Dindarlar “ANS”-in aparıcısından şikayət etdilər

“Günəbaxan” verilişinin aparıcısı Turan İbrahimov dinə hörmətsizlik edir”

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvləri televiziya kanallarında nümayiş etdirilən bəzi verilişlərdə dini-mənəvi dəyərlərin aşağılanmasından narahatdır. Dindarlar bəzi verilişlərdə müsəlmanların heysiyyatına toxunan hərəkətlərə və söz-söhbətlərə son qoyulmasını tələb edir. Lent.az-ın məlumatına görə, Məhərrəmlik ayının başlanması ilə əlaqədar keçirilən tədbirdə Qazılar Şurasının üzvləri Qafqaz Müsəlmanları İdarəsindən və Dini İşlərlə Dövlət Komitəsindən bu məsələyə münasibət bildirməyi xahiş ediblər.

Onlar bildiriblər ki, ANS televiziyasında yayımlanan “Günəbaxan” verilişinin aparıcısı Turan İbrahimovun musiqi sədaları altında oynaya-oynaya Peyğəmbərdən, namazdan danışması dinə hörmətsizlikdir. Bundan başqa, televiziyalarda dini mövzularda gedən verilişlərə səriştəsiz adamlar dəvət olunması, həmin adamların Qurandan ayələr, hökmlər verməsi, Aşura günündə konsertlərin verilməsi də Qazılar Şurasının üzvləri tərəfindən narazılıqla qarşılanır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə isə məsələyə münasibət bildirərkən deyib ki, belə məqamlarda Dini qurumlarla İş üzrə Dövlət Komitəsi öz sözünü deməlidir. O, komitə sədri Hidayət Orucovun da tədbirdə iştirak etdiyini xatırlatmaqla bu məsələnin nəzərə alınacağına ümidvar olduğunu deyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO