Gələn həftədən jurnalistləri pulsuz tibbi müayinə edəcəklər

Bu il dekabrın 20-dən 2011-ci ilin yanvar ayının sonunadək jurnalistlər üçün pulsuz müayinələr keçiriləcək. Bu barədə Jurnalist Qadınlar Assosiasiyasının (JQA) prezidenti Sevil Yusifova məlumat verib. Modern.az xəbər verir ki, S.Yusifovanın sözlərinə görə, müayinə Ankara Tibb Mərkəzində (ATM) həyata keçiriləcək. Bir müddət bundan qabaq JQA-nın hepatitlə bağlı layihə həyata keçirdiyini xatırladan qurum rəhbəri söyləyib ki, budəfəki aksiyanın keçirilməsində məqsəd jurnalistlərin sağlamlığının qayğısına qalmaqdır. O vurğulayıb ki, statistikaya görə, ən çox risk daşıyıcıları jurnalistlər olduğuna görə, mədə-bağırsaq, sinir xəstəlikləri ən çox onlarda müşahidə olunur.

“Buna görə də biz belə bir layihə həyata keçirməyi qərara aldıq. Bu müddət ərzində yazılı mətbuatda çalışan jurnalistlər müayinələrdən yararlana biləcəklər. Lakin müayinələrdə iştirak etmək üçün radaksiya rəhbərliyi tərəfindən JQA-ya siyahı göndərilməsi mütləqdir. Siyahıda adı olmayan jurnalistlər müayinələrə buraxılmayacaq. Ötən layihədə olduğu kimi, budəfəki layihəmizi də sponsorsuz həyata keçiririk. Bu təşəbbüs yalnız JQA tərəfindən irəli sürülüb”, – deyə S.Yusifova qeyd edib.

Müayinələr haqqında geniş məlumat verən ATM-nin həkimi Zülfüqar Yusifov bildirib ki, müayinələr qeyd edilən vaxt çərçivəsində həftənin II-VI günləri həyata keçiriləcək. Onun sözlərinə görə, mərkəz bundan əvvəl bir neçə layihələrdə iştirak etsə də, budəfə jurnalist obyektini seçib.

Z.Yusifov vurğulayıb ki, jurnalistlər üçün nəzərdə tutulan müayinələrə – həkim konsultasiyası, bütün qarın boşluğunun USM, EKQ, qanın ümumi müayinəsi, sedimentasiya, protrombin indeksi, qanın laxtalanması, sidiyin ümumi müayinəsi, nəcis müayinəsi daxildir.

“Müayinələrdən keçən jurnalistlərin səhhətində hər hansı bir problem olarsa, o zaman mərkəz lazımi məsləhətlərini verəcək. Əsas istəyimiz insanlar üçün yanan jurnalistlərin sağlamlıq məsələlərində onlara dəstək olmaqdır”,- deyə Z.Yusifov söyləyib.

ATM-nin həkimi Rəqsanə Cəlilova bildirib ki, müayinələr zamanı jurnalistlərdə çıxan hər hansı bir problemlərin aradan qaldırılması üçün mərkəz güzəştli şəkildə müalicə aparmağı öz üzərinə götürüb. O qeyd edib ki, müayinəyə gələn hər bir jurnalist şəxsiyyət vəsiqəsini və ya təmsil etdiyi qurumun vəsiqəsini təqdim etməlidir. O əlavə edib ki, müayinələr saat 09:00-dan 17:00-dək davam edəcək.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO