DİLİMİZİ SEVƏK, QORUYAQ, YAŞADAQ


Azərbaycan dili bu xalqın mənəvi sərvəti, milli varlığı, dövlət müstəqilliyinin əsas amili, rəmzidir. Zəngin söz ehtiyatına, gözəl ahəngə, səslənməyə, sabit qrammatik quruluşa malik olan dilimiz tarixən görkəmli şəxsiyyətlərin diqqətini cəlb etmiş, bu dil, onun məziyyətləri haqda qiymətli fikirlər, rəylər söylənilmişdir. M.Y.Lermontov Azərbaycan dili haqqında demişdir: “…bir çox dağlar aşdım, Şuşa, Quba, Şamaxı şəhərlərində oldum, azərbaycanca öyrənməyə başladım; həmin dil burada və ümumiyyətlə Asiyada fransız dilinin Avropada olduğu qədər zəruri bir dildir”. Bu sözlər, təxminən 200 il bundan əvvəl söylənilmişdir. İndi dilimiz o illərlə müqayisədə xeyli inkişaf etmiş, söz ehtiyatı zənginləşmiş, qrammatik quruluşu təkmilləşmiş, əhatə dairəsi genişlənmişdir. Respublikamız dövlət müstəqilliyi əldə etdiyi ilk gündən dilimizin inkişafına, tətbiq dairəsinin genişlənməsinə xüsusi diqqət və qayğı göstərilmiş, dövlət dili olaraq, inkişaf etdirilməsi ilə bağlı ulu öndərimiz H.Əliyevin imzaladığı fərmanlar dilimizin öyrənilməsi, elmi tədqiqatının fəallaşdırılması və cəmiyyətdə işlənməsi imkanlarını daha da artırmışdır.
Dilimizin inkişaf etdirilməsi üçün belə bir imkanın yarandığı indiki dövrdə bu dildən istifadə edən hər bir kəsin, bütövlükdə ictimaiyyətin borcu onun qaydalarına, normalarına riayət etmək, təmizliyini, saflığını, gözəlliyini qorumaq, korlanmasına, zibillənməsinə yol verməməkdir.
Bu mövzuda, yəni dilin qorunmasından söhbət düşəndə, adətən, kütləvi informasiya vasitələrinin – radio, televiziya verilişləri, qəzet və jurnalların və s. dili önə çəkilir ki, bunu da təbii saymaq olar, ona görə ki, bu vasitələr ədəbi dilimizin təbliğatçıları, yayıcıları, tənzimediciləri, qoruyucularıdır. Bu informasiya vasitələrinin ümdə vəzifələrindən biri eşidənlərə, oxuyanlara etalon səviyyəli nitq nümunəsi verməkdir ki, dinləyənlər, oxuyanlar onun məziyyətlərini əxz edib mənimsəyə, nitqlərini həmin ifadə tərzinə uyğun qura bilsinlər. Radio və televiziya, eləcə də digər informasiya vasitələrində səslənən nitq (şübhəsiz, burada daha çox diktor, aparıcı, ziyalıların nitqi nəzərdə tutulur) məzmunca dolğun, tələffüzcə düzgün olmalı, oradakı fikir uyğun səs tərtibatı – intonasiya çalarları, aydın diksiya ilə verilməli, cümlələr düzgün qurulmalı, fikirlər arasında məntiqi rabitə gözlənilməlidir. Ədalət naminə deyək ki, Milli Televiziya və Radio Şurası son illərdə kütləvi informasiya vasitələrinin dili ilə bağlı bir sıra işlər görmüş, tədbirlər həyata keşirmişdir ki, bunların mətbuat dilinin inkişafına, formalaşmasına müəyyən qədər müsbət təsiri olmuşdur. Lakin bununla belə istər ekran-efir, istərsə də digər informasiya vasitələrimnin dili tələb olunan səviyyədə deyildir. Diktorların, aparıcıların, verilişlərə dəvət olunanların nitqində qüsurlar yenə də müşahidə olunur. Bu qüsurların müəyyən bir qismi ədəbi tələffüz qaydalarına əməl olunmaması nəticəsində baş verir. Yazılışı ədəbi tələffüzündən fərqli olan söz və qrammatik formalar bəzən kitab dilində, yazıldığı kimi deyilir və ya oxunur. Məs.: yarpaqlar (yarpaxlar əvəzinə), baxmayaraq (baxmıyarax əvəzinə), əmindirlər (əmindilər əvəzinə), üç dəst (üş dəs əvəzinə), novruz (n[o:] rus əvəzinə) və s.
Ədəbi tələffüzdən uzaqlaşmanın digər bir halı sözlərin, qrammatik formaların adı danışıq dilinə, yerli şivəyə uyğun şəkildə işlədilməsidir: Azarbaycan, qabul, ahali, sanaye, diyillər, yanı (yəni), cərcin (vəziyyət), döstərəjəm, muraciyət, hasant, əyaq, tamas (xətti), həmmeşə, q[a:]dın, m[ə:]şuq, hindi, haçar və s.
Televiziya verilişində çıxış edən filoloq alim bədii sözünü ə saitini uzadaraq tələffüz edirdi. Halbuki həmin sözdə ə səsi yox, sondakı qoşa i saiti uzun deyilməlidir. Aparıcı mədəni adam ifadəsində birinci sözün birinci hecasındakı ə səsini uzun tələffüz edirdi. Onun danışığında fəaliyyət sözündə a səsi eşidilmirdi, söz fəliyyət şəklində deyilirdi. Başqa bir aparıcının şərhində təəssüf sözündə qoşa ə adi kəmiyyətdə, qısa sözü davamlı s ilə (qıssa), müvafiq sözü müfafik şəklində tələffüz olunurdu və s.
Radio və televiziya verilişlərinin dilində özünü göstərən orfoepik qüsurların digər bir qismi sözlərdə vurğunun düzgün deyilməməsi səbəbindən baş verir. Məs.: da`ha, a`rzu (edirəm), ba`şqa, baxmayaraq ki`, odu`r ki`, liri`ka, şu`ra,peda`qoq, kafe`dra, dono`r, nəzə`riyyə, texniku`m, tarixə`n,kame`ra, mü`xtəlif, bü`ro, Te`xas, Da`voz, Vikto`r Hu`qo, Koso`va və s. sözlərin tələffüzü ilə bağlı yol verilən bu qüsurlar dilin, nitqin estetik təsirini zəiflədir, gözəlliyinə xələl gətirir, bəzən də məna dolaşıqlığına səbəb olub, fikrin mənimsənilməsini çətinləşdirir.
Radio və televiziya verilişlərinin dilində özünü göstərən tələffüz qüsurlarının həm subyektiv, həm də obyektiv səbəbləri vardır. Subyektiv səbəb odur ki, həm danışanlar, həm də verilişlər üçün məsul olanlar sözlərin tələffüzünə o qədər də fikir vermirlər, onlar diqqəti daha çox fikrin düzgün ifadə olunmasına yönəldirlər. Nəzərə alınmır ki, əgər nitqdə tələffüz qüsurları vardırsa, şərh olunan məzmun, mətləb istənilən səviyyədə dinləyiciyə çata bilməz. Tələffüzdəki qüsurların baş verməsinin digər səbəbi diktor, aparıcı, həm də verilişlərə dəvət olunanların əlində sözlərin (terminlərin, coğrafi yer, şəhər, ölkə, məşhur şəxsiyyətlərin və s. adlarının) düzgün deyilişini göstərən müəyyən bir mənbə, ən başlıcası, orfoepik lüğət, sözlük və digər sorğu vəsaitinin olmamasıdır. Belə bir vəsaitin yoxluğu səbəbindən danışanlar, mətn üzrə oxuyanlar sözlərin, xüsusən alınmaların deyilişində hansı tələfüfz formasının (məsələn, Li`tva –Litva`, A`BŞ-ABI`Ş, Portuqaliya-Partuqaliya, A`msterdam-Amsterda`m, Şopen-Şapen, folklor-falklor, Ta`rtu-Tartu`, Bolqarıstan-Balqarıstan, Oka-Aka, dokturantura-daktrantura, polis-palis, Əli`yev-Ə`liyev, Əfə`ndiyev-Əfəndi`yev, Haqve`rdiyev-Haqverdi`yev və s.) düzgün olduğunu müəyyənləşdirməkdə bəzən çətinliklə qarşılaşır, tələffüz qüsuruna yol verirlər. Yeri gəlmişkən göstərək ki, böyük ehtiyacın olmasına baxmayaraq, hələ bu günə kimi ədəbi dilimizin təkmil bir orfoepiya lüğəti tərtib olunmamışdır. Dilimizin tətbiq dairəsinin günü-gündən genişləndiyi indiki zamanda belə bir lüğətdən əlavə dilimizə hər gündə daxil olan sözlərin, terminlərin, adların və sairənin tələffüzünü göstərən “Biz düzmü deyirik?”, “Necə deyilməlidir?”, “Tələffüzlə bağlı mübahisəli məsələlər” və s. başlıqlar altında vəsaitlər də nəşr edilsə, bu, ədəbi dilimizin tələffüz qaydalarındakı dəyişiklikləri, yenilikləri operativ şəkildə göstərməkdə faydalı ola bilər.
Tələffüzdən danışılarkən efir-ekran məkanında səslənən nitqin intonasiyasından da yan keçmək olmaz. Müşahidələr göstərir ki, nitqdə bu sahədə də qüsurlar – intonasiya ölüvaylığı, həddindən artıq yüksək tonla, iti danışmaq, məntiqi vurğuya, nitq fasiləsinə riayət etməmək, təngənəfəslik və s. kimi çatışmazlıqlar mövcuddur. Danışanların mimikası bəzən məzmuna uyğun olmur. “Xəzər” televiziya verilişlərinin birində ananın iki uşağı ilə evdə yanıb külə dönməsi xəbər verilərkən diktorun danışığında nəzərə çarpacaq dəyişiklik hiss olunmurdu., səs tonu yüksək idi. Sanki adi bir hadisə barədə məlumat verirdi. Üstəlik də bu faciə, bu dəhşət onun üzündə, mimikasında da görünmürdü. Yenə həmin kanalda diktor gölün kənarında çaya düşüb boğulan balasını xilas etmək üçün ananın özünü suya atması, hər ikisinin həlak olması barədə bircə cümlə ilə xəbər verib ötüb keçdi. Əslində isə bu hadisə bir qədər ətraflı, nəzərə çapacaq səs tonu, duyğulu bir şəkildə deyilməli idi ki, uşağını zibilxanaya atanlarla müqayisədə ananın bala sevgisi, qəhrəmanlığı daha çox diqqətə çata idi.
Bəzi televiziya kanallarında (xüsusən “Xəzər” televiziya kanalında) diktorlar, aparıcılar dilimizə xas olmayan intonasiya ilə danışır, nəqli cümlələrin sonunda səs tonunu yüksəldir, xəbər və şəxs şəkilçilərini xüsusi vurğu ilə tələffüz edirlər: gəlmişdi`r, oxumuşdu`r, almışa`m və s. Məlumdur ki, dilimizdə xəbər şəkilçilər, şəxs sonluqları vurğu qəbul etmir, bu səbəbdən də cümlənin sonunda səs tonu aşağı düşür.
Keçən əsrin ortalarında televiziya, radio verilişləri diktorları, aparıcı-ları üçün studiyanın nəzdində xüsusi dərslər keçirilirdi. Bu dərslərdə Azərbaycanın tətbiqi dilçilik sahəsində tanınmış alimləri, mütəxəssisləri nitq mədəniyyəti, mədəni nitqə verilən tələblər, tələffüz qaydaları, dilin leksikası, nitqin etik normaları, nitqdə ifadəlilik, onu yaradan vasitələr və s. barədə söhbətlər aparır, məsləhətlər verirdilər. Azərbaycan dili orfoepiyasının (eləcə də orfoqrafiyasının) tədqiqatçısı mərhum Ə.Əfəndizadənin apardığı bu məşğələlərdə dövrün məşhur diktorları, aktyorları, söz ustaları: Sabutay Quliyev, Aydın Qaradağlı, Məhluqə Sadıqova, Soltan Nəcəfov, Müxlis Cənizadə və başqaları iştirak edər, öz bacarıqlarını təkmilləşdirərdilər. Bunlar o adamlar idilər ki, onların şirin, aydın, səlis nitqi, tələffüzü, qiraəti maqnitofon lenti və qrammafon val yazılarına köçürülərək məktəblərdə Azərbaycan dili və ədəbiyyat dərslərində etalon səviyyəli səsli vəsait kimi istifadə olunar, öyrənənlər onlardan yetərincə faydalanardılar. Bu təcrübəni indi də tətbiq etmək, dərslərə bütün televiziya kanalları və radio verilişləri üzrə diktorları, aparıcıları cəlb etmək, onlarla danışıq mədəniyyəti, diksiya, natiqlik sənəti, nitqin etik qaydaları, orfoepik normalar, səsli dilin digər məsələləri ətrafında söhbət aparmaq olar və lazımdır. Bu dərslərdən sonra sertifikat alanlar ekrana, radio verilişlərinə buraxılmalıdır.
Radio-televiziya verilişləri diktor, aparıcıları üçün respublika üzrə müsa-biqə keçirib, bu sahədə istedadlıları müəyyənləşdirmək yaxşı olar. Uyğun günlərdə (radio, televiziya günlərində) və ya digər münasibətlə söz ustaları, diktorlarla orta və ali məktəb tələbələri, şagirdlərinin görüşlərini keçirmək, orada söz sənəti, natiqlik məharəti və digər mövzularda söhbətlər aparmaq, məktəb natiqləri, diktorlarının müsabiqəsini keçirmək olar ki, bu, gənclərdə dilimizə sevgi və qayğı hissinin yaranması baxımından fayda sayıla bilər.
Şou-proqramlarda bəzən nitqin etik qaydaları pozulur, verilişlərdə küçə, dalan xarakterli ifadələr, təhqiramiz sözlər (oğraş, binamus, köpək oğlu, əclaf, zırrama və s. kimi sözlər) işlədilir ki, bunlar bir tərbiyə vasitəsi kimi televiziya verilişlərinin qarşısında qoyulan tələblər baxımından məqbul sayıla bilməz.
Verilişlərdə təkcə sözlərin deyil, cümlələrin də qüsurlu deyilişi tez-tez nəzərə çarpır. Məsələn, “Türk xalqları həmişə əxlaqlı olublar. Ona müvəffəqiyyət uğurları arzulayırıq; Müşavirədə xeyli qonaqlar çıxış etdilər; Malbu birbaşa olmasa da, bilavasitə ölümə səbəb ola bilər; 28 adda əsərlər yazıb; Araşdırmalar araşdırılır; Təcili atəşin dayandırılması tələb olundu (ATV). Bütün Azərbaycan xalqını təbrik edirəm; Hadisə yerinə çıxılmış; Yanğını söndürmək üçün yanğınsöndürən çağırdılar. Xilasetməyə gələn xilasedicilər xeyli çalışdılar. Havanın istiliyi 18 dərəcə təşkil edəcək; Çalışın ki, salamat qalın ki, yenə də görüşə bilək (ANS); Əsas budur ki, salamat qalin (ANS). Axirinci cümlədə ifadə olunan, məntiqsiz və mənasız “canıyananlığ”ı telekanallarda tez-tez eşitmək olur. Cümlə qurmaq mədəni nitqə yiyələnməyin başlıca şərtlərindən biri olduğu üçün mətbuat dilində bu sahəyə də ciddi nəzarət edilməlidir.
İctimai ünsiyyətdə, eləcə də radio və televiziya verilişlərində daha çox nəzərə çarpan qüsurlardan biri ehtiyac olmadan alınma söz və ifadələrin işlədilməsidir.
Yetmiş il rus dilinin dominantlığı şəraitində həmin dilin söz və terminlərini ehtiyac oldu-olmadı işlətmişik, onların bir çoxundan bu gün də istifadə edirik. Məsələn, xolodelnik, lüstr, sideniya, plesos, zajiqalka, dakument və s. Bunların hamısının dilimizdə qarşılığı var. Nə üçün bu kimi sözlərin dilimizdə çox uyarlı qarşılığıını (məs.: bərni (banka), rəf (polka), yapışqan (kley), alışqan (zajiqalka) və s. işlətmirik. Axı, bu sözlər dilimizə daha çox yatımlıdır. Ərəb mənşəli təhdid, mücahidə sözlərinə mətbuatda tez-tez təsadüf olunur. Axı, təhdid sözünün əvəzinə dilimizdə qorxutma, hədələmə sözləri vardır, hamı tərəfindən asan tələffüz olunur, anlaşılır. Eləcə də mücahidə sözünün ifadə etdiyi mənaya uyğun çalışma, çarpışma, səy etmə sözlərini işlətmişik.
Son zamanlar Türkiyə türkcəsinə məxsus sözlərin dilimizdə işlənməsi tez-tez özünü göstərir. Məs.: proje, yazışmalar, çalışdırıcı, kültür, cözmək, yapmaq, düzəllənən (tədbir), qurtulmaq, rahatsız, əngəlləmək, əndişələnmək, qapılamaq, basqılar (edilir) (ANS), təlaşlandırmaq, sonucda, qatılmaq, önləmək, mutlu, yaşam, suçlamaq, piyadaçı, sənətçi, xoşbəxtçilik, bəstəçi, yolucu, ilgin (məlumat) və s. Televiziya verilişində dərmanları reklam edən həkim deyirdi: Siz bunları qəbul etsəniz, mədə-bağırsağınız yaxşı çalışar. Yaxud beynəlxalq məsələlərdən danışan icmalçı – “Bu açıq-açığına provokasıya yapmaqdır”, = deyə müsahibinə cavab verirdi.
Türkiyədən gələn qonaqlarla aparıcılar bəzən türk ləhcəsi ilə danışırlar, müsahibə götürürlər. Halbuki onlar dilimizi bilir, fikrimizi anlayırlar. Bunun əksi Türkiyədə olmur. Dövlət müstəqüilliyimizin 20 illiyi münasibətilə Türkiyəyə ezam olunan bizim nümayəndə böyük bir məclisdə türk ləhcəsində danışırdı. Qüsurla danışan natiq özü də fikrini çatdırmaqda əziyyət çəkirdi. Dinləyicilər də bu səbəbə görə narahat idilər. Axı onlar azərbaycanlıları, dilimizi sevir, asanlıqla anlayırlar. Belə bir hal adamda təəssüf doğurur. Ona görə ki, lap yaxın keçmişdə respublikamızda keçirilən ən mötəbər tədbirlərdə, demək olar ki, həmişə rus dilində danışmışdıq. İndi də başqa dillərə üstünlük veririk. Belə çıxır ki, dilimiz yenə də necə deyərlər, qapı dalında qala, ona ehtiyac olmaya bilər.
Əsrlərdən, nəsillərdən bizə gəlib çıxmış dilimizi, kəlmələrimizi qoruyub saxlamalı, unudulmasına, itməsinə yol verməməliyik. Alınma sözlərin ekranlara, qəzet-jurnal səhifələrinə çıxmasına hədsiz tələbkarlıqla yanaşılmalı, bunun üçün xüsusi prinsiplər gözlənilməlidir.
XI əsrdən fransız dilində işlədilən nöqtəli vergül işarəsinin unudulması, az istifadə olunması ictimaiyyəti narahat edirdi. Fransızlar hesab edirlər ki, bu işarəsiz Onore de Balzak, Viktor Hüqo, Marsel Prustanın əsərlərini təsəvvür etmək praktik olaraq qeyri-mümkündür. Nöqtəli-vergüli yaşatmaq, yenidən yazıya qaytarmaq məqsədilə hətta Yelisey sarayında xüsusi komissiya yaradılmışdı. Bəs bizdə necə? Böyük bir gurultu ilə apostrofu ləğv etdik. Nə qazandıq? Ərəb dilindən dilimizə keçib tarixən işlənmiş, vətəndaşlıq hüququ qazanmış sözlərin qüsurlu tələffüzünü. İndiki məktəbli, tələbə sözləri cürət, məna, məsul, ənənə, memar, süni, təsir, mədə, mədən, heyyət və s. şəklində oxuyur, tələffüz edir, ahəng, səslənmə pozulur, məna dolaşıqlığı yaranır.
Bəli, dil daima qayğı tələb edir. Televiziya verilişlərində bəzən yarı rus, yarı azərbaycanca danışanlara da rast gəlirik. Bu, dilimizə hörmətsizlikdir, Azərbaycan dilini bilməyənlər bu dildə gedən verilişlərə buraxılmamalıdır. Şübhəsiz ki, biz qardaş Türkiyə xalqının dilinə məxsus sözlərin dilimizdə işlənməsinin əleyhinə deyilik Bu dillər qarşılıqlı əlaqədə fəaliyyət göstərməli, bir-birinə söz verib söz almalı, zənginləşməlidir. Bu proses hal-hazırda gedir, qarşılıqlı əlaqə nəticəsində Türkiyə türkcəsindən dilimizə keçən öncə, özəl, özəlləşdirmə, cağdaş, yüzillik, önəm, anlam və s. kimi sözlər hamı tərəfindən başa düşülür, işlədilir. Alınma o zaman dil üçün məqbul sayıla bilər ki, onun mənası əhalinin böyük hissəsi tərəfindən başa düşülsün. Ən başlıcası isə həmin sözün, terminin dildə qarşılığı olmasın, dilin müəyyən bir anlayışı, məfhumu ifadə etmək üçün sözə ehtiyacı olsun: “Yapmaq” sözünün qarşılığı olaraq xeyli fel işlədə bilərik. Rahatsız əvəzinə narahat demək daha asandır, çünki r ilə sözlər alınmadır, onlar bir qədər çətin deyilir. Piyada əvəzinə piyadaçı işlətməyə də ehtiyac yoxdur. Piyada sözü bir heca azdır, asan tələffüz olunur. Proje, mesaj, mentalitet əvəzinə layihə, sifariş, ruh işlədilsə daha asan deyilər və anlaşılar. “Daxilimdən, ürəyimdən, qəlbimdən əvəzinə içimdən işlətmək də bir qədər qeyri-etik səslənir. ATV-nin “10-un yarısı” verilişində aparıcı qışqıraraq “işimdən haykırmaq gəlir, içim partylayır, “Düşüncə gəldi mənim içimə” deyə haray çəkirdi. V.Q.Belinski yazırdı ki, qüvvədə olan iki sözdən (əcnəbi və ana dilinə məxsus sözlərdən) biri kimi əcnəbi sözü işlətmək sağlam ağlı, sağlam zövqü təhqir etmək deməkdir. Bu həm də dili, nitqi zibilləmək kimi başa düşülməlidir. Televiziya və radio verilişlərində ədəbi dilimizin müəyyən edilmiş vahid normalarına (leksik, qrammatik, üslub, orfoqrafik, orfoepik normalarına) riayət olunmalı, dil sözün əsl mənasında geniş ictiman əlaqələr vasitəsinə çevrilməli, fikir dinləyiciyə tez və asan çatdırılmalıdır.
Digər informasiya vasitələri –qəzet və jurnalların da dilində qüsurlar müşahidə olunur, orfoqrafik, durğu işarələri, üslub səhvlərinə yol verilir. Xüsusi isimlər bəzən kiçik hərflə yazılır, hecakeçirmədə səhvlərə yol verilir, uzlaşma pozulur, uzun və dolaşıq cümlələr işlədilir, fikir təhrif olunur və s. Xüsusi adların yazılmasından söhbət gedərkən onu da qeyd edək ki, hal-hazırda bu sözlərin (dünya mədəniyyəti, ədəbiyyatı, elm və incəsənət xadimlərinin adları, coğrafi yer adları və s.) düzgün yazılışına, orfoqrafiyasına aid xüsusi bir vəsait yoxdur. Əvvəlki illərdə belə sözlərə orfoqrafiya lüğətinin sonunda müəyyən qədər yer verilirdi. 2004-cü ildə nəşr olunan son orfoqrafiya lüğətində bu hissə çıxarılmışdır. Belə bir sorğu vəsaitinin, lüğətin olmaması üzündən xüsusi adları hərə öz bildiyi kimi yazıb bəzən qüsura yol verir ki, bu hal mətbuatda da özünü göstərir. Əslində xalqla, kütlə ilə daima təmasda olan bu mətbuat növlərinin dili düzgün olmalı, bir dənə də olsun qüsura yol verilməməlidir. Sovet dönümündə nəşr olunan “Kommunist” qəzeti sözlərin düzgün yazılışını müəyyənləşdirməkdə orfoqrafik lüğət kimi mənbə hesab olunurdu.
İnternet səhifələrində, saytlarda vəziyyət daha dözülməzdir. Oradakı materiallarda dil baxımdan nöqsanlara, səhvlərə yol verilir. Kim necə istəyirsə, elə də yazıb, sayta yerləşdirilir. Onların çoxu fikirlər arasında nəntiqi bağlılıq olmadığı, cümlələr düzgün qurulmadığından çətin qavranılır. Belə yazılar çox halda oxunmur. İnternetə çıxışı təmin edən qurumlar, pravayderlər saytlarda yazılanların ədəbi dil baxımından düzgünlüyünə ciddi nəzarət etməlidirlər.
Biz, bu dilin daşıyıcıları hamılıqla dilimizə qayğı göstərməli, onu yad təsirlərdən qorumalı, inkişaf etdirib yaşatmalıyıq.

prof.Nadir Abdullayev

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO