Hacıbala Abutalıbov: Prezident İlham Əliyev Bakıda binalara vurulan üzlüklərin keyfiyyətinin yoxlanılması üçün 2 gün vaxt verib

Prezident İlham Əliyev Bakıda binalara vurulan üzlüklərin keyfiyyətinin yoxlanılması üçün 2 gün vaxt verib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abıtalıbov deyib.

H.Abutalıbov deyib ki, bu müddətdə ekspertiza aparılacaq. Onun sözlərinə görə, Bakı şəhərinin bütün rayonlarında cəmi 140 binada bu materialdan üzlük var: “Bunların hamısından nümunə götürüləcək, laboratoriyadan keçirilərək ekspertiza olunacaq. Yekun sənəd sonda mənə təqdim olunacaq. Bundan sonra biləcəyik ki, yanğın nədən baş verib. Bundan sonra binalardan üzlüklərin sökülüb-sökülməyəciyinə qərar veriləcək. Çünki müəyyən sənədlərdə bu materiallardan üzlük kimi istifadə oluna biləcəyi yazılmışdı. Həmin material dünyanın bir çox yerində, o cümlədən Türkiyədə, Rusiyada istifadə olunub. Həmin ölkələrdə üzlüklər birbaşa divara yapışdırılaraq ara məsafə saxlanılmır. Ara məsafənin özü də yanğının sürətlənməsinə səbəbdir. Səbəblər çoxdu, sadəcə istintaq araşdırmasının nəticələrini gözləmək lazımdır”.

Yanğın hadisəsinin I Avropa Oyunları öncəsi təxribat ola biləcəyi məsələsinə toxunan icra başçısı bildirib ki, bu ehtimal da araşdırılır: “Bunu da istisna etmək lazım deyil. Hadisənin baş verməsi bizim günahımızdır. Lakin əsas işimiz səbəbləri müəyyənləşdirməkdir. Konkret səbəbləri öyrənməliyik. Çünki üzlüklər çoxdan vurulub, amma son zamanlar ard-arda yanır. Prezident İlham Əliyevin göstərişi ilə üzlük vurulan bütün binaların qarşısına mühafizə qoyulub. İnsanlardan xahiş olunur ki, daha ayıq olsunlar. Çünki hazırda bütün dünyanın gözü Azərbaycandadır. Kimsə gəlib bizim ölkəni qoruyası deyil. Ona görə də əvvəlcə özümüz özümüzü qorumalıyıq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO