“Dövlət qəzetləri olmalıdırmı? “mövzusunda debat keçirilib

Dekabrın 17-də Azərbaycan Media Mərkəzində “Yeni Nəsil” Jurnalistlər Birliyi “Dövlət qəzetləri olmalıdırmı?” mövzusunda debat keçirib. Jurnalist Seymur Qasımbəylinin moderatorluğu ilə keçirilən debatda spiker qismində “Media forum” saytının əməkdaşı İmdad Əlizadə və “Son söz” qəzetinin baş redaktoru Natəvan Arifqızı iştirak ediblər.

Natəvan Arifqızı bildirib ki, dövlətin möhkəmliyi, güclü olması üçün rəsmi mətbuat olmalıdır. Onun sözlərinə görə, bu gün ölkədə çoxlu müstəqil və müxalif nəşrlər var və həmin nəşrlərdə maraqlar güdülür: “Dövlət mətbuatında bayağı yazılar verilmir, heç kim təhqir olunmur. Özəl mətbuatda isə əksinə – təhqirə, böhtana daha çox yer verilir”.

Natəvan Arifqızı dövlət mətbuatında rəsmi qərar və sərəncamların dərc olunduğunu, əhalinin bundan məlumat aldığını deyib. Hər kəsin internetə əli çatmadığını bildirən baş redaktor bu mənada rəsmi mətbuata ehtiyac duyulduğunu vurğulayıb. Eyni zamanda, bildirib ki, Azərbaycanda rus dilində də rəsmi mətbuatın olması vacibdir, çünki ölkədə rusdilli əhali var.

İmdad Əlizadə deyib ki, Azərbaycan qanunvericiliyi dövlət qəzetlərinin olmasını qadağan edir, rəsmi strukturlar, dövlət orqanları qəzet təsis edə bilməzlər. İmdad Əlizadənin fikrincə, dövlət qəzetlərində yaradıcılıq imkanları məhduddur: “1998-ci ilədək mətbuat senzuradan əziyyət çəkirdi. Dövlət qəzetlərində o senzura indi on dəfə artıqdır. Rəsmi qəzetlər müstəqil qəzetlərin iqtisadi durumuna da mənfi təsir göstərir. Misal kimi dövlət qurumlarının verdiyi elanların, keçirdiyi tenderlər haqqında məlumatların rəsmi mətbuatda dərc edilməsini göstərmək olar”.

Bir dövlət strukturunun bir neçə mətbu orqanı olduğunu deyən İmdad Əlizadənin iddiasına görə, Azərbaycanda rəsmi mətbuatı oxuyan azdır. İmdad Əlizadə Avropada dövlət mətbuatı anlayışının olmadığını da söyləyib.

Debatda ekspert kimi çıxış edən Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli deyib ki, qanunvericilik dövlətə qəzet təsis etmək hüququ vermir. Məcburi abunə etmənin də qanun pozuntusu olduğunu bildirən Yadigar Məmmədli deyib ki, qəzetin əsas missiyası ictimaiyyəti məlumatlandırmaqdır: “Ona görə də, mətbuat mütləq müstəqil olmalıdır. Daha dövlət qəzetləri vasitəsilə təbliğat aparılmasına ehtiyac yoxdur. Qəzetlər yalnız nöqsanları göstərməlidir ki, o nöqsanlar həllini tapa bilsin”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO