Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Londonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib

Böyük Britaniyanın paytaxtı Londonda Heydər Əliyev Fondunun və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Nərgiz Paşayeva, Böyük Britaniyada akkreditə olunmuş diplomatik korpusun, dövlət qurumlarının və parlamentin nümayəndələri, iş adamları iştirak ediblər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Qeyd edib ki, cəmi 23 ay ömrü olan respublika qısa müddətdə ciddi uğurlara imza atıb, dünyanın aparıcı dövlətləri ilə diplomatik münasibətlər qurub, qadınlara ilk dəfə seçki hüququ verib. Diplomat 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamızın bu gün dünyada uğurlu daxili və xarici siyasət yürüdən, inkişaf edən demokratik dövlət kimi tanındığını vurğulayıb.

Azərbaycanla Böyük Britaniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə sürətlə inkişaf edən əlaqələrdən danışan Tahir Tağızadə Böyük Britaniyanın Azərbaycan üçün etibarlı tərəfdaş olduğunu qeyd edib, hər iki ölkə arasında son 27 il ərzində möhkəm əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb.

Təhsil sahəsində əməkdaşlıqdan bəhs edən səfir Oksford Universiteti nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin uğurlarından, o cümlədən akademik Nərgiz Paşayevanın 2018-ci il oktyabrın 11-də Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin üzvlüyünə təntənəli surətdə qəbul olunmasından söhbət açıb. O, həmçinin Oksford Universiteti rəhbərliyinin və Elmi Şurasının qərarı ilə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adının Kanslerin Xeyriyyəçilər Komitəsinin daimi üzvü kimi dünya şöhrətli alimlər, ictimai xadimlər və nüfuzlu təşkilatlarla yanaşı, XVII əsrə aid Klarendon binasının xatirə lövhəsinə həkk olunmasından danışıb.

Tədbirdə Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Böyük Britaniya ilə birgə fəaliyyət göstərdiyi bildirilib, Prezident İlham Əliyevin Londona son səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyi vurğulanıb.

Böyük Britaniya hökumətinin Lordlar Palatasının üzvü, Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da tədbir iştirakçılarını və xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. O, 100 il əvvəl Şərqdə ilk demokratik respublikanın qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirib. Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətləri arasında qadınlara səsvermə hüququnun verilməsini xüsusi vurğulayan Baronessa Emma Nikolson ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycanla Böyük Britaniya arasında təkcə enerji üzrə deyil, təhsil, mədəniyyət, hərbi və digər sahələrdə də münasibətlər inkişaf edir. İkitərəfli diplomatik əlaqələrə nəzər salan Lordlar Palatasının üzvü ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığının səviyyəsindən razı olduğunu bildirib və bu əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb. Azərbaycan Prezidentinin Londona son səfərini xüsusi qeyd edən xanım Nikolson bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair foto və sənədlər, video və audiomateriallar, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunan sənədli film nümayiş etdirilib, musiqi proqramı təqdim olunub.

Baronessa Emma Nikolson AZƏRTAC-a müsahibəsində deyib:

-Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin Londonda qeyd edilməsi çox mühüm hadisədir. Biz Azərbaycanda demokratiyanın təntənəsinə yığışmışıq. Bu gün Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələr yüksək səviyyədədir. Bir daha təbriklərimi çatdırıram.

Kensington və Çelsi bələdiyyəsinin müşaviri Gerard Hargreaves qeyd edib:

-Təmsil etdiyim qurum adından Azərbaycanı 100 illik yubiley münasibətilə təbrik edirəm. Bu tədbirdən zövq almaqla yanaşı, ölkənizin tarixi haqqında bir sıra məlumatlar öyrəndim. Burada nümayiş olunan filmdə Azərbaycanın coğrafiyası, mədəniyyəti, zəngin təbiəti haqqında ətraflı məlumat verilib. Bir daha Azərbaycan xalqını təbrik edirəm.

Britaniya parlamentinin Lordlar Palatasının üzvü Devid Çarlz Evans bildirib:

-Burada olmaq böyük şərəfdir. Azərbaycan xalqını bu önəmli gün münasibətilə təbrik edirəm. Ölkənizə növbəti 100 illikdə də uğurlu inkişaf arzulayıram. Londonda Azərbaycanla bağlı keçirilən tədbirlərdə mütəmadi iştirak etməkdən şərəf duyuram. İndi də burada olduğum üçün çox şadam. Möhtəşəm tədbirdir.

Lordlar Palatasının digər üzvü Con Devid Kilkluni deyib:

-Mən 20 ildir ki, Azərbaycanın dostu olmaqdan şərəf duyuram. Həm Avropa Parlamentində, həm də Avropa Şurasında çalışdığım illərdə həmişə Azərbaycanın haqq səsini müdafiə etmişəm. Ölkəniz Avropa Şurasına üzv qəbul olunanda mən bütün proseslərin bilavasitə iştirakçısı idim. Ondan sonra ölkənizdə mütəmadi səfərlərdə olmuşam. İllər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini görmək çox xoşdur. Ölkənizlə bağlı xüsusi məqamı qeyd etmək istərdim: Azərbaycanda dini tolerantlıq yüksək səviyyədədir. Bu, dünyaya nümunə ola biləcək bir məqamdır.

Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev bildirib:

-Bugünkü tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən çoxsaylı tədbirlərdən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş rəsmi qəbul və sərgi Cümhuriyyətimizin tarixi ilə bağlı bütün məlumatların Britaniya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Aynurə Tağıyeva, AZƏRTAC-ın xüsusi müxbiri

London

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO