaycanda müxtəlif dinlər və etnik icmalar arasında qarşılıqlı hörmət və dinc yanaşı mövcudluq mövzusunda məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, müəllif bu yaxınlarda Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə olub.

Alexandro Masiyel yazır ki, bütün dünyada dini mülahizələr zəminində kütləvi qətllər baş verdiyi, məsələn, Şri-Lankada katolik kilsələrinə terror hücumu törədildiyi bir vaxtda Azərbaycanda dinlər arasında dinc yanaşı mövcudluq və tolerantlıq hökm sürür.

Məqalədə qeyd edilir ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh və harmoniya şəraitində dinc yanaşı yaşayırlar. Masiyel vurğulayır ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlar olsa da bu ölkədə katoliklər, pravoslav xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri çox rahat şəraitdə yanaşı yaşayırlar. Müəllif yazır ki, o özü Azərbaycanın müxtəlif regionlarına səfərlər zamanı yəhudi icmasının üzvlərinin öz müsəlman dostlarına kömək etmələrinin, onların hətta birgə məclislər keçirmələrinin şahidi olub.

Masiyel daha sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ilə söhbəti barədə yazır. Masiyel Ağayevə deyib ki, bu reallığın əsas səbəbi, heç şübhəsiz, tolerantlıqdır. Azərbaycanlı diplomat cavab verib ki, əslində bu gerçəkliyin əsas mənbəyi tolerantlıq deyil, çünki tolerantlıq o deməkdir ki, insan onu qıcıqlandıran amillərə dözməli olur, burada isə söhbət qarşılıqlı hörmətdən və dinc yanaşı yaşamaqdan gedir.

Müəllif deyir: “Baş konsul haqlıdır, irqi nifrətin və dini dözümsüzlüyün səbəbi qorxu, nadanlıq və etimadsızlıqdır. Bizim cəmiyyətə oxşar cəmiyyətlərdə biz özümüzə yabançı olanlara arxamızı çeviririk, biliklərimizin və müxtəlifliklərə hörmət hissinin çatışmaması üzündən qorxu hissinin artmasına imkan veririk”.

Masiyel öz məqaləsinin sonunda yazır ki, əgər Azərbaycan sakinləri kimi ABŞ-dakı insanlar da qarşılıqlı hörmətin və dinc yanaşı yaşamağın vacibliyini anlasaydılar, başqa dinlərin nümayəndələrinə və immiqrantlara nifrət zəminində hücumların sayı azalardı.

Qeyd edək ki, milyon nüsxə tirajla nəşr edilən “Hoy Los Angeles” qəzeti ABŞ-da ən iri və nüfuzlu ispandilli mətbuat orqanıdır. ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los-Anceles dairəsində isə 5 milyona qədər ispandilli sakin yaşayır. Bu icmanın ABŞ-ın siyasi və ictimai həyatında nüfuzu günbəgün artır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO