Dindən yazan jurnalistlər Yen il bayramının əleyhinədirlər?

Yeni il bayramı dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var.
Ölkəmizdə də 2006-cı ildən başlayaraq yanvarın 1 və 2-si rəsmi bayram günləri hesab edilir və iş günü olmayan istirahət günləri sayılır. Amma Azərbaycanda Yeni il bayramına birmənalı münasibət yoxdur.

“Azərbaycanda Yeni il bayram kimi qeyd olunmalıdırmı” sualını dindən yazan jurnalistlər belə cavablandırıblar.

Yeni Müsavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğlu: “İsa peyğəmbərin anadan olduğu gün bir rəvayətə əsasən, dekabrın 26-na, digər bir məlumata görə isə yanvarın 5-6-na təsaduf edir. O da bayram hesab olunur. Amma İslam dinində həmin günlər bayram statusunda deyillər. İslam dininə görə bir neçə əsas bayram var, məsələn, Qurban, Ramazan. Məhəmməd peyğəmbərin mövlüd günü. Bunların hamısı Hicri-qəməri təqvimi ilə qeyd olunan bayramlardı. Yeni il bayramı Azərbaycanda yeni təqvim ilinin başlanğıcı kimi qeyd olunur. Musəlman ölkələrinin çoxunda bu bayram qeyd olunmur. Musəlmanlarda bayram başqa anlayışdı. Musəlmanların qeyd elədikləri bayramların özünəməxsus qaydaları, şərtləri var. O şərtlərin heç birisi Yeni il bayramında icra olunmur. Buna yalnız biz qoşulmuşuq.
İslam dinində belə bir qayda var ki, adətləri qəbul eləyin, amma şəriətlə ziddiyyət təşkil edən adətləri yox”.

“Mədəni niyyət” qəzetinin baş redaktoru Orxan Əli: “Əslində Yeni il bayramının çox qədim tarixi var. Yeni il bayramı İsa peyğəmbərin doğum günü ilə əlaqədar keçirilir, bu adətən dekabr ayının 25-26-a təsadüf edir. O demək deyil ki, İsa yalnız xristianların peyğəmbəridir, Qurani-kərimdə buyurulur ki, bütün peyğəmbərlər Allah tərəfindən göndərilib. Yeni il bayramının İsa peyğəmbərin doğum günündən 5 gün sonra keçirilməsi tarixdə yeni təqvimin başlanması ilə əlaqədardır. Təqvim prosesləri baş verən zaman təqvim dəyişikliklərinə uyğun olaraq dekabrın 31-dən yanvarın 1-ə keçən gecə İsa peğəmbərin doğum günü və Yeni il bayramı kimi qeyd olunur. Miladi təqvim həzrəti İsanın doğum günündən hesablanır. Yeni il bayramını Azərbaycanda qeyd etməklə həmçinin, İsa peyğəmbərin doğum gününü qeyd edirik”.

Tanınmış jurnalist Qurban Yaquboğlu: “Yeni il musəlmanların bayramı deyil, xristian mədəniyyətinə bağlı bir bayramdı, bu da həmin ölkələrin qayda-qanunlarına adət-ənənələrinə uyğun qeyd olunur. Əslində Yeni il dunyanın bir çox ölkələrində keçirilir. Özünü düyəvi ölkə elan edən, Qərbə inteqrasiya yolu tutan dövlətlərdə, xalqlarda bu bir bayram kimi qeyd olunur. Azərbaycan elə bir ölkədir ki, burada ən müxtəlif mədəniyyətlərin, müxtəlif xalqlara məxsus adət-ənənələrin izləri qalır. Bu bir reallıqdır, ola bilsin bu reallıqları gələcəkdə dəyişdirmək istiqamətində müəyyən addımlar da atılacaq, indi isə Azərbaycanda bir neçə, hətta bəzi hallarda bir-birinə əks olan və yaxud bir-birinə zidd görünə biləcək ənənə və bayramlar da keçirilir. Azərbaycanda sırf müsəlman bayramları qeyd olunur. Bunlar Orucluq və Qurban bayramları, eləcə də bəzi digər mərasimlərdir. Xüsusən Novruz bayramı ölkəmizdə çox geniş şəkildə qeyd olunur, onun tarixi zərdüştlük dövrünə təsadüf edir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO