Ədəbiyyat İnstitutunun direktoru vəfat edib

Ədəbiyyat İnstitutunun direktoru vəfat edibAMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müşaviri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Bəkir Nəbiyev bu gün ömrünün 82-ci ilində dünyasını dəyişib.

Bəkir Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində anadan olub. 1947-ci ildə Ağdaşda 1 saylı orta məktəbi bitirib. Əmək fəaliyyətinə müharibə illərində başlayan B.Nəbiyev 1945-1947-ci illərdə Ağdaş radio şəbəkəsinin diktoru, 1947-1949-cu illərdə Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik edib.

1949-1954-cü illərdə ADU-nun filologiya fakültəsində təhsil alıb, eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olub.

Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən “Dama-dama göl olar” rəyi ilə başlayıb. Universiteti bitirdikdən sonra “Azərbaycan gəncləri”, “İnşaatçı” qəzetlərində məsul katib müavini, “Kommunist” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri vəzifələrində işləyib. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi, Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru, Azərbaycan Ədəbiyyat Fondunun sədri işləyib.

ADU-nun aspiranturasına daxil olub, 1960-cı ildə “F.Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafıə edib.

2003-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, “Çoxmillətli sovet ədəbiyyatı tarixi”nin, ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi”nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin baş redaktoru, 30 cildlik “Türk dünyası ədəbiyyatı” ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisi idi.

1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin , 1960-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

Ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2010), SSRİ – nin “Xalqlar dostluğu” (1986) və Azərbaycanın “Şöhrət” (2000) ordenləri ilə təltif edilib. Müxtəlif illərdə “Hacı Zeynalabdin Tağıyev”, “Məmməd Araz” mükafatlarına, “Ustad” Ali mükafatına, Beynəlxalq TİKA mükafatına layiq görülüb. Azərbaycan Dövlət Mükafatı laureatı, “Qızıl qələm” mükafatı laureatıdır.

Qeyd edək ki, mərhumla vida mərasimi sabah AMEA-nın binasında olacaq. Görkəmli alim II Fəxri Xiyabanda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO