Günün mətbuatı və mətbuatın günü

Yaxud cəmiyyət oxucu üçün iki rəng arasında manipulyasiya edən mətbuatdan daha rəngərəngdir

Son günlər özümü ələ alıb mətbuatın problemlərilə bağlı yazmamağa çalışsam da, nəticədə istədiyimə nail ola bilmirəm. Qüsura baxmayın, yaşadığın, nəfəs aldığın, iç-içə olduğun bir mühitin problemlərinin çözülməsi üçün çaba vermədən, dışarıya doğru bir addım da atmaq mümkün deyil. Əslində, medianın gündən-günə ictimai-siyasi və iqtisadi anneksiyaya uğrayan sərhədləri çərçivəsində də cəmiyyətin bütün problemlərilə bağlı müzakirə açmaq olar. Ancaq təəssüf ki, Azərbaycan mətbuatı mövcud cəmiyyətin ağ-qara portretini xatırladır. İndi cəmiyyət oxucu üçün iki rəng arasında manipulyasiya edən mətbuatdan daha rəngərəngdir. Elə bu səbəbdən də potensial Azərbaycan oxucusu iki rəngin yorucu əhatəsindən sıyrılaraq, cəmiyyəti “oxumaq” məcburiyyətindədir.

***

Mətbuatdan XX əsrin, daha dəqiq desək, ötən əsrin 90-cı illərinin “qoxusu” gəlir. Bayırda isə XXI əsrdir, deyəsən…
Uzun illərdir ki, Azərbaycan mediasında dünyanın heç bir ölkəsinə xas olmayan tühaf bir tendensiya özünü büruzə verir. Mətbuat rəqabət aparmır, öz təməl funksiyalarını yerinə yetirmir, sadəcə savaşır. Həm də onun özünün də rahat nəfəs alacağı bir cəmiyyət qurmaq naminə yox, ayrı-ayrı fərdlərin rahat həyatını təmin etmək üçün. Bizim ölkəmizdə baş redaktorlar rəhbərlik etdikləri qəzetlərdən daha çox tanınırlar. Görəsən nə üçün? Bu sualın izahını kimsə ən azı özünə verməyə çalışıbmı? Bu ölkədə bir qrup adam öz siyasi karyerasının savaşını aparır, ən son deyiləsi sözü öncədən ifadə etməklə göz önündəki obrazınının cizgilərini qabardır, hansısa düşərgədə və yaxud çadırda üstün iradə sahibi olduğunu önə çəkir. Savaş açır, özünü tərəf elan edir və daha sonra səngərin o biri üzündəkilərə iddialarının təmin olunması üçün çeşidli mesajlar verir.
Azərbaycan mətbuatının problemləri ona görə həll olunmur ki, adıçəkilən müstəvidə araçılıq edən və ya “mücadilə aparan” şəxslərin böyük əksəriyyəsi bu ad altında öz problemlərinin həlli ilə məşğul olurlar. Təbii ki, problem nə qədər çox böyüyürsə və qabarıq təqdim olunursa, bu müstəvidə xarici təzyiqlər nə qədər çoxdursa, əldə ediləcək dividendlərin miqdarı da bir o qədər artır.

***

Tarixini “Əkinçi”dən hesablayan Azərbaycan mediası bəzi ironik bənzətmələr istisna olmaqla, özünün təməl prinsiplərindən xeyli uzaq məsafədədir. İlk baxışdan “üzə dirənən” saysız-hasabsız, soysuz mətbuat orqanlarının hər səhifəsi bizi öz tarixi missiyamızdan addım-addım ayırır: İrəli, geriyə doğru!
XXI əsrdə, rabitə və informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dönəmdə, əcnəbilər nəinki balonlarını, hətta kosmik raketlərini belə tarix muzeylərində nümayiş etdirdikləri bir zamanda biz hələ də yol ayrıcındayıq. Bizdən hər an uzaqlaşmaqda olan sivil dünyaya çatmaq üçün yenidən təkər icad edir, üzərinə yamaq vurmağı və gözmuncuğu asmağı da unutmuruq.
Doğrusu, inanmıram ki, bu gün dünyanın müəyyən inkişaf mərəhələsi keçmiş hər hansı bir xalqının və ölkəsinin mətbuatı “mətbuat necə olmalıdır” sualı qarşısında baş sındırsın. Mətbuat necədirsə elə də olmalıdır: Yəni, azad və qərəzsiz və təbii ki, bütün bu ifadələri reklam xatirinə istifadə etmədən…

***

Azərbaycan mətbuatının durumunu qiymətləndirən zaman, məsələyə təkcə kütləvi informasiya vasitələrinin göz önündə olan problemləri müstəvisindən yanaşılması, zənnimcə, yanlış istiqamətə aparan seçimdir. Mətbuat cəmiyyətin ayrılmaz bir parçasıdır, hansısa yad planetdən gətirilməyib və yaxud ictimai şüurumuza, həyatımıza cərrahiyyə əməliyyatı vasitəsilə daxil edilməyib. Bu baxımdan da, mətbuatı canımız qədər sevdiyimiz bu məmləkətin hər gün təkrar-təkrar və daha qabarıq ekspozisiyalarda sərgilənən görüntüsünə bənzəyir. Məhz buna görə də, mətbuatın problemlərinin cəmiyyətin kontekstindən çıxarılaraq əlahiddə bir müstəvidə həll olunması mümkün deyil.

***

Hələ də ucuz, bayağı şou və seriallar mərhələsini keçməyən bir cəmiyyətdə fəaliyyətini Əlahəzrət Fakt və intellektual analitika üzərində quran kütləvi informasiya vasitələrinin mövcudluğu olduqca çətin məsələdir. Nə qədər ki, dövlət qulluğuna gəlir mənbəyi kimi baxılır, “reket” jurnalistika da olacaq. Nə qədər ki, ayrı-ayrı siyasi qüvvələr ölkədə sivil və etimadlı münasibətlərin təşəkkül tapmasında maraqlı olmayacaqlar, nə qədər ki, dialoq və intellektual fikir mübadiləsi mübahisələrin həllində əsas vasitəyə çevrilməyib, nə qədər ki, yarıtmaz siyasətçilərin və məmurların mövcudluğunu təmin edən “səngər”lər aradan götürülməyib, nə qədər ki, qanunlara sayğı toplumun mütləq əksəriyyətinin düşüncəsinə hakim kəsilməyib mətbuat səhifələri kin və qəzəb püskürməkdə davam edəcək. Problem ondadır ki, Azərbaycan cəmiyyəti özündə edə bilmədiyi dəyişiklikləri mətbuatdan gözləyir. Belə olmur. Hormal cəmiyyətdə heç bir kəs başqasının onun əvəzinə qəhrəmanlıq edəcəyi barədə düşünmür. Və belə düşüncə tərzi ən yaxşı halda natamamlıq kompleksi kimi dəyərləndirilir.
Təbii ki, mətbuat ictimai rəyə təsir etmək imkanına malik olduğu üçün ondan daha çox umulmalıdır. Lakin bu “ictimai rəy” dəyişmək istəmirsə, özünün uydurduğu “dəyər və prinsiplər”in girovuna çevrilibsə, inkişafına mane olan feodal düşüncə tərzini kor-koranə mühafizə etməkdə israrlıdırsa… O zaman nəinki mətbuat, heç… kim belə cəmiyyəti İSLAH edib sivil dünyaya doğru yürüyən zaman ATının yəhərinə almayacaq.

***

…Dəyişməliyik. Söhbət heç də min illərin süzgəcindən keçərək cilananan, təkcə Azərbaycan və Türk Dünyası üçün deyil, bütün bəşəriyyət üçün böyük önəm kəsb edən milli mədəniyyətimizin tarixin arxivinə təslim edilməsindən getmir (təəssüf ki, çox vaxt qondarma və məişət xarakterli nəsnələri mənəvi və mədəni irsimizdən daha çox mühafizə edirik).
İstəsək də, istəməsək də düşüncəmizin sərhədlərini qapayıb bu gün dünyada baş verən proseslərdən təcrid oluna bilmərik. Avropanın hüquqi dəyərlər sisteminə inteqrasiyamız qaçılmazdır. Bu prosesi kənar müdaxilə olmadan, sistemli şəkildə apara biləcəyimizdən isə çox şey asılıdır. Mətbuatın inkişafı da həmçinin…

P.S. Bu yazimda ayrı-ayrı dövrlərdə Azərbaycan mətbuatının durumu haqqında müxtəlif mətbuat orqanlarında dərc olunan və olunmayan məqalələrimdən seçmələr yer alıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO