Fazil Mustafa: “20 Yanvar faciəsi ilə bağlı günahkarların daxildə axtarılması düzgün deyil”

Gəncliyin Elmi-Mədəni İnkişafı Təşkilatı 20 Yanvar faciəsinin 20 illiyinə həsr olunmuş tədbir keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan təşkilatın sədri Sərdar Yusifoğlu bildirib ki, Aəzrbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi yaşayacaq. O, Azərbaycanın müstəqilliyi ilə nəticələn milli-azadlıq mübarizəsində 20 Yanvar faciəsinin mühüm rol oynadığını diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa 20 Yanvar faciəsinin təbliğatı ilə bağlı keçən zaman ərzində ciddi səhvlərə yol verildiyini söyləyib. Millət vəkili ümid etdiyini bildirib ki, indiyə kimi yol verilən xətalar bundan sonra aradan qaldırılacaq: “Biz 20 il ərzində günahkarların axtarılması prosesində əsas məsələlərdən yayınmışıq. İlk növbədə daxildə günahkarlar axtarmaqla məşğul olmuşuq. Bu da ona gətirib çıxardıb ki, emosional şəkildə çıxış edənlər, xalqı küçələrə çağıranlar ciddi ittihamlarla qarşılaşıb. Nəzərə alaq ki, həmin vaxt yenicə formalaşan milli-azadlıq hərəkatına və müstəqil olmayan hakimiyyətə sahib idik. Azərbaycan hakimiyyəti Dağlıq Qarabağdakı idarəçılıyın addımlarını nizamlaya bilmirdi. Hakimiyyətin özü də maraqlı idi ki, xalq küçələrə çıxsın və xalqın adından Dağlıq Qarabağ hakimiyyətinə, eyni zamanda SSRİ rəhbərliyinə etirazını çatdırsın. O vaxt milli-azadlıq hərəkatının liderləri ilə hakimiyyətdə olanlar uzlaşa bilmədilər. Bunun fəsadlarını həmin illər də çəkdik, indi də çəkirik”.

20 Yanvar faciəsinin mərsiyə formasında təbliğatının düzgün olmadığını vurğulayan F. Mustafa qeyd edib ki, hadisə qəhrəmanlıq tarixi olaraq aşılanmalıdır. “Günahkarların axtarılması prosesi xaricdə davam etdirilməlidir” deyən millət vəkilinin sözlərinə görə, ittihamlar ilk növbədə keçmiş SSRİ rəhbərliyinə yönəldilməlidir: “Əmin ola bilərsiniz ki, bir neçə vaxtdan sonra hadisəyə qiymət veriləcək. Arxivlər açılacaq və o zaman xalqı küçələrə çıxardanlar günahkar hesab olunmayacaq. İttihamların bütünlüklə Qorbaçova qarşı yönəlməsinin də tərəfdarı deyiləm. SSRİ bir sistem idi, tək-tək şəxsiyyətlərdən ibarət deyildi”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO