Estoniyada Azərbaycan dilində radio proqramı yayımlanacaq

Bu ilin payızında Estoniyanın «Radio-4» kanalında Azərbaycan dilində verilişlərin yayımına başlanacaq.

Proqramın rəhbəri, Tallində eston dili müəllimi işləyən, Azərbaycan Bazar Günü məktəbinin rəhbəri Sənəm Əliyevanın APA-ya verdiyi məlumata görə, ilk mərhələdə proqram həftədə bir dəfə yarım saat efirə çıxacaq.

S. Əliyevanın sözlərinə görə, bu proqramı açmaq təşəbbüsü ilə 2 il əvvəl müraciət olunub, Estoniya radio və televiziya şirkətinin rəhbərliyi bu il layihəni təsdiqləyib, proqramın rubrikaları da təsdiq olunub: “Bu işdə bizə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi yardım edib. Hazırda Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparırıq”.

S. Əliyeva bildirib ki, proqramda Azərbaycana aid xəbərlər, əsasən Dağlıq Qarabağ münaqişəsi, elm, mədəniyyət, təhsil sahəsi ilə bağlı xəbərlər, Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında verilişlər, “Bu maraqlıdır. Azərbaycan haqqında faktlar”, “Azərbaycanın mədəniyyət və ədəbiyyat nümayəndələri” kimi rubrikalar olacaq.

Hazırda Estoniyada 2 minə yaxın azərbaycanlının yaşadığını bildirən S. Əliyeva “Radio-4”-ün bir çox Avropa ölkələrinə yanlandığını, geniş dinləyici auditoriyasına malik olduğunu da qeyd edib.

O, gələcəkdə bu radioda həm də eston və ingilis dillərində Azərbaycan haqqında məlumatları yaymaq arzusunun olduğunu da bildirib.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO