Erməni kəşfiyyatçısının məhkəməsində zərərçəkən və şahidlər dindirilib: Arsen Baqdasaryan əsir düşərkən mülki geyimdə olub

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçısı Arsen Baqdasaryanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib.

Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər və şahidlər dindirilib.

Onlar bildiriblər ki, Arsen Baqdasaryan əsir düşərkən hərbi deyil, mülki geyimdə olub. Arsendən başqa daha iki nəfər də olub və onlar minaları səngərə basdırdıqdan sonra geri qaçmağa müvəffəq olublar. Arsen Baqdasaryan əsir düşərkən özünü Vazqen Qriqoryan kimi təqdim edib. Lakin daha sonra dindirmə zamanı Arsen Baqdasaryan olduğunu bildirib. Əsir götürülən zaman heç bir zorakılığa məruz qalmayıb.

Erməni diversantın cinayət işi üzrə növbəti məhkəmə iclası aprelin 27-nə təyin edilib.

Qeyd edək ki, Ermənistanda xüsusi təlim keçən Arsen Eduardoviç Baqdasaryan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən erməni silahlı qüvvələrinin tərkib hissəsində baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman cinayətkar birliyin digər üzvləri ilə birlikdə 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO