Əflatun Amaşov: “Sizə deyim Azərbaycan KİV-lərində şou xarakterli materiallar niyə üstünlük təşkil edir “

Kütləvi İnformasiya Vasitələrinin missiyası barədə müxtəlif fikirlər var. Son zamanlar burada aparıcılığı insanları əyləndirmək xətti ələ alıb. Bəs, bunu səbəbi nədir?

Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az saytına müsahibəsində bildirib ki, ümumilikdə mətbuatın missiyası var -cəmiyyəti məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək: “Azərbaycanda ilk qəzet – “Əkinçi” nəşr olunanda bu missiya yerinə yetirilib. Ancaq radio da daxil olmaqla televiziyalar bu klassik prinsipləri pozur.

Televiziyada öncə əhalini əyləndirmək, daha sonra maarifləndirmək və məlumatlandırmaq gəlir. Dünyanın bütün Kütləvi İnformasiya Vasitələri məhz həmin prinsipi əsas götürürlər. Əvvəlcə böyük tok-şoulara, maqazin verilişlərə, daha sonra isə maarifləndirici, məlumatlandırıcı proqramlara üstünlük verirlər. Ancaq “Euronews”, “BBC News”, “CNN News” kimi televiziyalar da var ki, onların birinci missiyası insanları məlumatlandırmaqdır. Məsələn, “Euronews”, “Əl-Cəzirə” hər yarım saatdan bir xəbər verir. Amma bu missiyanı yerinə yetirən televiziyalar azlıq təşkil edir”.

Sədr KİV-lərdə şou xarakterli materialların üstünlük təşkil etməsinin səbəbinin reklam ilə əlaqədar olduğunu deyir: “Çünki həmin televiziya və radiolar reklam üçün işləyirlər. Əyləncə verilişlərinin reytinqi sırf xəbər vermə missiyası daşıyan verilişlərdən çox-çox üstündür. Nəticədə reklamverici öz reklamını daha geniş auditoriyaya çatdırmaq üçün belə televiziyalara müraciət edir. Bunu da təbii qarşılayırıq”.

“İnternet xəbər portalları, sosial şəbəkələr, bloglar da elektron informasiya vasitələri hesab olunur” deyən Əflatun Amaşov yuxarıda dediklərinin onlara da aid olunduğunu vurğulayıb: “Fikir versəniz görərsiniz ki, hansı saytlarda əyləncəli yazı materialları, videolar üstünlük təşkil edirsə, həmin saytalara daha çox insan baxır. Çünki insanlar ciddi informasiyalardan daha çox əyləncəyə meyillidirlər. Məsələn, Almaniyanın “Bild” jurnalı boz jurnal hesab olunur və bütün insanlar üçün nəzərdə tutulub. Onun 5 milyon oxucusu olduğu halda Rusiyanın “Nezavisimaya” qəzetinin 30 minə qədər oxucusu var. Mahiyyətcə heç nə dəyişmir”.

Ə.Amaşov dövlət orqanlarının mətbuata nə qədər açıq olmasına da münasibət bildirib: “Bununla bağlı Azərbaycan Mətbuat Şurası ATƏT ilə birlikdə layihə həyata keçirməyi planlaşdırır.

Biz istəyirik ki, dövlət qurumları ilə Kütləvi İnformasiya Vasitələri arasında hər hansı bir strategiyanın hazırlanmasına çalışaq, belə bir sənəd hazırlayaq. Bundan əlavə, ilk mənbədən informasiyanın alınmasında ciddi problemlər olmasın deyə dövlət orqanlarının da mətbuat xidmətinin fəaliyyətinin yaxşılaşdırlması çox gərəkli olardı”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO