Gəncliyə Yardım Fondunda “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzulu tədbir keçirilib

Bu qurum, həmçinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin XX ildönümünə həsr olunan “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib. Əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda dinc əhaliyə qarşı törətdiyi qətliamdan bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim bildirib ki, bu faciə Azərbaycan və bütövlükdə türk dünyası üçün ən ağır faciələrdən biri olmaqla yanaşı, bəşər tarixinin qara səhifəsidir. Hər bir xalqın tarixində azad və müstəqil yaşamaq üçün dönüş nöqtəsi hesab edilən tarixi məqamlar var. Bu anlarda azadlıq, müstəqillik uğrunda öz canlarından keçən qəhrəman övladlar heç də

az olmayıb: “Belə qəhrəmanlar zamanın axarında əsla unudulmur və tarixin yaddaşına azadlıq uğrunda axıtdıqları müqəddəs qanları ilə adlarını yazırlar”.

Prezident Administrasiyasının əməkdaşı Rasim Mirzəyev deyib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub: “Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra 20 Yanvar faciəsi haqqında həqiqətlərin beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi işlər görülüb: “Heydər Əliyev şəhidlərin xatirəsinin əziz tutulmasına həmişə diqqətlə yanaşıb”.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov keçmiş sovet rəhbərliyinin və onların Bakıdakı havadarlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törətdikləri 20 Yanvar faciəsinin dəhşətlərinin, tarixə qanla yazılan bu hadisənin xalqın yaddaşından heç zaman silinməyəcəyini vurğulayıb.

Sonra 20 yanvar faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatların elektron ünvanlarına faciə ilə bağlı məlumatlar göndərilib.1990-cı il 20 Yanvar faciəsinin XX ildönümü ilə bağlı Azərbaycan gənclərinin dünya xalqlarına və dövlətlərinə müraciəti qəbul edilib.

Tədbirin sonunda “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda orta məktəb şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə və fərqlənmiş şagirdlərə diplomlar, xatirə hədiyyələri və pul mükafatları təqdim edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO