Dövlət qurumlarında dil imtahanı

Vüqar Əhməd: «Dövlət məmurlarının yarısı ana dilimizi mükəmməl bilmir»

Nəzirməmməd Zöhrablı: «Məmurlar işçiləri «qeyri-vətənpərvərlik»də suçlamaqla işdən azad etməyə cəhd göstərəcəklər»

Niyaməddin Orduxanlı: «Bu, birbaşa dilimizin inkşafına kömək
edəcək»

Oktay

Azərbaycanda hökumət qurumlarında dövlət dilinin işlənmə vəziyyətini öyrənmək məqsədilə işçilər üçün xüsusi imtahanlar keçirilə bilər. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli çərşənbə axşamı Trend-ə bildirib ki, bu məsələ yeni hazırlanan «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqram»ının layihəsində təklif edilib. Onun sözlərinə görə, layihədə dilin işlənməsinə nəzarət etmək məqsədilə Dilçilik İnstitutunda xüsusi monitorinq qrupunun yaradılması təklif olunub. Bu qrup vaxtaşarı — 3, 6 aydan bir işçilərin dil sahəsindəki biliklərini müəyyənləşdirmək üçün xüsusi test imtahanları keçirəcək. Bu imtahanda jurnalistlər, aparıcılar, televiziya, radio məkanında və digər sahələrdə çalışanlar iştirak edəcəklər. Onlar bu imtahan nəticəsində sertifikat alaraq öz işlərini davam etdirmək hüququna malik olacaqlar.
O, deyib ki, imtahanların hansı sahələr üzrə keçiriləcəyi də konkretləşdiriləcək. Qeyd edək ki, «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın layihəsi oktyabrın 1-dək Nazirlər Kabinetinə, noyabrın 1-dək isə ölkə Prezidentinə təqdim edilməlidir. Bəs ziyalılarımz necə düşünürlər: Azərbaycanda dövlət qurumlarında dilimizin işlənmə vəziyyətini öyrənmək məqsədilə işçilər üçün xüsusi imtahanların keçirilməsi lazımlıdırmı?
Filologiya elmlər doktoru, professor Vüqar Əhməd hesab edir ki, bu çox önəmli bir məsələdir: «Bu xüsusi imtahana çoxdan ehtiyac var idi. Sovet dönəmində olduğu kimi indi də dövlət məmurlarının təxminən yarısı ana dilimizi mükəmməl bilmir. Bəziləri şifahi nitqə qismən yiyələnsələr də yazı mədəniyyətinə malik deyillər. Bir çoxu isə rusca fikirləşir, azərbaycanca fikrini ifadə edəndə komik bir vəziyyət yaranır. Elə bil əcnəbi Azərbaycan dilində danışır. Hətta deputatlardan bir neçəsi də telekanallarda çıxış edəndə azəri türkcəsini bərbad hala salırlar. Yaxşı olar bu imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) götürsün, bu məsələdə neqativ hal olmasın. Mənə belə gəlir ki, imtahanlar obyektiv keçirilərsə, məmurlarımız müsbət qiymət ala bilməyəcək».
Yazıçı-publisist Nəzirməmməd Zöhrablının fikrincə, olduqca lazımlı bir məqamdı: «Ancaq onu da başqa vasitələr kimi işçilərin başı üzərində Domokl qılıncına çevirmək yolverilməzdir. Hələlik ümumi prinsiplər əsasında yumşaq tərzdə buna başlamaq olar. Bu həm də çox vacib bir məsələdir. Tədricən bu məsələni ciddiləşdirmək və hətta işə qəbulla bağlı ən bacib prosedur səviyyəsinə gətirib çatdırmaq olar. Bu, doğma dilimizə hörmət nümunəsi olmaqla yanaşı «Dövlət dili haqqında» qanunun və digər bu istiqamətli normativ aktların həyata keçirilməsi baxımından da önəmli bir addım olar. Bircə, qeyd etdiyim kimi, kimlərinsə əlində vasitəyə dönüb, şəxsi maraqları «reallaşdırmağa» xidmət etməyə. Bu, baş verərsə, dilimizi normal bilməyən məmurlar ordusu özləri bir-iki söz öyrənib xoşları gəlməyən, onlara «mane olan» işçi-vətəndaşları «qeyri-vətənpərvərlik»də suçlamaqla işdən azad etməyə cəhd göstərəcəklər. İmtahanları isə TQDK-nın həyata keçirməsi məsləhətdir. Ancaq birdən-birə çətin suallarla yox».
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı hesab edir ki, Azərbaycanda dövlət qurumlarında dövlət dilinin işlənməsi vəziyyətini öyrənmək məqsədilə işçilər üçün xüsusi imtahanların keçirilməsi təşəbbüsünə müsbət yanaşır: «Bu, birbaşa dilimizin inkşafına kömək edəcək faktdır. Adətən, gənc nəsilə valideynlər əcnəbi dilin öyrəniləməsinə üstünlük verirlər. Mən xarici dilin öyrənilməsinin əleyhinə deyiləm, sadəcə, ana dilimizin də mükəməl öyrənilməsinin tərəfdarıyam. Bu addımı təqdir edirəm».
Yazıçı-dramaturq Firuz Mustafa vətəndaşlardan imtahan götürülməsi şərtini bəyənsə də başqa mühüm məqamı da qeyd edir: «Məncə bunun müsbət cəhətləri olsa da bütün idarələrə bu prinsipi tətbiq etmək doğru olmazdı. Məsələn, deyək ki, hansısa proqramçı, memar, həkim və s. olsun ki, dili yüksək səviyyədə bilmir, amma bir mütəxəssis kimi ona ciddi ehtiyac duyulur. Çox vaxt biz bülbül kimi ötən savadsız cərrahlar görürük. Amma gəlin görək bizə professional, öz işinin ustası olan həkim lazımdır, ya dil üstə dil bitirən həkim»?
Söz Azadlığı Müdafiə Fondunun icraçı katibi Vüqar Tofiqli hesab edir ki, dövlət qurumlarinda çalışan aşağı və orta zümrədən olan vəzifə sahibləri dövlət qulluğu məsələləri komissiyanin təşkil etdiyi imtahanlarada iştirak etdikləri üçün təkrar Azərbaycan dilindən imtahan vermələrinə ehtiyac yoxdur: «Ancaq bir məsələ var ki, yuxarı eşalonda çalışan vəzifə sahiblərinin bir qismi ana dilinin yüksək səviyyədə bilmir. Belə məmurun vəzifəyə təyin edilməsi düzgün sayıla bilməz».
Demokratik Azərbaycan Haminə İctimai Birliyinin sədri Elməddin Behbudun fikrincə, bir sıra məsələlər yalnız bürokratik şəkildə, qanunların müdaxiləsi ilə tənzimlənməməlidir: «Düşünürəm ki, xalqımızın keçdiyi məşəqqətli tarixi yol bu gün bizlərə mənəvi dəyərlərimizə daha artıq dərəcədə sayğı göstərməyi tələb edir. Bu məsələdə ən öncül yerlərdən birini, deyərdim elə birinci yeri ana dilimiz, onun inkişafı, ona olan münasibətimiz tutur. Şübhəsiz ki, bir dil əgər məhəlli xarkter daşıyırsa, yaxud da imkanları məişət səviyyəsindən uzağa getmirsə o dilin inkişafı haqqında danışmağa dəyməz. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra daim dövlət dilini inkişafına cidi diqqət yetirib. O ki, qaldı Azərbaycanda dövlət qurumlarında dövlət dilinin işlənmə vəziyyətini öyrənmək məqsədilə imtahanların keçirilməsinə bunu üçün müxtəlif metodlar seçmək olar. O cümlədən, monitorinqlər aparmaq, vətandaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə testlər keçirmək olar».

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO