Əflatun Amaşov: MŞ “qara siyahı “sının rəngi bir qədər də tündləşə bilər

“Biz işimiz olduğundan bunu edirik, sizlər isə vaxt tapanda arabir açıb oxuyun – “Təzadlar”ı da, digərlərini də”. İyunun 8-də “Media forum” saytına danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin açıqlamasına münasibət bildirərkən belə deyib.

Hər bir insan üçün nizam-tərəzinin onun əməllərinin olduğunu deyən Əflatun Amaşov bildirib ki, Mətbuat Şurasında bu əməllər jurnalistikanın peşə dəyərləri baxımından nəzərdən keçirilir və qiymətləndirilir. Onun sözlərinə görə, şura adları “qara siyahı”da olan nəşrlərin əksəriyyətinin, o cümlədən “Təzadlar” qəzetinin xoşagəlməz fəaliyyəti səbəbindən bəzi hallarda mənəvi məqamları da götür-qoy etmək məcburiyyətindədir: “Bilirsiniz, adam hər şeyi deyə bilmir. Hesab edirəm ki, insanın mübarizə vasitələri, nəyisə isbatlamaq istəyi elə insani keyfiyyətlərlə uzlaşmalıdır. Onun-bunun qapısına düşmək, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri haqqında ən ağlasığmaz şəkildə şər və böhtan atmaq üçün “vasitələr” axtarmaq, sonra isə Azərbaycan mediasının adından beş-altı cümlə işlədərək özünün mətbu mühitə aidliyini göstərmək lazım deyil. Cəmiyyətimiz kimin kim olduğunu yaxşı bilir. Özündən cəfakeş obrazı yaratmaq da inandırıcı görünmür”.

Əflatun Amaşov rəhbərlik etdiyi qurumun qərarlarının ədalətli olduğunu və tam obyektivliyə söykəndiyini vurğulayıb: “Təkcə “Təzadlar” qəzeti ilə bağlı Mətbuat Şurasına 10-na qədər şikayət daxil olub. Şikayət müəllifləri “Təzadlar”da təhqir olunduqlarını, böhtana məruz qaldıqlarını bildiriblər. Hələ neçələri abırlarına qısılıb səslərini çıxarmırlar. Əslində Mətbuat Şurasının qərarları “Təzadlar” kimi nəşrlər üçün ən yumşaq ölçü tədbiridir. Məsələ mətbu müstəvidən çıxsa, belə qəzetlər əməllərinə görə sığortalana bilməyəcəklər. Onları qurtaran da olmayacaq. Ona görə də aqressivləşməmələri məsləhətdir. Arxalarında duranlara da çox güvənməsinlər. Unutmasınlar ki, Mətbuat Şurasının “qara siyahı”sının rəngi bir qədər də tündləşə bilər”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO