Düşüncə adamı – Loğman müəllim

Nəzirməmməd Zöhrablı

Ölkəmizin cənub bölgəsində – özəlliklə Masallı rayonunun Qədirli kəndində və ətraf kəndlərində bölüşülməsi mümkünsüz görünən bu ad hamıya bəlkə də xüsusi abbveratura kimi tanışdır. Dəyər verməyi bacaranlar – yağın, balın, şorun, digər nemətlərin birbaşa və söz anlamlarında fərqini bilənlər üçün təbii ki…

Bəzən mənə elə gəlir ki, Azərbaycan media qurumları əyalətlərdə yaşayan ziyalılarımız barədə yazmaqda, onları tanıtmaqda, onların işıqlı əməllərinin, ideyalarının təqdimatında bir qədər xəsisliyə yol verirlər. Bəlkə də əyalətlətlərə çəkilməsi onların özlərini arxa planda qoyur, bəlkə də yox, hər halda bu faktdır ki, Azərbaycan insanı bölgələrdə yaşayan işıqlı şəxsiyyətləri barədə məlumatsız durumdadır. Bu mənada söhbət gerçək ziyalılardan gedir. Digərləri onsuz da “boylarından yuxarı” təqdimatlar keçirmək, barələrində bayağı, şişirdilmiş ifadələrlə zəngin kitabçalar yazdırmaqla özlərini gözə soxmağı bacarırlar. Burası bizim mövzu deyil… 


Azərbaycan dili əmanəti

Loğman müəllim Eynalov Bakı Dövlət Universitetinin (o vaxtkı Azərbaycan Dövlət Universiteti – N.Z.) Filologiya fakültəsini bitirib. Uzun illər dil-ədəbiyyat müəllimi kimi Azərbaycanlı balalarına qədim və çağdaş ədəbi abidələrimiz barədə bilgilər verib, böyük bir ziyalı ordusu yetişdirib. Ona görə bütöv Azərbaycan miqyasında deyirəm ki, bir qədər iztirablı taleyinin, bir qədər də sadəcə bəxtinin gərdişindən onun fəaliyyət və yaşam coğrafiyası bir ellə, bir kəndlə məhdudlaşmayıb. Loğman müəllim öz sevimli peşəsinin yorulmaz təbliğatçısı qismində həm bakılı, həm sabirabadlı, həm də masallılıdır. Ayrı-ayrı kənd məktəblərini və bu məktəblərdən pərvazlanan, hazırda bütün dünyaya yayılan saysız-hesabsız eks-şagird kontingentini də bunun üzərinə gəlsək, onun nəticəli fəaliyyət sferası sərhədlər çərçivəsinə sığmayacaq. Loğman müəllim əmindir ki, onun öyrətdiklərinə, eləcə də tövsiyyələrinə qulaq asmış, onu özünə əbədi müəllim seçmiş sabiq şagirdləri, ölkəmiz, xalqımız və ədəbi dəyərlərimiz, o cümlədən “babalar əmanəti dilimiz” barədə heç bir qüsura, nöqsanlı hallara biganə qalmayacaqlar. Hansı məkanlarda yaşamaqlarından asılı olmayaraq, bu böyük dəyərlərimizə həmişə duyğusal yanaşacaqlar. Elə onun özü kimi… 

Loğman müəllim xüsusilə Azərbaycan dilinə münasibətdə, əlahiddə olaraq dilimizin saflığının, qrammatikasının qorunması yönündə həm özünə, həm də həmsöhbətlərinə qarşı o qədər tələbkar və narahatdır ki, hətta bəzən mediada bizim yazılarımızda arabir istifadə etdiyimiz, digər xalqların kütləvi informasiya vasitələrindən, o cümlədən Anadolu türkcəsindən əxz olunan ifadələri belə zərgər dəqiqliyi ilə sezib-seçir və onları qəbul etmək istəmir. Bu yanaşma, onun doğma dilimizin üstündə, böyük şairimiz Musa Yaqubun təbirincə desək, “nanə yarpağı kimi əsməyindən” qaynaqlanır. Mən bu yazının yaratdığı imkandan bir növ sui-istifadə edərək Loğman müəllimə bir qədər təskinlikvari söyləmək istəyirəm ki, jurnalistikamız bütün dünya mediası, beynəlxalq miqyaslı qurumlar və onların müxtəlif istiqamətli tədbirləri, oxşar telelayihələr vasitəsilə daim təmaslı sahə olduğundan, mediada yeri düşdükcə, əlbəttə ki, yalnız yerində işlənən bu tipli terminlərə görə bir o qədər narahatlıq hissləri yaşamasın. Onsuz da onlar hamısı dilimizdə ilişib qala bilmir. Tarixən olduğu kimi, yalnız dilimizi zənginləşdirəndə, özünə müvəqqəti də olsa “sığınacaq tapa”, yaşaya bilir. O zaman da sinonimlər, daha dəqiq söyləsək, sizin də yaxşı bildiyiniz – ən azı biri mütləq əcnəbi sözlərdən alınan sinonim-dubletlər sayağı. İkinci tərəfdən, biz yazarlar – bu zümrənin milli-mənəvi dəyərlərimizə görə əlahiddə narahatlıq keçirən kəsimi – əksər yazılarımızda hələ xalqımızın öz böyük dəyərlərindən, söykökündən, minillik adət-ənələrindən, eləcə də milli dövlətçiliyə hörmət və s. kimi hisslərindən uzaq düşmüş sayca böyük əksəriyyətini özünə qaytarmaq xəttini əsas götürürük ( Zəmanəmizdə bizlərin də taleyinə belə ağrılı məqamlar nəsib olub, Loğman müəllim! – N.Z.). Yaddaşlarını ayılda biləndə isə, təbii ki, onları öz doğma, laylalarında eşitdikləri ana dilinin incəliklərinin mərkəzinə dəvət edəcəyik. Təki, bu müqəddəs savaşımız uğurla yekunlaşsın. Amin! 

Loğman müəllimin bir spesifik cəhətinə də diqqətləri yönəltmək istəyirəm. Biz son illərdə xüsusilə xeyir-şər məclislərində görüşürük. Mən onun bəzən uzun-uzadı, bəzən lakonik açıqlamalarını, izahlarını xüsusilə təqdir edirəm. Amma gəlin etiraf edək ki, mən özüm və tanıdığım bir çox ziyalılar belə açıqlamaları eşidilən, başa düşülən, dəyər verilən yerlərdə müzakirə mövzusuna çevirməyi xoşlayırıq. Eşidilməyən yerlərdə, nadan münasibətlərlə qarşılaşanda bir növ həvəssiz oluruq belə söhbətləri təkrar-təkrar söyləməyə. Loğman müəllim isə çəkinmədən, bildiklərini – öz tükənməz intellektual potensialından süzülüb gələn dəyərli fikirlərini sona qədər söyləməkdən doymur. Bu yəqin ki, onun müəllimlik peşəsinə sonsuz sədaqətindən irəli gəlir. Bu aspektdən mən onun israrlılığını “Azərbaycan xalqının qiraət müəllimi” Həsən bəy Zərdabinin “Əkinçi” qəzetində yazdığı və silahdaşlarına da tövsiyyə etdiyi məşhur fikirlə müqayisə etməli oluram: “axan su mürur ilə çay daşını da deşər”.

Tərəzisiz “yaş senzi”

Müəllimlik demişkən, ötən il eşitdim ki, Loğman müəllimi də müasir qanunvericiliyə rəğmən,”yaş senzi”nə görə məktəbdən təqaüdə göndəriblər. Qanun tələb eləyib bunu. Bu “yolasalma”nın qazancı və itkisi arasında paralellər aparmalı oldum istər-istəməz. Bu aspektdə uzun-uzadı şərhə ehtiyac görmürəm. Düşünürəm ki, artıq müqayisənin nəticələrini – tərəzinin hansı gözünün nə qədər maililik istiqamətini hiss elədiniz, dəyərli oxucularım! Belə ziyalı-müəllimlərin hədsiz gərəkliliyini nəzərə alıb “istisnalar” haqqında düşünmək olmazdımı? Bu insanların intəhasız fikir tutumlarını maddiləşdirmək, onların fəaliyyət prinsiplərini reallaşdıran müəllimlik kürsülərinə sıradan bir “iş yeri” kimi baxmaq nə qədər sadəlövhlükdür!.. Bizim təhsil mütəxəssislərimiz, icra və qanunverici aparatlarımızın başbilənləri bu son dərəcə vacib faktoru – təhsilimizdə “təhsilsizlik” yarada biləcək amili niyə unudublar görəsən? Onları bu tələskənliyə nə vadar edib?!.. Düşünürəm ki, əksinə onların potensialından istifadə etmək gərək idi. Elmli, yalnız diplomlu deyil, sözün əsl mənasında təhsilli adamların gərəklilik, “faydalılıq əmsalı”na bir günə, bir aya, bir ilə ərsəyə gətirilə bilən istehsal sahələrinə uyğun prizmadan yanaşmaq olmazdı axı… Belə hərtərəfli, yüksək intellektli, erudit bilikli kadrları yetişdirmək illər tələb edəcək. Əlbəttə ki, əgər onların da istedadı olacaqsa.

…Arabir görüşdüyüm doğmalara, kənd camaatına da ömrünün ahıl çağlarını yaşayan Loğman müəllimin təfəkküründən mümkün qədər çox yararlanmalarını tövsiyyə edirəm. Təbii ki, bu yanaşmam nəticə olaraq, yalnız yüksək duyumluların haləsində öz dəyərini tapır. Amma nə qədər tapırsa, bu cüzi də olsa belə, onu qazanc bildiyimdən analoji sözlərimi tez-tez təkrarlayıram. Əlbəttə, məni eşidənlərə. Cılız, aşağı səviyyəli hisslərin fövqündə dayanmağı bacaranlara. Azərbaycan cəmiyyətinə kiçicik də olsa bəhrə verənlərə qısqanclıqla yanaşanlara yox. Eləcə də yalnız mədəsini düşünənlərə – mədəsini qafasından, təfəkküründən vacib və “yuxarıda” görənlərə yox…

Nələri andırır o sərt baxışlar.., 

Loğman müəllimin cavanlıq vaxtlarında yazdığı şeirləri də var. Hiss olunur ki, həyatda öz gerçək yerini, gerçək mahiyyətini təsdiqləmək məqsədilə daim axtarışlarda olub. Hələ uşaqlıq, gənclik illərindən. Sadəcə çətin, məşəqqətlərlə dolu uşaqlıq və gənclik illəri onu Azərbaycan ədəbi mühitindən bir neçə pillə məsafədə saxlayıb. Mən uşaq olanda onun şəkilaltı ifadə formasında bizə gəlib çıxmış, o dövrün poetik tərzinə müvafiq bir şeir nümunəsini əzbərləmişdim. O sətirlər uşaq yaddaşıma elə hopub ki… Özü o vaxt uzaqlarda idi. Səhv eləmirəmsə, Sabirabadda:

– Dayanmış şəst ilə, alnında vüqar,
Məchul bir nöqtəyə dikilmiş gözü.
Nələri andırır o sərt baxışlar.., 

Bəzən saatlarla onun söz mülkünün hökmdarları Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, Əbülqasim Firdövsünün, poeziyamızın seyidi Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Məhəmməd Hadinin, dünya klassikasının avanqardları Viktor Hüqonun, Şeksprin, Lev Tolstoyun, İslam üləma alimlərinin, ən yaxın dövr Azərbaycan ədəbiyyatının sanballı təmsilçiləri Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun və başqa ədiblərimizin klassik ədəbi nümunələri barədə fikir və mülahizələrinə qulaq asmışam. Həmçinin Azərbaycan musiqi mədəniyyətinin, incəsənətinin dərin qatları barədə açıqlamalarına. Yorulmuşammı? Əsla! Bu zaman onun klassikamızın tədqiqatçıları olan mərhum alimlərimiz – bəndənizin də sevimli müəllimi olmuş mərhum professor Firuz Sadıqzadəni, dilçi alimimiz Əbdüləziz Dəmirçizadəni, digər ədəbiyyat və dil fədailərimizi xüsusi bir hörmət-izzətlə andığının, sanki əbədi yaşamaqlarına təşnə olduğu bir doğması kimi onların ruhuna dualar oxuduğunun dəfələrlə şahidi olmuşam. Bütün bu müşahidələrimdən sonra bir azərbaycanlı olaraq Loğman müəllimə dəyər verməmək, onun heç bir əvəz gözləmədən göstərdiyi təmənnasız xidmətlərindən söz açmamaq nə boyda qəbahət olardı?!  

2012-ci ildə çağdaş Azərbaycan ədəbiyyatının ən önəmli simalarından biri – şair Musa Yaqubun 75 yaşı münasibətilə mənim redaktorluğumla dərc olunan “Dövrün dəyirmanı” kitabını hədiyyə eləmişdim Loğman müəllimə. Elə bil xəzinə tapmışdı. Sevincinin həddi-hüdudu yox idi. Şairin poemalarındakı – onun da uşaqlıq və gənclik illərini əks etdirən – Böyük Vətən Müharibəsi, savaşdan sonrakı aclıq, qıtlıq illərində Azərbaycan xalqının bütün ölkəmiz boyu üzüntülər, sıxıntılarla dolu ümumiləşdirilmiş yaşantılarının –sözün əsl mənasında “Azərbaycanın gerçək tarixinin poetik inikasına” həm humanizm, həm də peşəkarlıq baxımından necə həssas yanaşdığını, hətta kövrəldiyini görəydiniz kaş! O zaman belə bir FİKİR, DÜŞÜNCƏ ADAMININ ədəbi tariximizdə xüsusi yerinin olduğu barədə qənaətim bir qədər də möhkəmləndi.

…Qiyməti onsuz da zaman verir. Əzəli və əbədi dünyamızın ən qocaman, əli xəlbirli hakimi. Bizlərin daşıya biləcəyi yüksə arzulamaq, diləməkdir. Qazandığınız ölümsüzlük ucalığında min yaşayın, Loğman müəllim! 

P.S. Bu dəfəki görüşümüzdə məni evinə – çay dəstgahı ətrafında ədəbi söhbətləşməyə dəvət elədi. Dedi ki, evdə təkdi. Təəssüf ki, dil-ədəbiyyat LOĞMANI ilə söhbətləşməyə zamanım olmadı.
Tək olduğunusa onsuz da bilirdim. Təkrarsızlıqda…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO