Dövlət Dəstəyi Fondu media təşkilatları üçün II müsabiqəni niyə elan etmir?

Mətbuatın yaranmasının 135 illiyi münasibəti jurnalist yazılarının fərdi müsabiqəsini elan edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu media orqanları və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı ikinci qrant müsabiqəsinin vaxtını nə zaman açıqlayacaq? Modern.az saytı bunu dəqiqləşdirmək üçün Fondun icraçı direktoru Vüqar Səfərli ilə əlaqə saxlayıb.
V.Səfərli bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu media orqanları və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı II qrant müsabiqəsinin elan olunacağı vaxtı hələ dəqiqləşdirməyib. Onun sözlərinə görə, bəzi problemlərə görə müsabiqənin elan olunacağı vaxt hələ bilinmir: “Maliyyə məsələsinə görə hələ heç müzakirələr də aparılmayıb. Yəqin ki, II müsabiqəni ikinci yarımillikdə elan edəcəyik. Bu barədə başqa bir söz deyə bilmərəm”.
Xatırladaq ki, Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu birinci maliyyə müsabiqəsini 2010-cu ilin yanvarında elan edib. Müsabiqədə 28 layihə qalib elan edilib. Onlardan 14-ü qəzet redaksiyası, 5-i informasiya agentliyi, 9-u isə jurnalist təşkilatı idi.

Dövlət Dəstəyi Fondu Azərbaycan mətbuatının yaranmasının 135 illiyi münasibəti ilə fərdi jurnalist yazılarının müsabiqəsini artıq aprelin 29-dan elan edib. Fərdi müsabiqə 17 istiqamət üzrə elan olunub. Yazılar və sənədlər 2010-cu il aprel ayının 30-dan iyulun 1-dək təqdim edilə bilər. Nəticələr iyulun 22-dək elan ediləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO