Hikmət Hacıyev: Vyana görüşü Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlara yeni impuls verdi

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 29-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı AZƏRTAC-a məxsusi açıqlama verib.

Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında görüş normal və konstruktiv şəraitdə keçdi. Uzun fasilədən sonra Azərbaycan Prezidenti ilə Ermənistan rəhbərliyi arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüş təşkil olundu. Bu, bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında aparılır. Xatırladaq ki, hələ martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək danışıqlar prosesinin formatının dəyişməzliyi məqamını xüsusi vurğulamışdılar. Bildiyimiz kimi, Ermənistan tərəfindən danışıqlar prosesinin formatının dəyişdirilməsi ilə bağlı iddialar var idi. Azərbaycan da bu məsələyə qəti şəkildə etirazını bildirdi. Vyana görüşü bir daha göstərdi ki, danışıqlar münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılmaqdadır.

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında iki saatdan artıq təkbətək danışıqlar aparıldı. Sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirildi. Ümumilikdə danışıqlar üç saatdan çox müddətdə aparıldı. Bu görüş münaqişənin həlli ilə bağlı danışıqlara yeni impuls verdi. Nəticə etibarilə, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən, yəni, “3+2” formatında birgə bəyanat qəbul olundu. Bu bəyanatda da danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur, həmçinin sülh prosesinin irəli aparılması üçün münbit şəraitin yaradılmasının vacibliyi vurğulanır. Eyni zamanda, danışıqlar prosesində konkret və nəticəyönümlü addımların atılmasının vacibliyi kimi məqamlar qeyd edilir. Bəyanatda da qeyd olunduğu kimi, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında aparılmış müzakirələr nəticəsində qərara alınıb ki, bundan sonra xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin və danışıqlar prosesinin irəliyə aparılması məsələləri müzakirə olunsun. Burada, həmçinin atəşkəslə bağlı məsələlər də qeyd olunur. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, atəşkəsin gücləndirilməsi məsələsi substantiv danışıqların aparılması prosesi ilə paralel istiqamətlərdir və bir-birini tamamlamalıdır.

Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərə, ölkələrimiz arasındakı əlaqələrə toxunan şöbə müdiri deyib: “Dövlətimizin başçısı səfər çərçivəsində Avstriyanın Federal Kansleri, Federal Prezidenti, vitse-kansleri ilə görüşlər keçirdi. Bu görüşlərdə Azərbaycan ilə Avstriya arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrdən məmnunluq ifadə olundu, ölkələrimizin iqtisadi-ticarət, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edildi. Görüşlərdə biznes dairələri arasında işgüzar əlaqələrin yaradılması və inkişaf etdirilməsi mühüm məqam kimi qeyd olundu. Hər iki tərəfin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası da yaradılıb ki, bu da əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından mühüm bir formatdır. Qeyd edək ki, martın 29-da Vyanada bu formatda da görüş keçirildi. Burada da aidiyyəti qurumların rəhbərləri müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi apardılar”.

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın regionda yaratdığı nəqliyyat imkanları Avstriya tərəfindən də maraqla qarşılanır. Bu nəqliyyat imkanlarından da istifadə etməklə Avstriya şirkətləri yeni bazarlara çıxış əldə edə bilərlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO