Elmar Hüseynovun xatirəsinə həsr olunmuş ongünlüyün planı müzakirə edilib

Elmar Hüseynovun xatirəsinə həsr olunmuş ongünlüyün planı müzakirə edilib Bu gün Elmar Hüseynov Fondunun təsisçiləri və bir sıra jurnalist qurumlarının təmsilçiləri 2005-ci il martın 2-də qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölümünün beşinci ildönümü ilə bağlı tədbirlər planını müzakirə ediblər.

“Elmar Hüseynovun xatirəsinə həsr olunmuş ongünlük” çərçivəsində keçiriləcək tədbirlər barədə “Media forum” saytına “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev məlumat verib.

A.Əliyev bildirib ki, fevralın 26-da keçirilən toplantıda tədbirlərlə bağlı qərarlar verilib, amma bəzi texniki məsələlərin həlli fevralın 27-nə qalıb. Son dəqiqləşdirmələri aparmaq üçün fevralın 27-də daha bir toplantı keçiriləcək.

“Elmar Hüseynov ongünlüyü” çərçivəsində ilk tədbir martın 1-də olacaq. Azərbaycan Media Mərkəzində Elmar Hüseynov Fondunun bütün təsisçilərinin, jurnalist birliklərinin, qəzet redaktorları və media nümayəndələrinin iştirakı ilə geniş konfrans keçiriləcək.

Martın 2-də saat 15:00-da Elmar Hüseynovun məzarı ziyarət olunacaq. Həmin gün axşam Elmar Hüseynovun vaxtilə yaşadığı binanın önündə şam yandırmaq da nəzərdə tutulur. Bu barədə qərar fevralın 27-də veriləcək.

Martın 3-də Azərbaycan Media Mərkəzində jurnalistika fakültələrində təhsil alan tələbələrin iştirakı ilə “Həlak olmuş jurnalistlər” mövzusunda debat keçiriləcək.

Martın 4-də konfrans, martın 5-də RATİ-nin informasiya azadlığı ilə bağlı tədbiri olacaq.

Martın 6-da söz və mətbuat azadlığına dair filmlər nümayiş etdiriləcək və filmlər ətrafında müzakirələr aparılacaq.

Martın 8-də informasiya və söz azadlığına dair məlumatların əks olunduğu vərəqələrin paylanması kampaniyası həyata keçiriləcək. Bu kampaniya çərçivəsində azı 50 min vərəqənin paylanması nəzərdə tutulub.

Martın 9-da söz və mətbuat azadlığına dair daha bir debat və dəyirmi masa olacaq.

Martın 10-da – ongünlüyün son günündə “Respublika” hotelində xarici qonaqların da iştirakı ilə geniş konfrans keçiriləcək.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO