Gəncə Avropanın İdman Şəhəri titulunun rəsmi bayrağını təhvil alıb

Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyasının (“ACES Europe”) təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamentinin binasında Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarını qazanan şəhərlərin rəsmi təltifolunma mərasimi keçirilib. Avropanın idman şəhərləri və qəsəbələri öz titullarını götürərək, 2019-cu il üçün rəsmi bayraqlarını təhvil alıblar.

2019-cu il üçün Avropanın İdman Şəhəri seçilən Gəncə də mərasimdə təmsil olunub. Təltifetmə mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Xanlar Fətiyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri İlham Quliyev iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Parlamentinin idman siyasətini həyata keçirən “ACES Europe” təşkilatının rəhbərliyinə öz təşəkkürünü bildirib. Azərbaycanda reallaşdırılan uğurlu idman siyasətindən danışan Niyazi Bayramov Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində bu sahənin daha da inkişaf etdiyini, Gəncənin Avropanın İdman Şəhəri adını layiqincə daşıyacağından əmin olduğunu bildirib. Qeyd edib ki, bu gün paytaxt Bakı ilə yanaşı, respublikanın ikinci böyük şəhəri olan Gəncədə, habelə ölkəmizin əksər bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Təsadüfi deyil ki, beynəlxalq yarışlarda, Olimpiya və dünya çempionatlarında iştirak edən və uğurlu nəticələr göstərən idmançılarımızın sayı ildən-ilə artır.

Qeyd edək ki, Avropanın İdman Şəhəri tutulunu MDB ölkələri arasında ilk dəfə olaraq Gəncə şəhəri qazanıb.

“ACES Europe” təşkilatının Qiymətləndirmə Komitəsi cari ilin may ayının 1-dən 4-dək Gəncə şəhərində səfərdə olub. Səfər çərçivəsində şəhərin infrastrukturu, son 3 ildə idman sahəsində görülən işlər və əldə olunan nəticələr, o cümlədən gələcək planlarla bağlı müxtəlif məlumatlar toplanılıb, görüşlər keçirilib. Nəticədə mayın 16-da qəbul olunan qərara əsasən, Gəncə 2019-cu ilin Avropanın İdman Şəhəri tituluna layiq görülüb.

Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası hər il 9-19 şəhəri Avropa İdman Şəhəri, bir şəhəri isə Avropanın İdman Paytaxtı titulu ilə təltif edir. Bu il Avropanın İdman Paytaxtı olan Sofiya növbəti il üçün titulu Budapeştə ötürüb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO