Ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk qətllərin tarixi XIX əsrin 80-ci illərinə gedib çıxır

“Bəzən söylənilir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk qırğınlar yalnız 1905-1906-cı illərdə olub. Amma arxiv materiallarında göstərilir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk qətllərin tarixi XIX əsrin 80-ci illərində İrəvan şəhərinə gedib çıxır. 1905-1906-cı illərdə ermənilərin törətdikləri qırğınlarda konkret hədəf olub. Onlar tarixdə heç bir zaman mövcud olmayan “böyük Ermənistan” yaratmaq üçün azərbaycanlıların yaşadıqları məntəqələri təmizləyir, yerli əhalini qovurdular”.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, qırğınların zirvə nöqtəsi kimi 1918-ci ilin mart soyqırımı götürülür ki, bu da tamamilə düzgündür.

1918-ci il mart soyqırımının törədilməsinin bir sıra səbəbləri olduğunu deyən institut direktoru əlavə edib ki, hələ I Pyotr zamanından başlayaraq Rusiya imperiyası Xəzərin şimal sahillərini, həmçinin Bakını işğal edib öz tərkibinə qatmaq üçün Bakının və Azərbaycanın digər yerlərinin guya fərqli mədəniyyətə sahib olduğunu bildirirdi:

“Hətta “Bakı və Azərbaycan” ifadələri dövriyyəyə buraxılmışdı. Rusiyanın dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycan bölüşdürüldükdən sonra Cənubi Qafqaza ermənilərin yerləşməsi ilə təkcə demoqrafik vəziyyət dəyişmədi, eyni zamanda, onlar çarizmin Şərq siyasətində bir vasitəyə çevrildilər. Bu siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra isə bolşevik Rusiyası da davam etdirdi. 1917-ci ilin noyabrında Bakıda Şaumyan başda olmaqla sovet hakimiyyəti quruldu. Bu, azərbaycanlıların əleyhinə olan bir qurum idi. Lenin həmin ilin dekabrında Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi”.

M.Qasımlı bildirib ki, iqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı. Bunlardan biri Mosul, digəri isə Bakı neft mənbəyi idi:

“Təsadüfi deyildi ki, 1918-ci il martın ikinci yarısında Lenin ABŞ-ın Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik R.Robinsonun “Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir” sualına “Bu – neft, işıq və enerjidir”, – deyə cavab vermişdi. Mühüm coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu. O zaman Cənubi Qafqazda faktiki olaraq üç güc – Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət imkanı verər, Tiflisdə fəaliyyət göstərən Transqafqaz Seyminin süqutuna kömək edərdi. Digər tərəfdən, Bakıya yiyələnmək Xəzər dənizi və “dünyanın ürəyi” olan Orta Asiyaya gedən yola nəzarət etmək imkanı yaradardı. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi”.

Tarixçi qeyd edib ki, Bakıda qırğınların törədilməsinin başlıca məqsədlərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Belə ki, azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar. Qırğınların törədilməsinin digər bir məqsədi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi:

“Azərbaycan əhalisi isə silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi, demək olar, yox idi. Bu qırğınlara bəhanə də tapıldı. Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının matroslarını müsəlmanlara qarşı soyqırıma təhrik edirdi. Hücum üçün bir bəhanə axtarılırdı. Belə bir bəhanə general Talışinski başda olmaqla müsəlman diviziyasının Lənkəranda həlak olan silahdaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini “Evelina” gəmisi ilə Bakıya gətirən bir qrup zabit və əsgərinin Bakı Soveti tərəfindən tərksilah edilməsi oldu. Müsəlman diviziyasının əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. Şaumyanla aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi. Martın 30-u axşam saat 5-də Bakıda ilk atəş açıldı. Bakı Sovetinin qüvvələri ilə yanaşı, qırğın başlananadək özlərinin bitərəfliyini elan etmiş “Daşnaksütyun” və Erməni Milli Şurası, o cümlədən erməni kilsəsi Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı erməni əsgərləri, habelə erməni ziyalıları Bakı Soveti tərəfindən döyüşə qatıldılar. Şaumyan bu hadisə ilə bağlı yazırdı: “Bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhəboyu hücuma keçdik. Bizim artıq 6 min nəfərədək silahlı qüvvəmiz vardı. Həmçinin “Daşnaksütyun”un 3-4 minə qədər milli hissələri də bizim sərəncamımızda idi. “Daşnaksütyun”un iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik. Əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan edilərdi”.

Qırğının qəddarlıqla həyata keçirildiyini deyən M.Qasımlı qeyd edib ki, dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər:

“Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk”, “müsəlman” olmaq kifayət edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan tarixçisi R.İsmayılov yazırdı: “İş o yerə çatmışdı ki, daşnaklar “biz bolşevik, sosialist bilmərik, müsəlmansan, kifayətdir”, – deyə hətta müsəlman sosialistlərini belə qırdılar…” Kütləvi qırğının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı”.

O əlavə edib ki, ABŞ kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda qırğınlar zamanı 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı: “Digər mənbələrə əsasən, yalnız Bakıda 10, 12 və 15 mindən artıq azərbaycanlı öldürülmüşdü”.

Trend:

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO