Əflatun Amaşov türkiyəli həmkarı ilə görüşüb

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyənin Nazirlər Kabinetinin Mətbuat, Yayım və İnformasiya Baş İdarəsinin mətbuat yayımı üzrə rəhbəri Bahəddin Akyönlə görüşüb.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, qurumun ofisində baş tutan görüşdə hər iki ölkənin media qurumları arasındakı əlaqələrin hazırkı durumu müzakirə edilib. Əflatun Amaşov bu istiqamətdə rəhbərlik etdiyi qurumun təşəbbüslərindən danışarkən müxtəlif illərdə Türkiyənin Azərbaycandakı Səfirliyinin yaxından dəstəyi ilə “Türkiyə və Azərbaycan mediası: bənzərliklər və fərqliliklər” mövzusunda konfranslar təşkil olunduğunu xatırladıb. Həmin tədbirlərdə peşəkarlıq məsələləri ilə yanaşı, ölkələr üçün əhəmiyyətli beynəlxalq proseslərin mediada işıqlandırılması məsələlərinə də böyük diqqət yetirilib.

Dialoq Avrasiya təşkilatının xətti ilə ölkəmizdə səfərdə olan Bahəddin Akyön isə təmsil olunduğu qurumun iş prinsiplərindən söhbət açıb. O, Azərbaycan Mətbuat Şurası ilə Türkiyənin Mətbuat, Yayım və İnformasiya Baş İdarəsinin birgə əməkdaşlığının vacibliyini vurğulayıb və bunun üçün əlverişli zəmin olduğunu deyib. Qonaq Azərbaycana səfəri çərçivəsində bir neçə redaksiyalarda olacağını və Bakı Slavyan Universitetində tələbələrlə görüş keçirəcəyini də bildirib.

Xatırladaq ki, görüşdə Türkiyə Səfirliyinin mətbuat müşaviri Həbib Kaya da iştirak edib.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO