“Diffamasiya haqqında ” qanun olsunmu?

“Yeni Nəsil” Jurnalistlər Birliyinin təklifi ilə hazırlanan “Diffamasiya haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub. Birliyin sədri Arif Əliyev bu qanun layihəsinin tezliklə deputatların müzakirəsinə çıxarılacağına ümidlidir.
Bəs cəmiyyət bu qanun layihəsinin qəbuluna, Cinayət Məcəlləsindən böhtan və təhqirlə bağlı maddələrin götürülməsinə hazırdırmı?
“Media forum”a danışan “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski hesab edir ki, cəmiyyətdə söz azadlığı olmalı və bunun üçün də diffamasiyaya görə həbsə gətirən maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır. Bununla belə, baş redaktor cəmiyyətin bu maddələrin götürülməsinə hazır olub-olmadığını deməyə çətinlik çəkir: “Bilmirəm”.
R.Talışinski istisna eləmir ki, bu qanunun qəbulu xoşagəlməz hallar ehtimalını çoxalda bilər: “Amma mən iqtidar nümayəndələrinin yerinə olsaydım, cəmiyyətin fikrini bilmək üçün bu yöndə sorğu aparardım”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun sözlərinə görə, bu gün cəmiyyətlə kütləvi informasiya vasitələri arasındakı münasibətləri tənzimləyən xeyli qanunlar var. Elə bu səbəbdən də baş redaktor “Diffamasiya haqqında” qanunun qəbuluna ehtiyac görmür.
H.Babaoğlu hesab edir ki, cəmiyyətlə kütləvi informasiya vasitələri arasında münasibətlər qarşılıqlı etimad şəklində tənzimlənməlidir və bunun üçün xeyli hüquqi əsas var.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Diffamasiya haqqında” qanunun qəbulu ilə bağlı müxtəlif fikirlərin olduğunu vurğulayır: “Xüsusən də “reket qəzet” kimi təsnifatlanmış dırnaqarası qəzetlərin fəaliyyətinə görə bu qanunun qəbul olunmasını vacib saymırlar. Amma mənim fikrimcə, zaman yetişib, hələ bir müddət əvvəldən bu qanunu qəbul eləmək lazım idi. Təcrübə də göstərir ki, beynəlxalq təşkilatların təklif etdiyi qanunların qəbulu, həmçinin bir çox qanunlara edilmiş dəyişikliklər bir problem doğurmur. Ona görə də hesab edirəm ki, “Diffamasiya haqqında” qanunun qəbulunda heç bir problem olmamalıdır. Mənim fikrimcə, Cinayət Məcəlləsində böhtan və təhqirlə bağlı maddələrdə azadlıqdan məhrumetmə yox, yüksək cərimələr nəzərdə tutmalıdır. Bununla bağlı müzakirələr aparıla bilər. Fikrimcə, zamanı yetişib və Milli Məclis bu qanun layihəsini qəbul eləməlidir”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO