“Euronews ” telekanalı “erməni işğalının unudulmuş qurbanları “nı göstərib

"Euronews" telekanalı "erməni işğalının unudulmuş qurbanları"nı göstərib“Euronews” telekanalı Azərbaycanın cəbhə bölgəsindən reportaj yayıb. “Media forum” saytının məlumatına görə, telekanalın əməkdaşı Laura Davideskunun hazırladığı 8 dəqiqəlik reportaj “Erməni işğalının unudulmuş qurbanları” adlanır.

Televiziyanın əməkdaşı reportajı hazırladığı müddətdə Tərtər, Xocavənd və Ağdam rayonlarında olub, məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə görüşlər keçirib, Azərbaycan ordusunun Tərtər rayonunda yerləşən postuna baş çəkib, əsgərlərin vəziyyəti ilə tanış olub, onlarla söhbət edib.

Reportajda Dağlıq Qarabağ “qitələrin və mədəniyyətlərin qovuşan nöqtəsi”, eyni zamanda “keçmiş və indiki böyük güclərin istinad nöqtəsi” adlandırılıb. Qeyd olunub ki, artıq 19 ildir azərbaycanlılar evlərini tərk ediblər. Televiziyaya müsahibə verən məcburi köçkünlər deyiblər ki, yalnız bir istəkləri var – öz yerlərinə qayıtmaq. Məcburi köçkünlər bunun üçün dünya ictimaiyyətindən kömək istədiklərini vurğulayıblar. Onlar ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ağır vəziyyətə düşdüklərini deyiblər.

Reportajda bildirilir ki, öz yerlərindən didərgin salınan bütün insanlar kimi silahlı münaqişədən sonra azərbaycanlı məcburi köçkünlərin də sıxıntılı həyatı başlayıb: “Azərbaycanın ermənilərin çoxluq təşkil etdiyi Dağlıq Qarabağ bölgəsində separatçı hadisələr sovet imperiyasının dağılmağa başladığı 1988-ci ildən start götürdü. 1992-ci ildə bölgədə yaşayan azərbaycanlıların boykot etdiyi bir referendum nəticəsində ermənilər müstəqilliklərini elan etdilər. 1993-cü ildə müharibə başlandı. Erməni birləşmələri separatçı Dağlıq Qarabağdan başqa bölgədəki daha yeddi rayonu işğal etdi. Qarşıdurmalarda beş min nəfəri erməni olmaqla, otuz min insan həyatını itirdi. Bir milyona yaxın insan öz evlərini tərk etməyə məcbur oldu”.

Reportajda deyilir ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunan Azərbaycan ərazilərindən çıxarılmasına dair dörd qətnamə qəbul etsə də, qətnamələr yerinə yetirilməyib və məcburi köçkünlərin həyatında heç bir dəyişiklik yoxdur: “Azərbaycan qaçqınlar düşərgəsi ilə dolub-daşır. Yaşayış səviyyəsindəki müsbət dəyişikliklər sürgün edilən insanların vəziyyətinin düzəlməsi demək deyil. Öz yurdlarına dönmək bu insanların əsas arzusudur. Qaçqınların həyat səviyyəsini yaxşılaşdırmaq üçün Azərbaycan hökuməti indiyədək üç milyard dollar xərcləyib. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 16 ildir aparılan danışıqlarda hələ də bir nəticə əldə olunmayıb. Amma Azərbaycan rəsmiləri beynəlxalq aləmin sonda məsələyə təzyiq göstərəcəyinə inanmaqda davam edir”.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov telekanala deyib ki, məcburi köçkünlərin kompakt halda məskunlaşdırılması gələcəkdə onların geri qaytarılması işini asanlaşdıracaq.

Reportajda bildirilib ki, indi problemin hərbi yolla həlli gündəmdə deyil. Televiziyanın əməkdaşları Azərbaycan ordusunun postuna baş çəkərkən ermənilərin bir necə dəfə atəş açdığının şahidi olublar: “Bizə bildirdilər ki, Azərbaycan ordusu 2009-cu ildə 1300 dəfə atəşkəsi pozan ermənilərə cavab verib”.

“Erməni işğalının unudulmuş qurbanları” reportajında qeyd olunub ki, münaqişəyə qədər Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər sülh şəraitində mehriban yaşayıblar. “Euronews” kanalının əməkdaşı həyat yoldaşı azərbaycanlı olan, 52 ildir bir yerdə yaşayan və Dağlıq Qarabağdan məcburi köçkün düşən Jenya Zeynalova ilə görüşüblər. Qadın bildirib ki, azərbaycanlılardan heç vaxt pislik görməyib, ona görə də müharibə başlayanda ailəsi ilə birlikdə Dağlıq Qarabağı tərk edib.

Reportajda vurğulanıb ki, son 16 ili bu insanlar bir travmayla, yaşamaq uğrunda mübarizəylə xatırlayırlar: “Bu günədək keçirilən sülh müzakirələrində onların səsinə qulaq asılmayıb”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO