Finlandiyadakı Azərbaycan icması Respublika Gününü belə qeyd etdi

Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) təşkilatçılığı ilə 28 May – Respublika Günü Helsinkidə qeyd edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Caisa” Mədəniyyət Mərkəzində baş tutan bayram tədbirində Azərbaycan diasporunun təmsilçiləri ilə yanaşı, Türkiyə Respublikasının Finlandiyadakı səfiri Adnan Başağ və səfirliyin əməkdaşları, Finlandiyada fəaliyyət göstərən türk, çex, rus, ingilis, tatar və digər xalqların diaspor təşkilatlarının nümayəndələri, fin ictimaiyyətinin üzvləri iştirak edib.
Cümhuriyyətin növbəti ildönümü Azərbaycan himinin sədaları ilə başlayıb, daha sonra Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay qonaqları salamlayıb və Azərbaycan Demokratik Respublikasının (ADR) yaranma tarixi haqda iştirakçılara məlumat verib. Diaspor rəhbəri ADR-in müsəlman Şərqində ilk parlamentli respublika, türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu vurğulayıb. ADR-in keçdiyi iki illik şərəfli tarix barədə qısa məlumatdan sonra A.Oqtay Azərbaycanın 70 il sonra yenidən öz müstəqilliyini bərpa etdiyini iştirakçıların diqqətinə çatdırıb və bugünkü müstəqil Azərbaycan Respublikasının inkişafından danışıb: “Hər bir azərbaycanlı harada yaşamağından asılı olmayaraq öz kimliyinə sahib çıxmalı, vətənini sevməli və sevdirməyi bacarmalıdır”.
Yeniyetmə Gənclər Təşkilatının hazırladığı Azərbaycanın son 97 il ərzində keçdiyi yola həsr olunmuş sənədli film tədbir iştirakçılarının böyük marağına səbəb olub. Tədbir çərçivəsində Azərbaycan tarixini əks etdirən kitab, jurnal və broşürlardan ibarət sərgi də qonaqların ixtiyarına verilib.
28 May – Respublika Gününə həsr olunan tədbirdə bu günlərdə Bakıda baş vermiş dəhşətli yanğında həyatını itirənlərin xatirəsi də anılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO