Dövlət Komitəsindən azanla bağlı bölücülük edən dini icmalara sərt xəbərdarlıq

“Biz inzibatçılıq edərək bölücülük edən dini icmaların fəaliyyətini dayandıra, QMİ ilə birgə həmin məscidə qarşı qanunla bağlı işlər görə bilərik. Biz və QMİ öz səlahiyyətləri çərçivəsində təzyiqlər göstərə bilərik. Amma bu, təzyiqsiz olmaldır. Din xadimlərimiz bir-birini başa düşməlidir”.
Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mubariz Qurbanlı bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Surasının Ramazan ayının başlaması ilə bağlı keçirilən birgə iclasında bildirib.
Dövlət Komitəsinin sədri deyib ki, Azərbaycanda azan vaxtını başqa ölkələrin vaxtına uyğunlaşdırmaq düzgün deyil: “Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun var. Bu qanun bu sahədə hər şeyi tənzimləyir. Azərbaycan müstəqil dövlətdir. Biz Qurani-Kərimə, Peyğəmbərin (ə.s) qoyduğu yola riayət edən bir millətik. İçimizdə başqa dinlərin nümayəndələri var. Onlara da dözümlü yanaşırıq, eyni zamanda, dövlət onları himayə edir və yardım edir. Belə bir şəraitdə Azərbaycandakı azan vaxtını kiməsə baxıb, hansısa ölkənin vaxtına uyğunlaşdırmaq olmaz. Biz müstəqiliksə, dini idarəçiliyimiz də müstəqil olmalıdır. Qafqaz Müsəlmanları İdarəsi bizdədir və bu bizim üstünlüyümüzdür. Biz işıq saçmalıyıq, bizdən kimsə götürməlidir, biz buradan kadrlar göndərməliyik. Azan vaxtı ilə bağlı QMİ-nin təqvimi var. Bu təqvim ola-ola nəyə görə hansısa rayonda buna əməl etməməlidirlər?”
Onun fikrincə, bu bölücülük böyük faciələrə gətirib çıxara bilər: “Biz hər şeyi inzibati yolla etməməliyik. Bir-birimizi başa düşməliyik. Bizim vahid dövlətimiz olduğuna görə, bizim vahid təhsil sistemimiz olduğu kimi, vahid dini sistemimiz də var. Biz hansısa yeni dini model yaratmayacağıq ki. Qurani-Kərimimiz var, Peyğəmbərimiz (ə.s.) var. Din dəyişə bilməz. Dində hansısa millətə aid yeni model yaratmaq, millətə aid məscid yaratmaq olmaz. Bu, mümkün deyil. Din vahiddir, bütövdür. Biz hamımız eyni dinin daşıyıcılarıyıq. Namaz vaxtlarını ayırmaq bölücülüyə gətirib çıxarır. Bölücülük isə başqa ölkələrdəki faciələrin başlanğıcı sayıla bilər. Həmin faciələrin, bölücülüyün başlanğıcı bundan qaynaqlanıb”.
M.Qurbanlı qeyd edib ki, bəzi maraqlı qüvvələr İslamın daxilində qarşıdurmalar yaradırlar: “Onlar bunu görmürlərmi? Son 15 ildə dünyada silahlı münaqişələrdə 1,8 milyon adam ölüb. Onun 80 faizi İslam ölkələrində həlak olub. Özü də bu ölənlər başqa dinlərlə münaqişələrdə olmayıb. Onların əksəriyyətində müsəlmanlar “Allahu Əkbər!” deyərək bir-birilərini öldürüblər. Bu azan vaxtı məsələsi də sadə məsələ deyil. Həmin ölkələrdəki məsələlərin başlanğıcına gedəndə birinci görürsən ki, məsələlər elə bundan başlayıb. Mən azanı nə vaxt verdim, sən nə vaxt verdin? Sən Ramazan bayramını nə vaxt qeyd elədin, mən nə vaxt elədim? Bunun qaydaları var. Bizim dinimiz bunu müəyyənləşdirib”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO