Əflatun Amaşov Türkdilli Ölkələrin II Media Forumu barədə yeni məlumatlar açıqladı

Oktyabrın 27-dən 30-dək Bakıda Türkdilli Ölkələrin II Media Forumu keçiriləcək. Bu barədə Modern.az xəbər portalına məlumat verən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, foruma türkdilli ölkələr və türkdilli xalqların yaşadığı ərazilərdən 60-a yaxın qonağın gəlməsi planlaşdırılır.

Belə ki, forumda Türkiyə, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Tatarıstan, Başqırdıstan, Saxa, Altay, Tuva Respublikalarından nümayəndələr iştirak edəcək. O cümlədən Ukraynanın Krım Muxtar Vilayəti və Moldovanın Qaqauz Muxtar Ərazisində, Kosova, Makedoniya, Yunanıstan, Bolqarıstan respublikalarında yaşayan türkdilli xalqların də nümayəndələri Azərbaycanda təşrif buyuracaqlar

Forumda Azərbaycandan hansı media orqanlarının iştirak edəcəyinə gəlincə, Ə.Amaşov bildirib ki, ictimai fikrə təsir edən bütün mətbu orqanlar tədbirə dəvətlidirlər.

Əflatun Amaşov forumda türk dünyasında medianın vəziyyəti, onun xarakterik xüsusiyyətləri, fəaliyyət dairəsi, imkanları, qlobal informasiya məkanına inteqrasiyada türkdilli media amili, birgə əməkdaşlıq, perspektiv addımlar, sosial medianın türk toplumlarına yaxınlaşmasında hansı rol oynaya bilməsi məsələlərinin müzakirə olunacağını da vurğulayıb. Bundan əlavə o, forumda iştirakı nəzərdə tutulan bütün ölkələrinin nümayəndələrinin məruzə ilə çıxış edəcəklərini bildirib.

“Daha sonra türkdilli ölkə və xalqların media birliyinin yaradılması istiqamətində müzakirələr aparılacaq və əminəm ki, sonda biz türkdilli ölkə və xalqların media birliyini yarada biləcəyik.

Bundan başqa, qonaqlar üçün Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı tədbir düzənlənəcək, ayın 29 günü qonaqlarımız Quba rayonuna gedəcək, şəhərin tarixi abidələri ilə tanış olacaqlar. Həmin axşam qonaqların İctimai TV-nin geniş proqramında iştirakı gözlənilir”.

Şura sədri iştirakçılar arasında Türkiyə Respublikasının Baş nazirinin müavini Bülənt Arıncın da olacağını deyib.

Türkdilli Ölkələrin II Media Forumu ötən il Ankarada keçirilən I Forumda irəli sürülən ideyaların inkişafı baxımından diqqəti çəkəcək.

“Bu forumda daha geniş, əhatəli təmsilçiliyin öz əksini tapmasına çalışırıq. Burada Rusiya Federasiyasında Saxadan tutmuş Başqırdıstana qədər yaşayan bütün türkdilli xalqların media təmsilçilərinin nümayəndələrinin də iştirakını nəzərdə tutmuşuq. Diqqətdə saxlamışıq ki, forumda azsyalı türkdilli xalqlarının da nümayəndələri təmsil olsun. Bu barədə söhbətimizinn əvvəlində vurğulanıb” – deyə Əflatun Amaşov əlavə edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO