Əflatun Amaşov diffamasiya ilə bağlı planlardan danışır

“Mətbuat Şurası 2010-cu ili diffamasiya ili elan edib. Bunda məqsəd “Diffamasiya haqqında” qanun ətrafında müzakirələri intensivləşdirmək və qanunun parlamentdə qəbuluna təkan verməkdir”. “Media forum” saytına açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov belə deyib.

Onun sözlərinə görə, mart ayından Mətbuat Şurası vahid “Diffamasiya haqqında” qanun layihəsini hazırlamağa başlayacaq: “Biz bu məsələ ilə bağlı müəyyən tədbirlər keçirmiş, monitorinqlər aparmışıq. Ayrı-ayrı qurumlarla, o cümlədən Avropa Şurası ilə bərabər diffamasiya qanununun mahiyyəti, diffamasiyanın Azərbaycan jurnalistikasında oynadığı rol və digər məsələlərlə bağlı müzakirələr aparmışıq. Prioritetimiz qanunvericilikdə diffamasiya ilə bağlı dəyişikliklərin edilməsi və müvafiq qanunun qəbuludur. Mart ayından bu məsələ ilə bağlı ranqlı məmurlarla görüşlər keçirəcəyik.

Jurnalistlər və məmurların debatlarını da planlaşdırırıq. Bu sahədə qanun layihəsi hazırlayan qurumlar və şəxslərlə də görüşəcəyik. Yekunda ümumi bir layihə hazırlayıb parlamentə təqdim edəcəyik. Ola bilər ki, bu qanun 2010-cu ildə parlamentdə qəbul olunmasın, amma biz bunun üçün çalışacağıq”.

Ə.Amaşovun sözlərinə görə, Şərqi Avropa ölkələrində, ABŞ və Böyük Britaniyada diffamasiya qanunu mövcuddur, Ukrayna, Gürcüstan kimi Azərbaycanla eyni vaxtda müstəqilliyini əldə etmiş ölkələrin də diffamasiyayla bağlı təcrübəsi var: “Artıq bizdə bir neçə qanun layihəsi hazırlanıb. İndi isə söhbət mövcud resurslardan istifadə edib məsələni gündəmə gətirməkdən gedir. Düşünürəm ki, Azərbaycan üçün məqbul bir variant hazırlayıb onun qəbuluna nail olmaq mümkün olacaq”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO