Gənc yazar Rüfət Əhmədzadə: “İçi mən qarışıq çoxumuz özümüzü buraxmışıq”

AYO-dakı yorğunluq AYB-dəkindən çoxdur”Modern.az gənc yazarlarla müsahibələrini davam etdirir. Budəfəki müsahibimiz şair-tərcüməçi Rüfət Əhmədzadədir:

– Bu gün niyə düşündürücü yazılar oxuya bilmirik?

– Onun günahı oxuculardadır. Amma “oxuya bilmirik” iddiası ilə razı deyiləm. Bazarda çoxlu kitablar var, internetdə yazılar istənilən qədərdir? Düzdür, son zamanlar keyfiyyət kəmiyyətlə uyğun gəlmir… Amma nə edək? Yaxşı oxucu axtarışa meylli olmalıdır. Ümumiyyətlə, oxucu əlinə ilk kitab alan gündən təkamül prosesi keçir. Sarı mətbuatla başlayan mütaliə axırda filosofların, ciddi yazıçıların əsərləri ilə bitmirsə, bunun günahı oxucudadır. Bizim oxucuların əksəriyyəti oturub gözləyir ki, onlara nəsə təqdim edəcəklər, onlar da alıb oxuyacaq. Bir ildir kitab almıram, amma həftədə bir, yaxud ayda iki kitab oxuyuram. Ötən il telefondan yüzlərlə hekayə, onlarla roman oxumuşam. Hamısı da ruscadır. Bizim dildə kitab “apps”ları yoxdur. Gənclərimiz savadsızlaşır, rus dilini unudur, yerli dildə elektron ədəbiyyat qəhətləşir, proqramçılar bu istiqamətdə iş görməkdən ərinir… Əsl problem budur. Bundan əlavə, “trend” olan mövzularla və bazardakı yüngül maraqlarla yazmaq problemi var. Yaxşı saydığım bir hekayəm bir həftədə saytda 204 baxış toplayır, amma yüngülvari bir yazım günorta sayta qoyulur, axşam baxıram ki, 1200 adam oxuyub. Yaradıcılığım 1200 baxışlıq yazıda deyil axı, istedadımı və yaradıcılıq eşqimi 204 baxış toplayan hekayəyə qoymuşdum. Əgər istedadsızamsa, niyə yüngül mövzularda olan tələsik yazılarım daha çox oxunur? Mən də sizə bu sualı vermək istərdim…

– İki əlimizdəki barmaqların, yoxsa gənc yazarlar arasındakı istedadların sayı çoxdur?

– İstedadlı gənclər azdır. Çox az. Amma əlimizdəki barmaqlarla saymağa bəs edər. Şəhriyar del Gerani və Aqşin Evrən adlı gənclər var. Mənə dəyərlidirlər, kənardan kimsə müqayisə ilə bizi düşmən etməyə çalışmasın. Amma Şəhriyar insanları ağlatmağa, Aqşin isə heyrətləndirməyə çalışır. Hərdən düşünürəm ki, onlar sadəcə səmimi və necəgəldi yazmağı “zapodlo” bilirlər. Cəlil Cavanşir, Sayman Aruz şeirdə yaxşıdırlar, arada şeirlərindən “nuş” edirəm. Bir də var Kəramət – o isə istedadını xərcləyib bitirmək üzrədir. Amma istəməzdim. Şairin ən böyük düşməni elə özüdür.

Nəsrdə də bacarıqlı imzalar var. Məsələn, Cavid Zeynallı.  Evdəkilərdən çox onun üzünü görürəm. Bir yerdə işləyirik, fikirlərimizi bölüşürük, çox məsələdə dərdləşə, məsləhətləşə bilirik. 

– Bəs sən nə üçün yazırsan? Heyrətləndirmək üçün, təsirləndirmək üçün, yoxsa…

– Banal səslənəcək, amma hətta lağırtı bir şeir yazanda da istəyirəm ki, oxuyan adam özü üçün düşünsün onu. Anlamasa da, bir az beynini işlətsin. Hərənin öz üslubu var. Mənim də. Amma şeirdə qarşıma məqsəd  qoymamışam. Tez-tez də eksperiment edirəm. Şeirlərimi necəgəldi yazıram. Yəqin ki, içimdə yetərincə duyğu, fəlsəfə və sərtlik yığılmayıb. Mən möhkəmlənəndə şeirlərim də möhkəm olacaq. Şeirlərim mənim gimnastikamdır. Yuxumu suya danışan kimi, içimdən keçəni yazıram.

Başa düşən də az olur, amma yetərincə güclü şeirlərim var. Məsələn, “Azərbaycan, sənə nə versəm çoxdur” şeirim mənə lağ edən hər adamın başı üçün deyil. İroniya yazıram, bəziləri anlamır, ya da qəbul eləmir. Əksəriyyət şeirlərimdə ciddiyət axtarır, amma mən onu ancaq nəsrimdə göstərməyə çalışıram. Nəyə görə kiminsə xoşuna gəlməyə çalışmalıyam? Qismət budur… Bəyənən bəyənəcək.

– Reytinqindən narazısan? Axı elə də az tanınmırsan…

– Az tanınmıram, amma gözlədiyim qədər də məşhur deyiləm. Damarlarına düşmür də, məcburi deyil ki! Xalqımdan, ölkəmdən imtina edim ki, məni anlaya bilmirlər? Bu, artıq tərbiyəsizlik olar. Bəlkə də, belə yaxşıdır… Məşhur olsam, müzakirə olunsam, dəli olaram. Tənqidə yox, sataşmalara qarşı dözümsüzəm. Tez cırnayan adama şöhrət çox zərərlidir.

– İndiki ədəbi gənclikdə ən çox razılaşmadığın məqamlar hansılardır?

– Diqqət eləmisənsə, mənim ən çox sataşdığım mövzular “şair içən olur” və “şairlər şorgöz olur” stereotipləridir. Bir də ki, hər mənasız şeyi “Şair, sən bilərsən…” girişiylə soruşub zəhlə tökərlər. Şairə alkaş və oğraş gözüylə baxmaq nədir, məsləhət almaq nədir? Amma buna günahkar özümüzük. Sosial şəbəkələr ilk mərhələdə bizə yardımçı olub, indi isə adiləşdirir, oxucular üçün əlçatan edir. Bir sözləiçi mən qarışıq çoxumuz özümüzü buraxmışıq. Bəzən həyat tərzimizi, dediklərimizi bir dəftərə yazmağımız, nəticə çıxarmağımız lazım gəlir. Mən son zamanlar belə edirəm… Həftə boyunca nə olubsa, nə demişəmsə, nə etmişəmsə – siyahı tuturam. Sonra da başlayıram özümü söyməyə… Axırda hirslənib profili dondururam. Bir neçə saat da depressiyaya düşməyim olur.

– Bilirəm ki, bəzilərindən fərqli olaraq, sən açıq danışmağı sevən adamsan, ədəbiyyatda kimlər  zaman-zaman sənə mane olmağa çalışıblar?

– Düzünü desəm, yadıma gəlmir. Onlar az deyil, amma mənə mane olacaq gücdə deyillər. İstəyirəm ki. Bu müsahibədə ancaq dostlarımın adı getsin. 

– Bildiyim qədərilə bir neçə ay bundan əvvəl AYO-un sıralarına qatıldın. Səni buna sövq edən nə idi?

– Əvvəla, hansısa ittihamlara və dedi-qoduya son qoymaq istədim. İkincisi də ki, niyə də yox? AYO-ya dəstək olmaq istədim. Lakin görürəm ki, mənim dəstəyimlə, mənim istəyimlə çox ciddi dəyişiklik olan deyil. Məncə, AYO-dakı yorğunluq AYB-dəkindən çoxdur. Çünki hamımızın başı qarışıb çörəkpulu qazanmağa. Digər tərəfdə isə daha çox süstlük nəzərə çarpır. Süstlük və yorğunluq başqa anlayışlardır. Belə deməyimə baxmayın, AYB-nin rəhbərliyində, sıravi üzvlər arasında da hörmət etdiyim və dəyər verdiyim insanlar çoxdur. Qulu Ağsəs və Xəyal Rzayla da aram yaxşıdır. Mən ümumi ruhdan danışıram.

– Ədəbiyyata aid olmayan bir sual vermək istərdim: həm də alim övladısan. Akademiyanın bu günkü durumu haqqında nələri danışa bilərsən?

– Anam genetikdir, bioloqdur. Azərbaycan elminə 45 ilini həsr edib. Rəhmətlik İmam Mustafayevdən sonra ölkəmizdə bu sahənin nə günə düşdüyünü hamı yaxşı bilir. Burda sizinlə çox şey danışa bilərik, amma AMEA-nın bu günlərə düşməsinə cavabdeh olan adamlar var, onların vecinə olmayacaq. İnsanlarımız da çox şeyi bilir, sükutla qarşılayır. Yeyintilər, maaş azlığı, elmi dərəcə və mövqelərdən sui-istifadə, qohum uşaqlarından “alim qayırmaq” arzuları, yolaverdi hesabatlar, təqaüdə və fəxri xiyabandakı qəbirlərə hesablanan ləng-ləng, yekəxana addımlar… Amma ədəbiyyat sahəsində ümidlərimi üzməmişəm. AMEA Ədəbiyyat İnstitutunda İsa Həbibbəyli, Şəmil Sadiq kimi adamlar çalışır. Gülər Abdullayeva da var, mənim müəllimim olub. İnanıram ki, gənc alimlərin yetişməsinə töhfə verəcəklər….

– Bir neçə dili yüksək səviyyədə bildiyin halda tərcüməçiliklə niyə məşğul olmursan? Bəlkə tərcüməçiyə verilən dəyər səni qane etmir?

– Oluram, amma geniş miqyasda işləməyə vaxtım və enerjim olmur. Polşa, İsrail, Fələstin, Latın Amerikası ölkələrinin ədəbiyyatlarından xeyli hekayə tərcümə etmişəm. Çoxunu özüm üçün saxlamışam. İşdən evə yorğun gəlirəm. İş vaxtında da xarici mətbuatdan tərcümə edirəm, odur ki, gündəlik yüküm artıq dolmuş olur. Mətbuata tərcüməçi kimi gəlmişəm, sonra məni müxbirliyə yönəldiblər. O dövrdə də artıq hekayə və şeirlər yazırdım.

– İndiyə qədər şair yazıçı kimi ən çox nə qədər qonorar almısan?

– İndiyə qədər bir ayda 80 manat qonorar almışam bir saytdan. İki ay çəkib bu. Aqşin Yeniseyin baş redaktor, Etibar Salmanlının da redaktor olduğu saytdan. Onlar gedəndən sonra heç nə… Yazı göndərdim, ciddiyə almadılar. Mən də ciddi sayan yerlərə göndərdim. Bir müddət də Kult.Az-da redaktor oldum. Domeyn adı başqasına satıldı, bizim sayt oldu edebiyyat.biz. Amma mən özüm artıq APA-ya keçmişdim. Xarici siyasət müxbiri kimi xəbərlərimi yazıram. Maaşımı alıram. Bədii yazıların çoxunu isə ora-bura havayı göndərirəm, elə Aqşin də qonorarı mənim etirazıma rəğmən yazdırmışdı. Deyirdim ki, mən bu yazını sifarişlə yazmıram ki, zövq alıram bəsimdir. Belə… Hazırda evdə kompüterim də yoxdur. Maaşımı vacib borclara verirəm. Amma istəyirəm  ki, 1-2 aya təzə kompüter alım və qısa müddətdə roman çap etdirim.

– Hazır roman var? Nə vaxt çap etdirəcəksən?

– Var… Hazır iki roman var. Amma bir romanı 3 dəfə işləyən adamam. Hekayələrə və şeirlərə baxma, roman ciddi söhbətdir. Nə vaxt özümü hazır saysam, onda da çap etdirəcəm.  

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO