Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisinin və “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub

Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisinin və “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olubSentyabrın 3-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” adlı fotosərgisi açılıb.

Trend-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Parisin 1-ci rayonunun meriyasının binasında açılan “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisi artıq bir neçə gündür ki, Fransa ictimaiyyətinin, Paris sənətsevərlərinin, xüsusilə nüfuzlu media orqanlarının diqqət mərkəzindədir. Bunu sərginin rəsmi açılış mərasiminə gələn qonaqların çoxluğundan da aydın görmək olur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə Fransanın tanınmış ictimai və mədəniyyət xadimlərinin bu tədbirə qatılması bir daha Reza Deqatinin sənətinə və onun mövzularına olan maraqdan qaynaqlanırdı.

Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Reza Deqatinin fotolarının həmişə sənətsevərləri təəccübləndirdiyini bildirdi. Qeyd etdi ki, bu sərgi olduqca mühüm mövzuya – tolerantlıq məsələsinə həsr edilib. O, sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür etdi.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğuladı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın hər zaman mədəniyyətlə bağlı tədbirlərə öz dəstəyini verdiyini söylədi. Reza Deqatinin budəfəki fotolarının Azərbaycanda tolerantlıq mühitini aydın şəkildə əks etdirdiyini deyən Elçin Əmirbəyov bildirdi ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşir və bu sərgi ölkəmizdəki dinlərarası münasibətləri mükəmməl şəkildə göstərə bilir.

Dünya şöhrətli fotoqraf Reza Deqati tədbirə gəldiyinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Qeyd etdi ki, hazırkı mürəkkəb dünyada müxtəlif dinlərin və xalqların mehriban şəraitdə yaşadığı bir məkan var – bu, Azərbaycandır.

Tədbirin təşkilatçısı xanım Karla Areqoni sərginin yüksək səviyyədə keçirilməsi üçün verdikləri dəstəyə görə Azərbaycanın birinci xanımına və əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Sərgidə məşhur fotoqraf Reza Deqatinin müxtəlif illərdə çəkdiyi fotolar nümayiş etdirilir. Bu fotolar izləyiciləri Azərbaycanda yaşayan müxtəlif millətlər və dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənələri ilə tanış edir. Tanınmış fotoqrafın sərgidəki işləri Azərbaycanda müxtəlif dini icmaların bir-birinə hörmət və ehtiram şəraitində yaşadığının tərənnümünə çevrilib. Fotolarda Azərbaycanın təbiətini, qədim adət-ənənələrini, sadə insanların gündəlik həyatını görmək mümkündür. Bu fotolar həm tarixi məkanlarımızı, Azərbaycanın müxtəlif bölgələrindəki həyat tərzini, həm də bu qədim tarixə sahib ölkəmizin müasirliyini izləyicilərin diqqətinə çatdırır.

Birinci xanım Mehriban Əliyeva Reza Deqatinin Azərbaycana həsr olunmuş kitablarından danışdı, bu kitabların ölkəmizin tanıdılması baxımından əhəmiyyətini vurğuladı.

Bu gün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının aparıcı qüvvəsi olan Azərbaycandakı tolerantlıq mühitini ustalıqla tamaşaçılara çatdıran Reza Deqatinin bu sərgisi də Paris sənətsevərləri tərəfindən böyük maraqla qarşılandı. Onu da deyək ki, tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Reza Deqatinin “Talelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsi” kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının “Xidmətlərə görə” ordeninin laureatıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO