Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı

İki gün əvvəl Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Mərasim Lökbatan qəsəbəsində inşa edilmiş möhtəşəm tikinti olan Heydər Əliyev Mərkəzində keçirildi. Mərasimi giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov aprelin 5-dən başlanmış müsabiqənin yekunlaşdığını və artıq qaliblərin müəyyənləşdirildiyini bildirdi. Toplantıda çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd Qaradağ rayonunun sosial-iqtisadi və ictimai həyatında baş verən prosesləri mətbuat vasitəsilə ictimaiyyətə daha yaxından çatdırmaq olub. V.Səfərlinin sözlərinə görə, ötən ay Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə Qaradağ rayon ziyalıları ilə görüş keçirilib: “Həmin görüşdə Qaradağ Rayon İcra hakimiyyəti ilə birgə fərdi jurnalist müsabiqəsinin keçirilməsi qərara alındı. Müsabiqəyə ümumilikdə 22 yazı daxil olmuş və onlardan 6-sı qalib hesab edilmişdi. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibinə – 1000 manat, II yer (2 nəfər) 800 manat, III yerin (3 nəfər) qalibinə isə 600 manat məbləğində pul mükafatı və xüsusi diplomların verilməsi qərara alınmışdı. Bunlardan əlavə, 5 nəfərə həvəsləndirici 200 manat mükafatın verilməsi nəzərdə tutulmuşdu. Lakin sonradan Qaradağ rayon icra başçısı Süleyman müəllimin təklifi ilə müsabiqədə iştirak edən bütün iştirakçılara həvəsləndirici mükafat verilməsi qərara alındı”. Sonda qalibləri təbrik edən Fondun icraçı direktoru V.Səfərli bu cür müsabiqələrin davamlı olacağını mərasim iştirakçılarının diqqətinə çatdırdı. Son illər Fondun dövlət qurumları ilə birgə müsabiqə keçirməsini təqdir edən Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bu çür jurnalist müsabiqələrinin əhəmiyyətindən danışdı və Fondun bu sahədə uğurlar əldə etdiyini diqqətə çatdırdı. Mərasimdə çıxış edən digər iştirakçılar da belə müsabiqələrin jurnalist peşəkarlığının artırılmasında xüsusi rol oynadığını vurğuladılar. Daha sonra mükafatlandırma mərasimi keçirildi və qaliblərə pul, plaket və xüsusi diplomlar təqdim olundu.

Qeyd edək ki, baş redaktorumuzun müavini Samirə Səfərova müsabiqədə üçüncü mükafata, qəzetimizin redaktoru Vaqif Cəliloğlu və müxbirimiz İradə Sarıyeva isə həvəsləndirici mükafatlara layiq görüldülər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO